525.Az

Bakı səhnəsində görünən "Ruhlar"


 

Bakı səhnəsində görünən "Ruhlar"<b style="color:red"></b>

Mayın ilk günlərində Lənkəran Dövlət Dram Teatrı düz iki gün ardıcıl olaraq, Bakı tamaşaçılarının qonağı oldu.

Bu kollektiv Eduardo de Filipponun "Ruhlar" və Bəhram Beyzayinin "İlan sultan" tamaşaları ilə öz teatral simasını paytaxt sakinlərinə tanıtdı.

"Ruhlar" tamaşasının adından və müəllifindən xəbər tutan kimi dərhal 2011-ci ildə aktyor və rejissor Nicat Kazımovun Akademik Milli Dram Teatrında quruluş verdiyi "Kabuslar" tamaşası yada düşdü. Həmin tamaşa kifayət qədər uğurlu rejissor işi ilə diqqət mərkəzində olmuşdu. Maraqlı idi: görəsən Bakıya qastrola gəlmiş və artıq adını qeyd etdiyimiz əvvəlki tamaşanı xatırlayan teatrsevərlərin qarşısında məhz bu pyeslə çıxış etmək fikri bu teatra hansı münasibəti qazandıracaqdı?

Mənəviyyat və əxlaq məsələlərinə güzgü tutan tamaşa bütün dövrlərdə dəyərli və aktualdır. Bu əsər öz tamaşaçısına çirkaba bulaşmış cəmiyyətin əhatəsində yaşamağa məhkum olaraq, öz daxili aləmini qoruyub saxlamaq və ya bu bataqlıq içində "yox olub" getmək seçiminin nə qədər mühüm olduğunu aşılayır. Bu məqamda seçimin düzgün aparılması isə ikiqat əhəmiyyət daşıyır. 

Ümumiyyətlə, qeyd olunan mövzu italyan incəsənətində qırmızı xətt kimi keçir. Çox uzağa getmədən elə müəllifin öz müasirləri olmuş rejissorların və dramaturqların yaradıcılığını nəzərdən keçirmək buna əyani sübut ola bilər. Təkcə bir rejissorun nümunəsində, Pyetro Cerminin ən məşhur ekran əsərlərini xatırlamaq kifayətdir ki, həmin misal öz təsdiqini tapsın.

Teatrın rəhbəri Tofiq Heydərovun çıxışından sonra bütün nəzərlər səhnəyə zillənmişdi. Hər şey professor Santannanın əlində tutduğu fanarla arxa qapıdan gəlişi və keçib zalın önünə qoyulmuş iş masası arxasında əyləşməsi ilə başladı. Elə ilk dəqiqələrdən fərqli quruluş nəzərdən qaçmırdı. Sönmüş işıqlar, qaranlıq effekti, səhnənin müvafiq yerlərində quraşdırılmış bir neçə mikrofon da daxil olmaqla, tamaşanın ideyasına xidmət edən hər bir detal olduqca maraqlı idi. Pərdə açılan zaman artıq hər kəs tanış süjet xəttini izləyirdi. Buna baxmayaraq, tam diqqət səhnədə, çox az tanıdığımız aktyorlarda, onların oyun tərzində və gənc rejissorun maraqlı tapıntılarında idi. Mikrofonlar obrazların baş verən hadisələr xaricinə çıxaraq tamaşaçı ilə bir neçə saniyəlik  canlı ünsiyyətə keçməsi üçün vasitə rolunu oynayırdı. Bir qədər haşiyəyə çıxaraq qeyd edək ki, belə bir rejissor gedişi artıq kinematoqrafiyamızın tarixindən bizə bəllidir. Belə ki, 1987-ci ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Araqarışdıran" bədii filmində rejissor Yefim Abramov hələ o zaman eynilə bu cür, obrazların izləyici ilə hadisələrdən kənar canlı ünsiyyət qurmasına reportaj tipli kadrlarla bir neçə dəfə vurğu salmışdı.

