525.Az

Davudoğludan istefa açıqlaması


 

Davudoğludan istefa açıqlaması<b style="color:red"></b> Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu partiyanın mayın 22-nə təyin olunan fövqəladə qurultayında bu vəzifəyə namizədliyini irəli sürməyəcəyini bəyan edib.
 
APA-nın xəbərinə görə, Ə. Davudoğlu bunu keçirdiyi mətbuat konfransında bildirib. O, əvvəlcə baş nazir vəzifəsində çalışdığı 20 aylıq dövrlə bağlı hesabat xarakterli çıxış edib, daha sonra isə partiyanın yeni bir mərhələ ərəfəsində olduğunu söyləyərək fövqəladə qurultay qərarını diqqətə çatdırıb. 
 
Ə. Davudoğlu partiya lideri və baş nazir vəzifəsindən getməsinin səbəbini belə izah edib: “Xalq sual verə bilər ki, son parlament seçkilərində uduzan müxalifət partiyalarının liderləri öz vəzifələrində qaldığı halda, 49,5 faiz və 24 milyon insanın səsini almış bir siyasətçi niyə vəzifədən gedir? Haqlı sualdır. Bizim dönəmimiz uğur dönəmidir. Bir uğursuzluq və ya peşmanlıq söhbət mövzusu deyil. Bəs niyə bu qərarı qəbul etdim? Həyat insana çox şey öyrədir. Mənim öz prinsiplərim var. Doktorluq müdafiə edərkən professor olmağı hədəflədim, amma vaxtı çatmadan bunu istəmədim. Tutduğum vəzifələrin heç birini özüm tələb etmədim. Heç bir vəzifə üçün lobbi çalışması aparmadım. Konsensus olmayan yerdə partiyanın başqanı vəzifəsinə yenidən namizəd olmaq istəmirəm. Mən yola birlikdə çıxdığım dostlarımın mənimlə bərabər olmalarını, mənimlə bərabər olmağı istəmədikləri zaman isə bunu mənə söyləmələrini həmişə üstün tutmuşam”.
 
Ə. Davudoğlu yerli təşkilatların rəhbərlərini təyin etmək və onları vəzifədən çıxarmaq səlahiyyətinin əlindən alınması barədə partiya rəhbər orqanının 29 aprel tarixli qərarına xüsusi toxunub: “Partiyanın rəhbər orqanının son toplantısında baş verənlər çox önəmlidir. Əslində həmin təklif üçün ilk imzanı mən atdım. Ancaq bu məsələdə istifadə edilən metodun dostyana olmadığını gördüm. Apardığım məsləhətləşmələr nəticəsində dostları dəyişməkdənsə, başqanın dəyişməsinin daha doğru olacağını düşündüm. Namizədliyimi verməyəcəyəm”.
 
Ə. Davudoğlu AKP-də millət vəkili kimi fəaliyyətini davam etdirəcəyini və prezident Ərdoğana qarşı çıxış etməsinin mümkün olmadığını, onunla hər zaman dost qalacağını vurğulayıb. O, partiyada birlik və bərabərliyi qorumağa çağırıb.
 
Beləliklə, Ə. Davudoğlunun AKP sədrliyi və baş nazir vəzifəsindən istefası dəqiqləşmiş olub. 
 





05.05.2016    çap et  çap et