525.Az

Ermənistan özünü tələyə saldı


 

AĞLINI İTİRMİŞ ERMƏNİ DEPUTAT KEÇƏN DƏFƏ AZƏRBAYCANI "ATOM BOMBASI", BU DƏFƏ QONDARMA REJİMİ TANIMAQLA HƏDƏLƏYİR

Ermənistan özünü tələyə saldı<b style="color:red"></b>

Artıq ikinci aydır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət gərginliyi ilə seçilir.

Birmənalı olaraq, problemin həlli ilə bağlı danışıqlar prosesi arxa plana keçib və özünü hərbi qarşıdurmalarla əvəz edib. Ermənistan qoşunların təmas xəttində təxribatlar törədərək vəziyyəti gərginləşdirir, guya atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu iddia edir və ölkəmizi qondarma rejimin "müstəqilliyini" tanıyacağı ilə hədələyir. Əslində isə Ermənistan separatçı qurumu tanımaqla özünü pis vəziyyətə salacaq. Çünki bu addımla işğalçı ölkə danışıqlar prosesini dayandırmış olur və bundan sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinə heç bir ehtiyac qalmır, problem hərbi müstəviyə keçir. Belə olan təqdirdə, nə baş verəcəyini 4 günlük aprel döyüşlərinə nəzər yetirməklə bir daha qətiləşdirmək mümkündür: Regionda müharibə vəziyyəti yaratmaq istəyən Ermənistan sonda məğlub tərəf olacaq.

Ermənistan hökuməti mayın 5-də keçirdiyi iclasda Dağlıq Qarabağdakı separatçı  rejimin "müstəqilliyi"nin tanınması barədə qanun layihəsini təsdiqləməklə hamının, hətta özlərinin bildiyi həqiqəti inkar etmək, bu gerçəkliyi danmaq, erməni xalqını uydurduqları miflərlə, guya Ermənistanın cəbhədə vəziyyətə nəzər etməsi kimi yalanlarla aldatmağa davam edir.

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması ilə bağlı qanun layihəsi mayın 10-da Ermənistan parlamentinin növbədənkənar iclasında müzakirə olunacaq.

"Milli.az"ın məlumatına görə, Ermənistanın tanınmış siyasətçilərindən biri Suren Zolyan bildirib ki, sanki Ermənistan hakimiyyətində hamı eyforiyaya qapılıb, bundan sonra hər şeyin yaxşı olacağını düşünürlər: "Mənsə belə hesab etmirəm. Əksinə, onlar hər şeyi daha da pisləşdiriblər. Özümüzü tələyə saldıq".

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış gərginlikdən öz məqsədləri üçün istifadə etməkdə olan prezident Serj Sarkisyan faktiki olaraq hakimiyyətini möhkəmlətməklə məşğuldur. Onun "hakimiyyətlə müxalifət Dağlıq Qarabağ məsələsi ətrafında birləşməlidir" çağırışını ikiüzlülük və hiyləgərlik hesab edən S.Zolyanın fikrincə, belə birləşmə yalnız nəzəri cəhətdən mümkündür: "Hakimiyyətdə hələ də Dağlıq Qarabağla bağlı dəqiq formalaşmış yanaşma yoxdur. Olan yalnız boşboğazlıq, gəvəzəlikdir. Ölkə parlamenti Dağlıq Qarabağın rəsmən tanınmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsinə hazırlaşır, ölkədə iqtidarda olan Ermənistan Respublika Partiyası isə bu barədə heç bir rəsmi açıqlama ilə çıxış etməyib. Mənə belə gəlir ki, Serj Sarkisyan məsuliyyətdən yaxa qurtarmağa çalışır".

O bildirib ki, Ermənistan iqtidarı yenə bütün problemləri xalqın hesabına həll etməyə çalışır: "Dağlıq Qarabağdakı "dördgünlük müharibə" zamanı çox ciddi əhəmiyyətə malik mövqeləri itirdik. Hakimiyyət bunu etiraf etmir. Xarici siyasətdə isə itkilərin kompensasiyası ilə bağlı heç bir addım atmır. Bizdən fərqli olaraq Azərbaycan bundan sonrakı gərginliyə olduqca yaxşı hazırlaşıb və onlar mövqelərini səbatlı şəkildə əsaslandırırlar. İstənilən formada beynəlxalq təzyiq olarsa, Bakı haqlı olduğunu sənədlərlə sübut edəcək. Bu isə Ermənistan üçün təhlükəni daha da artırır".

Rəsmi Moskva da Ermənistanın bu qərarına qarşıdır. Kreml Qarabağ münaqişəsinin tərəflərini kövrək barışığı poza biləcək addımlardan çəkinməyə çağırır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva münaqişə tərəflərinin "ağıllı" davranışlarına ümid edir.

Dağlıq Qarabağ separatçı rejiminin "müstəqilliyi"nin tanınması haqqında qanun layihəsinin Moskva və Ermənistan arasında müzakirə olunmadığını deyən Peskov əlavə edib ki, Kremldə bu kontekstdə qəbul olunan qərarlar çox diqqətlə müşahidə edilir.

Məsələ ilə bağlı fikirlərini bildirən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistanın qondarma rejimin "müstəqilliyini" tanıması onların birmənalı olaraq danışıqlar prosesini dayandırması deməkdir. Onun sözlərinə görə, bu addım regionda böyük müharibənin başlamasına yol açacaq: "İnanmıram ki, Ermənistan bu addımı atar. Sanki Ermənistan bütün beynəlxalq dairələrin münaqişə ilə bağlı mövqelərini heçə sayaraq, öz bildiyi kimi qərar qəbul etmək istəyir. Bu, dünya ictimai rəyinə meydan oxumaqdır. Həmçinin, bu, Azərbaycana qarşı növbəti təcavüzkar addımdır. Bundan sonra rəsmi Bakının yeganə yolu beynəlxalq təşkilatlara müraciət edərək beynəlxalq ictimai rəyi Ermənistanın əleyhinə çevirə, onları təcavüzkarlıqda qınaya, onun bu cür tanınmasına nail ola bilər".