5 il bundan qabaq N. Kazımovun eyni əsərə ölkənin əsas teatrının səhnəsindəki quruluşunu görən tamaşaçılar istər-istəməz öz fikirlərində həmin quruluşla müqayisələr aparırdılar. Mövcud tamaşanın quruluşçu rejissoru Tural Mustafayev səhnədə öz dəst-xəttini olduqca maraqlı səpkidə qurmuşdu. Aktyor oyunu ilk baxışdan Paskuale və Raffaele obrazlarının dialoqu timsalında səhnənin soyuq boşluğundan diqqət yayındırmağa istiqamətlənmişdi. Aktyorların səhnəni idarə qabiliyyəti və oyun texnikalarından istifadə hesabına bu ilk səhnə geridə qaldı. Ardınca isə tam məsuliyyəti ilə demək lazımdır ki, təxminən 2 saat müddətində birnəfəsə oynanılan tamaşa artıq Bakı tamaşaçısını tam ələ ala bilmişdi. Bütün görünən və görünməyən tərəfləri ilə - rejissor işi, rəssam işi, əsərin ədəbi tərəfindən gələn uğurlu məqamlar, aktyor ifası - bütöv bir komanda olaraq, tamaşanın uğuruna zəmin yaratdı. Lakin buna baxmayaraq, rejissorun əsərin səhnə həllini - mövzudan gələn dramatizmi yumşaldaraq, belə demək mümkündürsə, kifayət qədər komediya janrına doğru meylləndirməsi tamaşanın digər yaxşı tərəflərini də geriyə salırdı. Hətta nə qədər önəmli olmasa belə, artıq bu ruha köklənmiş sıravi tamaşaçıların sayəsində kifayət qədər ciddi və dramatik səhnələrdə belə zaldan gülüş sədaları davamlı şəkildə eşidilməkdə idi. Bölgə teatrlarının paytaxtın səhnə ocaqları ilə müqayisədə daha az tamaşaçı auditoriyası olduğunu nəzərə alaraq, rejissorun bu addımını Lənkəran tamaşaçılarının komediya ilə teatra cəlb edilməsi "uzaqgörənliyi" ilə əlaqələndirmək nə qədər məntiqli olsa da, bu, həqiqəti əks etdirməyə də bilər.

İdeyanın rejissor və ya rəssamın təklifindən irəli gəlməsindən asılı olmayaraq, quruluşçu rəssam Mustafa Mustafayevin olduqca uğurlu səhnə tərtibatı göz qarşısında idi. Aktyorların səhnənin istənilən bucağında dekor elementlərinə kiçik toxunuşu ilə bütün dekorasiyanı kabusvari hərəkətə gətirmək kimi mühüm tapıntı əsərin mövzusunun olduqca yaradıcı şəkildə təqdimatı idi. Bununla belə qeyd olunmalıdır ki, quruluşçu rejissor belə bir mükəmməl vasitədən lazımi səviyyədə istifadə edə bilməmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi komediyaya meyllilik sanki yaradıcı heyətin bu istiqamətdə "əl-qolunu bağlayaraq", tutarlı rəssam tapıntısından ciddi bədii vasitə kimi yox, yalnız fon görüntüsü yaratmaq xatirinə bir neçə dəfə formal şəkildə istifadə etmək məcburiyyəti yaradırdı.

Rejissor Tural Mustafayevin tamaşanın aktyor heyətinin maraqlı və rəngarəng alınmasında böyük əməyi olması da diqqətdən qaçmırdı. Obrazların ayrı-ayrılıqda xarakter və daxili aləminin, arzu və dünyaya baxışlarının, həyatın döngələrində öz simalarını itirməyinin açılması, şübhəsiz, rejissorun uğurlu fəaliyyətindən xəbər verir. Əməkdar artist Adil Zeynalovun onu qıcıqlandıran adamın ağzına pul basmaqdan belə çəkinməyən, bütün tamaşa boyu "potensial bank" təəssüratı oyadan Alfredosu, Əbülfəz Axundovun ümidi obrazının da səsləndirdiyi kimi "ruhların" səxavətinə qalan və bütün işlərdə daima maddi maraq güdən Paskualesi, Aynur Əhmədovanın qadın xoşbəxtliyinin axtarışında olan hər zaman narahat Mariyası, Tərlan Abdullayevin məqsədyönlü pafosu ilə qonaqları vahiməyə salan Raffaelesi, Miraslan Ağayevin xisləti etibarilə bir o qədər də Paskualedən fərqlənməyən Qastonesi, Gülər Kərimovanın hay-küylü Karmelası, Niftulla Əsgərovun müəmmalı professor Santannası səhnədə orijinal idilər və dəqiq istiqamətləndirilmiş xətt üzrə inkişaf edirdilər. Armida rolunun ifaçısı Qızılgül Quliyeva kollektivdə yeganə şəxs idi ki, oyun tərzi Akademik Milli Dram Teatrında həmin obrazı yaratmış aktrisa Laləzar Mustafayevanın ifasına çox bənzəyirdi. Hər halda bunun bir təsadüf olması ehtimalı daha böyükdür. Əsas kişi qəhrəmanların vizual baxımdan nisbətən yaşlı aktyorlar tərəfindən ifa olunması, əlbəttə, rejissorun şəxsi qənaətidir və bu barədə kiminsə öz fikrini zorla qəbul etdirməsi yolverilməzdir. Lakin təklif variantı həmişə açıqdır. Mariyanın həyat yoldaşı Paskualeni ifa edən aktyor Əbülfəz Axundovun, Alfredo rolunu ifa edən aktyor Adil Zeynalovla eyni zamanda yaşlı olması bir qədər ziddiyyəti azaldan faktorlardandır. Əgər həmin obrazlardan istənilən biri müəyyən qədər gənc yaşlı aktyor tərəfindən ifa olunsaydı, bu səbəb Mariyanın iki yol ayrıcında qaldığı son səhnədə ziddiyyətin dərinlik qatlarını daha da artıra bilərdi.

