525.Az

“Dini tolerantlıq, qarşılıqlı ehtiram gündəlik həyat tərzimizdir” (davamı)


 

“Dini tolerantlıq, qarşılıqlı ehtiram gündəlik həyat tərzimizdir” <b style="color:red">(davamı)</b>

HACI MİRƏZİZ SEYİDZADƏ: “TOLERANTLIQ DÖVLƏTÇİLİYİ MÖHKƏMLƏNDİRƏN, XALQIN BİRLİYİNİ VƏ SIRALARININ SARSILMAZLIĞINI TƏMİN EDƏN AMİLLƏRDƏN BİRİDİR”

Dini tolerantlıq baxımından ölkəmizin örnək olduğunu söyləsək, heç də yanılmarıq. Həqiqətən də Azərbaycan bir çox digər sahələrdə olduğu kimi, dini tolerantlıq baxımından da nümunəvi ölkələr sırasındadır. Bunu tez-tez ölkəmizə təşrif buyuran nüfuzlu qonaqlar da təsdiqləyərək, Azərbaycandakı dini tolerantlıq, dinlərarası münasibətlərlə bağlı xoş sözlər söyləyirlər. Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri, qazi, hacı Mirəziz Seyidzadə ilə söhbətimizi də bu mövzuda qurduq.   

– Qafqaz Müsəlmanları İdarəsi ölkədə dini tolerantlıq mühitinin, dinlərarası münasibətlərin, dini dözümlülüyün qorunub-saxlanması, təbliği istiqamətində hansı addımlar atır?

– Bu, bir faktdır ki, hər bir xalqı milli-mənəvi və dini dəyərlər qədər birləşdirən ikinci qüvvə yoxdur. Azərbaycan xalqı sivil, demokratik və dünyəvi dövlət prinsiplərinə sadiq qaldığını bəyan edib. Bununla yanaşı, respublikamızda dinə dövlət qayğısı da qabarıq hiss olunur. Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də islam dinidir. Son illərdə dövlət funksional imkanlarını işə salaraq xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ardıcıl addımlar atır. Xalqın tarixi yaddaşının, dini və milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir.

Qafqaz Müsəlmanları İdarəsi də, başda bütün Qafqazın şeyxi Şeyxülislam Hacı Allahşükür Paşazadə olmaqla, tolerantlıq məsələsini hər zaman ön plana çəkməyə çalışır. O bu sahədə dövlətimizin yürütdüyü siyasətin dini mühitdə düzgün şəkildə həyata keçirilməsi üçün daim üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirir. Təbii ki, bu məsələdə şeyxin təkcə ölkəmizdə deyil, bütün Qafqzda olan böyük nüfuzu mühüm rol oynayır. Deyərdim ki, təkcə Azərbaycanda deyil, Qafqaz regionunda dini tolerantlığın təmin edilməsində Şeyxin böyük xidmətləri var. Şeyxülislam Azərbaycanda və Qafqaza ilk olaraq dini tolerantlığı yayan şəxslərdən biridir.

Sözün əsl mənasında Qafqaz Müsəlmanları İdarəsi İslamın iki qanadı olan şiələrin və sünnilərin, eləcə də digər dinlərin, təriqətlərin daşıyıcıları olan şəxslərin öz dini ocaqlarında azad şəkildə ayinlərini yerinə yetirməsinə tam bərabər şərait yaradılmasına çalışır. Məhz bu sahədə uğurlu siyasətin nəticəsidir ki, bu dinlərin, təriqətlərin daşıyıcıları bir-birinə ehtiramla yanaşırlar. Sevindirici haldır ki, ölkəmizdə sünnilər və şiələr bir məsciddə ibadətlərini həyata keçirirlər. Bir neçə ay öncə məhərrəmlik ayında əhli-sünnə imamları İmam Hüseyn faciəsinə həsr edilmiş tədbirdə iştirak etdilər. Orada mərsiyələr dedilər, moizələr etdilər. Bu, hər il davam edir. Fikrimcə, bütün bunlar Qafqaz Müsəlmanları İdarəsinin şeyx başda olmaqla gördüyü işlərin nəticəsidir.