Milli Məclisin deputatı Sahib Alıyev isə qeyd edib ki, Ermənistanda Dağlıq Qarabağın müstəqilliyinin yenidən gündəmə gətirilməsi orada bəzilərinin "bizdə atom bombası var" demələri kimi bir şeydir: "Yəni, bu təklifin arxasında ciddi heç nə yoxdur və ola da bilməz. Birincisi, ermənilər yaxşı bilirlər ki, əgər buna getsələr, həmin xəbər Xankəndiyə çatmamış Azərbaycan ordusu orada olacaq. İkincisi, əvvəlcə Ermənistanın özünün müstəqilliyi tanınmalıdır ki, o da qalxıb hansısa bir qondarma rejimin müstəqilliyini tanısın. Bəyəm forpost özü müstəqildir? Əgər müstəqildirsə, niyə oradakılar ötən ay ərzində az qala hər gün Rusiyanın İrəvandakı səfirliyi qarşısına toplaşaraq azadlıq və müstəqillik tələb edirdilər?".

S.Alıyev bildirib ki, ABŞ dövlət katibiylə Rusiya xarici işlər naziri arasında son 10 gündə aparılan 3 telefon danışığının üçündə də Dağlıq Qarabağ məsələsinin qaldırılması ondan xəbər verir ki, həmsədrlər tezliklə ortaq təkliflə çıxış etməyi planlaşdırırlar: "Bəzi dəqiqləşdirmələr gedir. Ermənistana rəhbərlik etmişlər arasında özünün daha yüksək intellekti və hiyləgərliyilə seçilən Levon Ter-Petrosyanın Dağlıq Qarabağa səfəri də onu göstərir ki, bu təcrübəli erməni siyasətçisi də hansısa dəyişikliklərin gözlənildiyinin fərqindədir. Və o, Xankəndiyə təkcə Serjik minnətçi düşdüyü üçün getməyib, həm də öz oynunu oynayır. Levon Ter-Petrosyanın Xankəndiyə gəlməsi əslində Serj Sarkisyanın onun Dağlıq Qarabağ probleminin həlli haqda dediklərinə gəlməsinin göstəricisidir. Hazırda hakimiyyətdə kimin təmis edilməsindən asılı olmayaraq Ermənistanda dönəm Levon Ter-Petrosyan dönəmidir, yəni forpost güzəştə hamilədir".

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistan parlamentinin Dağlıq Qarabağ separatçı rejiminin tanınması ilə bağlı göstərdiyi "təşəbbüs"ün müəlliflərindən biri eks-baş nazir, hazırkı deputat Qrant Baqratyan keçən həftə də Azərbaycanı "atom bombası" ilə hədələmişdi: "Bu bədbəxt deyəsən erməni konyakının təsiri altında bəzən nə sayıqladığının fərqində olmur. Gah özlərini düşdükləri panik durumdan xilas etmək üçün hansısa mifik "İsgəndər-M" raketləri ilə, gah "çirkli atom bombaları" ilə, indi də Ermənistanın Dağlıq Qarabağın "müstəqilliyi"ni tanıması deyilən reallıqdan uzaq mənasız bir oyunlarla bizi qorxutmaq istəyirlər".

Ekspert vurğulayıb ki, hamımız bir nəfər kimi hər şeyə hazır olmalıyıq: "Bu, bizim missiyamızdır və tarix də bizi bağışlamayacaq ki, əgər biz üzərimizə düşən bu şərəfli vəzifəni sonacan yerinə yetirməsək. Qüdrətli və rəşadətli Silahlı Qüvvələrimiz ətrafında sıx birləşərək Qarabağımızı düşmən caynağından nəhayət ki, xilas etməliyik".

Keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl isə hesab edir ki, çox güman ki, bu dəfə Ermənistan parlamenti qərar layihəsini təsdiq edəcək. Onun sözlərinə görə, belə olan halda Azərbaycanın atacağı addımlar çevik və strateji xarakter daşımalıdır: "Tanınma baş verərsə, Minsk Qrupunun fəaliyyəti, 1994-cü il Atəşkəs Müqaviləsi, indiyədək qəbul olunmuş beynəlxalq razılaşmalar (Madrid prinsipləri və s.)  yumşaq desək əhəmiyyətini itirəcək. Qarabağ məsələsində yeni dönəm də başlaya bilər. Həm diplomatik, həm də əsl savaşa hazır olmaq lazımdır".

Qeyd edək ki, qondarma rejimin tanınması barədə qanun layihəsini Ermənistan parlamentinin deputatları Zarui Postancyan və Qrant Baqratyan irəli sürüb.

Xatırladaq ki, 2013-cü ildə də Ermənistan tərəfindən belə bir təklif irəli sürülsə də, parlamentdəki fraksiyaların əksəriyyəti "Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması haqqında" qanun layihəsi ilə bağlı səsverməni boykot edib. Analoji hadisə 2014-cü ildə də baş verib. Lakin Ermənistan parlamenti Dağlıq Qarabağın "müstəqilliyi"nin tanınması layihəsinin müzakirəyə çıxarılmasını qəbul etməyib.

Ermənistan hökuməti aprelin əvvəlində cəbhə xəttində baş verən döyüşlərdən sonra Dağlıq Qarabağın "müstəqilliyini" tanımasını yenidən gündəmə gətirib.

Ceyhun ABASOV

 





06.05.2016    çap et  çap et