Aktyorların peşəkarlığı, eyni zamanda, səhnədə ən çətin sınaq qarşısında qaldığı zaman özünü daha parlaq büruzə verməyə qadirdir. Belə ki, göz önündə bir aktyorun səhnədə düşdüyü iki ən çətin situasiyadan məharətlə, daha dəqiq desək, peşəkarlıqla çıxması məqamı Lənkəran Teatrının aktyor heyətinin ustalığından xəbər verirdi.

Paskuale və Alfredonun final dialoqu da daxil olmaqla, mənəvi dünyasına hakim ola bilməyən insan faciəsinin son ştrixlərinin, obrazın öz dilindən tamaşaçıya bir mesaj kimi çatdırılması müəllif ideyasının açılmasında daha bir mühüm vasitə hesab oluna bilər. Ərin pullar içində yerdə sürünüb ağlını itirdiyi, varlı məşuq Alfredonun Mariyanı qaçmağa təhrik etməsi, Mariyanın isə daxili gərginlik içində çırpındığı, sanki taleyinin ciddi imtahana çəkildiyi son səhnədə yaradıcı heyət olduqca parlaq təəssürat oyadırdı. Bütün tamaşa boyu rejissor Tural Mustafayevin istifadə etdiyi hərəkətli və məntiqi yekunu olan mizanları, yuxarıdan sallanmış kəndirin belə bəzən sətiraltı mənalara rəvac verməsi, sonda bütün qəhrəmanların şərti yarımdairə halında qurulmuş ağ örtüklərin arxasında qərar tutmaqları kimi incə məsələlər tamaşada uğurlu ştrixlərin alınmasına gətirib çıxarırdı. Bəlkə də elə buna görə tamaşanın olduqca zəif və bədii cəhətdən səhnədə gedən hadisələrdən geridə qalan, aktyorların ifa temperamentinə uyuşmayan bəsit musiqi tərtibatı tamaşaçılarda sanki yoxmuş kimi təəssürat oyadırdı. Ən qəribəsi və təəccüb doğuranı o idi ki, tamaşanın musiqi işini hazırlayan Telman Qəniyev bəzi mənbələrdə tamaşanın bəstəkarı, bəzi mənbələrdə isə musiqi tərtibatçısı kimi qeyd olunurdu. Kənar diqqətin təmsilçisi olaraq, demək olar ki, məhz bu səpkidə, sanki həvəskar səviyyədə hazırlanmış musiqi tərtibatının istifadə olunub-olunmaması tamaşada demək olar ki, heç nəyi dəyişmir və keyfiyyətə təsir göstərə bilmir. Bir sözlə, əsərin ana xətti əsas götürülərək, səhnə əsəri üçün daha uğurlu musiqi tərtibatı hazırlana bilərdi.

İstənilən halda, paytaxt teatr ictimaiyyətində iki günlük bayram ab-havası yaratmağa nail olmuş Lənkəran Dövlət Dram Teatrının yaşaması uğrunda çarpışan səhnə fədailərimizə dərin təşəkkürümüzü bildirmək vacibdir. Səhnəyə zillənmiş yüzlərlə gözdən ikisi tamaşanı məhz bu cür gördü və qiymətləndirdi. Bu, hər kəsin adından danışmaq demək deyil. Bütün yuxarıda qeyd olunan qeyri-teatrşünasın təklif və iradlarına rəğmən "Ruhlar"ı yaradan qüvvələr var. Həmin qüvvələr özləri də bilmədən düşündürməyi bacarırlar. Çünki onlar bizə 2 saat müddətində insanın gözü ilə ruhları və bəlkə də ruhların gözü ilə insanı təqdim etdilər...

Babək ABBASZADƏ

 





11.05.2016    çap et  çap et