Deyərdim ki, dini tolerantlıq baxımından Qafqaz Müsəlmanları İdarəsi, onun gördüyü işlər dünya dindarlarına bir örnəkdir. Bunun nəticəsidir ki, xarici ölkələrdən gələn dini nümayəndələr hər zaman Azərbaycanda olan tolerantlığın, Qafqaz Müsəlmanları İdarəsinin bu sahədə gördüyü işlərin dünyaya örnək olduğunu qeyd edirlər. Xarici nümayəndələr müstəqillik dövründən sonra qısa zaman kəsiyində dini tolerantlıq sahəsində dövlətimizin bu qədər uğurulu siyasət apararaq, nailiyyətlər əldə etməsini heyrətlə qarşılayırlar. Çünki elə ölkələr var ki, uzun illər boyu dini tolerantlıq sahəsində uğur qazana bilmirlər.

Hesab edirəm ki, bir çox beynəlxalq dini forumların, tədbirlərin Bakıda keçirilməsi heç də təsadüfi deyil. Bunun səbəbi Azərbaycanda mövcud olan tolerant durumdur. Azərbaycanda bütün dinlərdən olan nümayəndələrin öz dinin ayinlərini sərbəst şəkildə icra etdiyini təkcə mən deyil, Allahşükür Paşazadə və yuxarıda dediyimiz digər şəxslər də qeyd edirlər. Həqiqətən də bu nüfuzlu şəxslər Azərbaycandakı tolerantlıq mühitini nümunəvi tolerantlıq modeli kimi qiymətləndirirlər.

Ramazan ayında iftar süfrəsinə dəfələrlə Şimali Qafqaz müftiləri təşrif buyurublar. Onların bu qədər yol qət edərək ölkəmizə gəlməsi və Şeyxlə birgə oruc açmaları heç də təsadüfi deyil. Onlar sünnidirlər, Şeyx isə şiə. Biz heç vaxt sünni-şiə söhbəti eləməmişik. Həmçinin Moskvadan, Türkiyədən, Gürcüstandan, Avropadan tez-tez dindarlar gəlir. Bütün bunlar ona görədir ki, bu insanlarla işləmək, onları eşitmək, onların dərdlərinə şərik olmaq lazımdır. Necə ki, Şeyx Qroznıda, İnquşetiyada baş verən hadisələrlə bağlı dəfələrlə səfər edərək, onların problemlərinin həllinə yardımçı olmağa çalışıb.

Məhz Şeyxin müxtəlif ölkələrin orden-medallarla mükafatlandırılması bu sahədə gördüyü işlərin nəticəsidir. Bunlar elə-belə olmayıb, Şeyx həmişə onların yanında olaraq, bütün din xadimlərinin xeyir-şərində iştirak edib. Bu addımlar tolerantlığın formalaşdırılmasında müstəsna rola malikdir. Allah-Təala buyurur ki, bütün iman gətirən şəxslər bir-biri ilə qardaşdırlar. Qardaşlar arasında sülh yaratmaq vacibdir. Çətinliklərimiz də olur, hətta müftilər arasında münaqişələr də olur. Şeyx problemi həll etmək üçün ya ora gedir, ya da onları bura çağırıb məsələni həll etməyə çalışır. Biz onların daxili işlərinə qarışmıraıq, necə müftilik edirlər, dini məsələlərini necə həll edirlər, bu işlərə qarışmırıq. Amma onlar hər zaman ağsaqqal kimi Şeyxlə məsləhətləşirlər, bu sahə ilə bağlı bir çox məsələləri ondan soruşurlar. Şeyx heç vaxt məsləhətlərini əskik etmir. Bacardığı qədər dini icmaların hər işlərində yardımçı olur. Ayrı-ayrı dövlətlərdə yaşasaq da, mənəvi bağlılığı qoruyub saxlayır.

– Bəs bölgələrdə bu məsələlər necə tənzim edilir?

