525.Az

“Discovery Azerbaijan”ın may sayı Şuşaya həsr edilib


 

“Discovery Azerbaijan”ın may sayı Şuşaya həsr edilib<b style="color:red"></b>

“Discovery Azerbaijan” jurnalı may nömrəsini “Qafqazın Konservatoriyası”na – Şuşaya həsr edib.

525.az-ın məlumatına görə, jurnalda Şuşanın ecazkar turizm obyektlərini tanıdıb, bir zamanlar Cıdır düzündə keçirilən festivalların xatirəsinə qonaq edib.

May buraxılışında oxucular milli kinomuzun sevgili məhbubu Şuşanı Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən “Üzeyir ömrü” filmindən tanıyacaq, dahi bəstəkarın ilham qaynağı olan məkanlara səyahət edəcəklər. Eləcə də “Fortepiano şairi”, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin Şuşalı günlərindən, Bədəlbəylilər nəslindən, Polad Bülbüloğlu ilə dostluğundan, Niyazi ilə xatirələrindən söz açdığı dəyərli müsahibədən zövq alacaqlar. 

“Ögey ana”nın İsmayılı kimi və son filmi, son “Fəryad”ı ilə milli kino tariximizdə yaddaşlarda qalan aktyor Ceyhun Mirzəyevin həyat və yaradıcılığı da jurnalın bu nömrəsində yer alan mövzulardandır.

Bundan əlavə, may buraxılışında milli valyutamızın Cümhuriyyət dövründən başlayan tarixini Azərbaycanın ilk numizmat alimi Əli Rəcəbli ilə araşdıracaqsınız. Bakının “müqəddəs” arxitektura nümunələrinin hekayələrini onların öz müəllifinin dilindən eşidəcəksiniz. Oxucuların Şimal qütbünə velosipedi ilə gedib çıxan səyyahımızı, həmçinin NASA-da elmi tədqiqatla məşğul olan ilk və yeganə azərbaycanlı gənc Teymur Sadıqovu yaxından tanımaq imkanları da olacaq.

1500 yaşlı türk mumiya qadın, xakasların Ayran bayramı, keçənin maraqlı tarixçəsi və Piri Rəis – Kolumb “yarışının” pərdəarxası faktları jurnalın Türk dünyası ilə bağlı maraqlı araşdırmalarındandır.

Jurnalın səhifələrində dünyanın dörd bir yanında keçirilən may festivallarını, bayramlarını, ən son turizm xəbərlərini oxuyacaq, tarixin ən ağır və təsirli filmlərindən olan “Şindlerin siyahısı”nın çəkildiyi yerlərə səyahət edəcək, Polşanın turizm imkanları və mətbəxi ilə tanış olacaqsınız. “Discovery Azerbaijan” jurnalı həftəsonlarında əyləncə axtaran oxucuları da unutmayıb. Bu dəfə hobbi olaraq tora balıqçılıq düşüb. 

Millət vəkili Cavanşir Feyziyevin baş redaktorluğu ilə dərc olunan “Discovery  Azerbaijan” jurnalını abunə yazılaraq və ya şəhərin köşklərindən əldə edə bilərsiniz.

 





06.05.2016    çap et  çap et