525.Az

Sankt-Peterburqda "Qatil"in premyerası böyük uğurla keçib


 

Sankt-Peterburqda "Qatil"in premyerası böyük uğurla keçib<b style="color:red"></b>

Xalq yazıçısı Elçinin pyesləri Azərbaycanın sərhədlərini aşaraq ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrin teatrlarında uğurla tamaşaya qoyulur və hər dəfə tamaşaçıların dərin rəğbətini qazanır. Bir faktı qeyd etmək kifayətdir ki, son beş ildə Elçinin dörd pyesi London teatrlarında böyük uğurla göstərilib.

AZƏRTAC xəbər verir ki, aprelin 30-da Sankt-Peterburqdakı "ALEKO" teatrında Elçinin məşhur "Qatil" pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub. Gərgin psixoloji konfliktə əsaslanan bu əsər dəfələrlə tamaşaçıların alqışlarını qazanıb.

Tamaşanın quruluşçu rejissoru - uzun illər Finlandiyada yaşayan və orada işləyən həmvətənimiz Kamran Şahmərdandır. Teatr onu məxsusi olaraq bu tamaşa üçün dəvət edib. Rolları aktyorlar Natalya Popova, Valeri Stepanov, Yekaterina Çerednik və başqaları ifa ediblər.

"Qatil" tamaşası Peterburqda ikinci dəfədir ki, nümayiş etdirilir. Üç il bundan əvvəl həmin əsər Peterburqun "Baltiyski dom" teatrında uğurla tamaşaya qoyulub.

NTV kanalının müxbiri Natalya Dubrovskaya yazır: "Psixoloji dram janrı və keçmiş müəllimə ilə onun artıq yaşa dolmuş şagirdi arasında ehtiraslı qarşılıqlı münasibətlərdən bəhs edən detektiv süjet teatr eksperimentlərinin sərraflarının diqqətini cəlb etməlidir. Azərbaycan dramaturqunun "Qatil" pyesi fin teatrının rəhbəri tərəfindən tamaşaya qoyulub, baş rolları isə rusiyalı artistlər ifa ediblər.

"Qatil" - Elçinin teatr rejissorları tərəfindən ən çox sevilən pyeslərindən biridir. Pyes dünyanın bir çox səhnələrində tamaşaya qoyulub. Psixoloji dram janrı və detektiv süjet eksperiment aparmağa imkan verir. Kamran Şahmərdan tamaşaçını faciəli finala doğru apararkən rəqsləri də unutmur, səhnəni assosiativ installyasiyalarla canlandırır.

Rejissor üçün "Qatil" sadəcə bayağı məişət əhvalatı deyil. Rejissor Azərbaycan dramaturqunun məşhur pyesi əsasında hazırlanmış tamaşanı fərqli şəkildə təqdim edir. Onun tamaşası xeyir ilə şərin savaşı barədədir. Tamaşaçı bu əbədi qarşıdurmanı, demək olar ki, bütün tamaşa boyu qapalı məkanda olan, bir-biri ilə münasibətlər quran, lakin həyatı alt-üst edən personajların emosiyaları vasitəsilə hiss etməlidir".

Rejissor Kamran Şahmərdan deyir: "Bu, bizim ehtiyac duyduğumuz pyeslərdən biridir. Mənim üçün bu, çox ibrətamiz əhvalatdır, çünki bəzən yanımızdakı insanları lazımınca qiymətləndirmirik. Bu sözlər hətta mənfi qəhrəmanlara da aiddir. Pyesdə bir mənfi qəhrəman var. Cavan oğlan məktəbi bitirəndən uzun illər keçəndən sonra öz kimya müəlliməsinin evinə qonaq gəlir. Bu görüş artıq gənc olmayan tənha qadınla onun keçmiş şagirdinin məhəbbət macərasının başlanğıcı olur. Sonra isə qalmaqal, savaş, xəyanət.... Bu çılğın obrazı yaratmaq Valeri Stepanova heç də asan başa gəlmir. Xüsusən ona görə ki, bu rol özü bir növ imtahandır. Aktyorun karyerasında birinci baş roldur".

"Baltiyski dom" teatr-festivalın aktyoru Valeri Stepanov: "Hər bir dramaturgiya, xüsusən yaxşı dramaturgiya həmişə başqa birisinin xasiyyətinin mürəkkəbliklərini nəzərdə tutur. İnsan nə qədər dəqiq təsvir edilibsə, aktyorun "özünü kənara qoyub" başqa obraza girməsi bir o qədər çətindir".

Tənqidçilər Elçini xeyirxah təhkiyəçi və sərt realist, onun yaradıcılığını isə müasir ədəbiyyatda hadisə adlandırırlar. "Qatil" pyesinin qadın qəhrəmanı qısa bir zaman kəsiyində bəlkə də bütün həyatı boyu üzləşdiyindən daha artıq emosional gərginlik keçirir. Nəticədə bu hisslər onu cinayətə sürükləyir.

RF-nin Əməkdar artisti Natalya Popova: "Amalları müxtəlif, həyata baxışları müxtəlif olan iki nəsil qarşılaşır. Qadınla kişi arasında sevgiyə həmişə xas olan bu münaqişə çoxsaylı müxtəlif həyati və fəlsəfi baxışlar sayəsində daha da dərinləşir".

Rejissor bu tamaşanı rekord dərəcədə qısa müddətdə - cəmi üç həftə ərzində ərsəyə gətirib. Halbuki, belə iş üçün adətən azı iki ay yarım vaxt sərf olunur. Kamran Şahmərdan müəyyən mənada teatral trilogiyanı tamamlayıb. O, Elçinin iki pyesini Bakıda tamaşaya qoyub. Yeni əsərlə qastrol səfərləri hələlik nəzərdə tutulmur. Lakin əgər belə bir qastrol baş tutsa, yəqin ki, Finlandiyada olacaq. Rejissor hazırda Suomidəki teatrın rəhbəridir.

Xatırladaq ki, keçən il "Nizami" Kino Mərkəzində "Qatil" bədii filminin təqdimatı olub. Həmin filmin rejissoru da Kamran Şahmərdandır.

Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Black and White Studio" (Finlandiya), "Studio 33A" və "VarsStudio" (Gürcüstan) şirkətlərinin iştirakı ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilib.

Filmin nümayişindən əvvəl Azərbaycan Baş nazirinin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev jurnalistlərlə söhbətində qeyd edib ki, o, "Qatil" pyesini 10 il əvvəl yazıb.

Bu əsər əsasında istedadlı rejissor Mehriban Ələkbərzadə tərəfindən hazırlanmış tamaşa ilk dəfə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində göstərilib. Pyes əsasında hazırlanmış tamaşalar Moskva, Sankt-Peterburq, London və İstanbul teatrlarının səhnələrində də təqdim edilib.

 





06.05.2016    çap et  çap et