– Biz Qafqaz Müsəlmanları İdarəsi olaraq təkcə Bakıda deyil, bütün bögələrdə də dini tolerantlıq mühitinin qorunub-saxlanılmasında maraqlıyıq. Paytaxtda atdığımız addımları orada da həyata keçiririk. Şeyxülislamın təşəbbüsü ilə regionlarımızda bu işlər çoxdandır ki, təşkil edilib. Bəlkədə tolerant sözü hələ meydana çıxmamışdı ki, o, regionlarda dini dözümlülüyü aşılayırdı. Hazırda bölgələrdə bizim təmsilçilərimiz bu məsələləri şeyxin göstərişi əsasındı nizama salırlar. Sevindirici haldır ki, regionlarımızda da dini tolerantlığı təmin edə bilmişik. Və orada da insanlar bir-birinə böyük ehtiram bəsləyir və kimsə digərinin dini ayinini yerinə yetirməsinə maneə olmur, hər kəs bir-birinin dini əqidəsinə hörmətlə yanaşır. Biz dini tolerantlığı İslamın göstərişləri əsasındı tənzim edirik. Bu bir faktdır ki, hər kəsin Allahı birdir. Şükür Allaha ki, bizim bölgələrimizdə də dini tolerantlıqla bağlı heç bir problemimiz yoxdur.

– Qafqaz Müsəlmanları İdarəsi dini konfessiya, təriqət daşıyıcıları ilə əlaqələrin qurulmasında nə kimi işlər görür?

– Qafqaz Müsəlmanları İdarəsinin başqa dini konfessiyalar, təriqət daşıyıcıları ilə münasibətləri yüksək səviyyədədir. Həqiqətən də bizim digər dinlərin, təriqətlərin daşıyıcıları ilə sıx munasibətlərimiz mövcuddur. İstər katolik kilsəsinin, istərsə də digər dinlərin, təriqətlərin nümayəndələri ilə müntəzəm olaraq görüşlər keçirir, onların öz ayinlərini bütün vətəndaşlar kimi bərabər səviyyədə yerinə yetirməsi üçün əlimizdən gələn hər bir işi görürük. Həmçinin bizim toplantılarımızda onlar, onların mərasimlərində isə biz yüksək səviyyədə iştirak edir və əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə üzərimizə düşən bütün işləri icra edirik. Belə tədbirlərdə ölkədə dini mühitlə bağlı fikir mübadiləsi aparılır, onlar da öz fikirlərini bildirir və bu sahədə lazımi addımlar atılır. Məhz belə tədbirlər nəticəsində ölkdəki mövcud dini konfessiya təmsilçiləri arasında sıx əlaqələr, bərabər münasibətlərin qurulması üçün mühüm işlər həyata keçirilir. Digər təriqət daşıyıcıları, təriqət təmsilçiləri də ölkəmizdəki dini mühitdən razılıqlarını ifadə edir, dövlətin bu sahədə həyata keçirdikləri işləri yüksək qiymətləndirirlər. İslam kimi, digər dinlər də Allah-Təala tərəfindən yaradılıb. Müxtəlif mədəniyyətlərin bir arada olmasını uca yaradan özü istəyib. Biz din xadimləri bu həqiqəti çatdırmağa borcluyuq. Bu həqiqətdir ki, dünyanın qarşılaşdığı bütün problemlərin – istər siyasi, sosial, istərsə də başqa problem olsun – başında mənəvi dəyərlərin böhranı dayanır. Unutmaq olmaz ki, ən böyük dəyər insan həyatının xilası, onun salamatlığıdır. Buna nail olmağın yolu isə qarşılıqlı anlaşma və dəyərləndirmədən keçir. Ümumiyyətlə, bütün dinlərin mənsubları bu məsələyə belə yanaşmalıdır. Əgər uca Yaradanımız ayrı-ayrı dinlərin mövcudluğunu məsləhət bilibsə, deməli biz də buna  hörmətlə yanaşmalıyıq. Bu bir faktdır ki, İslamda sülhsevərlik, humanistlik, insansevərlik, haqq-ədalət prinsipləri ön plana çəkilir. Bizim üzərimizə düşən də məhz dinimizin bu tələblərinə əməl etməkdir.

Aqil LƏTİFOV

 





15.02.2013    çap et  çap et