525.Az

“Ermənistan Qarabağ məsələsində mövqeyini dəyişməlidir”


 

“Ermənistan Qarabağ məsələsində mövqeyini dəyişməlidir”<b style="color:red"></b>

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu dünən Beynəlxalq Mətbuat Mərkəzində növbəti Qarabağ saatını keçirib.

İndiki prezident seçkisində baş verənlərin Ermənistan cəmiyyətinin qeyri-ciddiliyinin göstəricisi olduğunu bildirən politoloq Ermənistan cəmiyyətinin seçki keçirə bilmədiyini deyib. Onun sözlərinə görə, prezidentliyə namizədlərin aclıq aksiyaları, sui-qəsd şousu Ermənistan cəmiyyətinin siyasi səviyyəsinin göstəricisidir: “Serj Sərkisyanın prezidentliyi dövründə Ermənistan cəmiyyəti siyasi cəhətdən yetkinləşmək əvəzinə gerilədi. Prezidentliyə namizədliyin biri üzərində təşkil edilən sui-qəsd şousu Sərkisyanın əlində alətə çevrildi. O, bu məsələdə Rusiyanı ittiham etdi. O dövrdə Sərkisyanla görüşdən sonra Ayrikyanın özünün, digərlərinin, xüsusən Konstitusiya məhkəməsi sədrinin səsləndirdiyi fikirlər hədəfin Rusiya olduğunu göstərdi. Bəlli oldu ki, Rusiyanı hədəf kimi Sərkisyan müəyyənləşdirib. Rusiya geri çəkildi. Sonradan Rusiya mətbuatında Sərkisyan haqqında təbliğat materiallarının yayılması xalis erməni stili idi. Sərkisyan Rusiyanın əleyhinə addımlar atdığı üçün ona o dərəcədə yaltaqlıq nümayiş etdirdi. İndi Sərkisyan Ayrikyanın sui-qəsd şousunu İrana tərəf tuşlayıb. Prezident seçkilərindən sonra bir neçə ay ərzində İranın adı hallanacaq. Həm Rusiyanın, həm də gələcəkdə İranın adını hallandırmaqda Sərkisyanın məqsədi Qərbə mesaj verməkdir. Seçkidə baş verənlərdən Qərb də narazıdır. Bunu qərbli diplomatların və Qərb müşahidəçilərinin mövqeləri nümayiş etdirir. 2008-ci ildə qan üstündə hakimiyyətə gəlmiş Sərkisyanın 5 illik idarəçiliyi belə vəziyyət yaradıbsa, erməni cəmiyyətini bu həddədək zəiflədibsə, növbəti 5 ildə öz vətəndaşlarını qonşu dövlətlərdən birinin ərazisində axtarmalı olacaq”.

M.Əhmədoğlunun fikrincə, Ermənistan cəmiyyətinin zəifləyib bu günki günə düşməsində Qərb də məsuliyyət daşıyır: “Qərb şüurlu surətdə Ermənistanın yalanlarına inandı. Çünki Ermənistanın antitürkiyə və Azərbaycan torpaqlarının işğalı kimi səhv siyasətinin həmmüəlliflərindən biri də Qərbdir. Qərb Ermənistan dövlətçiliyini reanimasiya edə bilər: Ermənistan Qarabağ məsələsində mövqeyini dəyişməlidir. Ermənistanın gələcəyi üçün ən vacib məsələ Dağlıq Qarabağ probleminin həllidir. Dağlıq Qarabağ məsələsi həll olunmadan Türkiyə sərhədi aça bilməyəcək. Türkiyədə hər hansı hakimiyyət sərhədi açsa da, bu müvəqqəti açma olacaq. Sonradan gələn hakimiyyət Ermənistana qarşı daha kəskin və sərt addımlar atacaq. Ermənistan üçün ən həlledici məsələ Dağlıq Qarabağ məsələsinin həllidir. Dağlıq Qarabağın işğalı Ermənistan dövlətçiliyini sıradan çıxarır, cəmiyyətin inkişafını dayandırır. Ona görə Qərb Ermənistandan digər məsələləri deyil, yalnız Dağlıq Qarabağ münaqişəsinin həllini tələb etməlidir. Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın bütün torpaqlarının işğaldan azad etmiş Ermənistana inanıb onunla hər cür əlaqələr qurmaq olar. Ermənistanın normal siyasət aparması, Azərbaycan torpaqlarının işğaldan azad olunması naminə Avropa İttifaqı dövlətlərinin Ermənistandakı diplomatik nümayəndəliklərinin statusunu aşağı salsalar effektli ola bilər. Ermənistanın indiki durumu Rusiyanı qane edir, belə vəziyyət Avropanın köklü maraqlarına ziddir”.

Prezident Sərkisyanla müdafiə naziri Ohanyan arasında ciddi narazılığın ilkin əlamətləri üzə çıxdığını söyləyən politoloq Azərbaycan kosmik peyk buraxmaqla kosmik dövlətə çevrildiyini deyib: “Azərbaycanın ümumi inkişafı konkret sahələrdə daha ciddi irəliləyişlərə şərait yaradır. Azərbaycan tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycanın inkişafının bu keyfiyyət mərhələsi Azərbaycanla bağlı bütün məsələlərə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə də təsir edəcəkdir. Kosmik peyk və kosmik mərkəz təkcə rabitə imkanlarının gücləndirilməsinə deyil, Azərbaycan ərazilərinin, o cümlədən Dağlıq Qarabağın daimi monitorinqini aparmağa şərait yaradacaqdır. Azərbaycanın kosmik dövlətə çevrilməsi onun digər kosmik gəmilərlə də əlaqələrini yaradacaq. Peykimizin hər hansı səbəbdən əldə edə bilmədiyi təsvirləri digər peyklər çox asanlıqla Azərbaycana satacaq. Hər-halda işğal olunmuş ərazilərimizdə Ermənistanın eşelonlaşdırılmış müdafiə xəttini, eni-dərinliyi və orada baş verənlər barədə real rejimdə dəqiq məlumatımız olacaq. “Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ məsələsində mövqeyi Ermənistanın mövqeyi ilə eynidir” və ya “Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyi beynəlxalq aləmin mövqeyi ilə tam üst-üstə düşür” tezisləri iflasa uğradı. Əvvəla prezident S.Sərkisyanın və xarici işlər naziri Nalbandyanın sloqan etdiyi bu tezislər Ermənistanın daxili aləmi üçün nəzərdə tutulub. İndi Ermənistanın daxili vəziyyəti elə haldadır ki, əhali Qarabağ məsələsi ilə maraqlanmır. İkincisi, həmsədrlərin ortalığa qoyduğu yenilənmiş Madrid prinsipləri Ermənistanın maraqlarına cavab vermir. Üçüncüsü, son vaxtlar Avropanın aparıcı dövlətləri, ekspertləri, parlamentariləri və rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, aviareysin açılması məsələsində ermənilərin mövqelərinin əleyhinə fikir səsləndirirlər. Nalbandyan buna kəskin reaksiya verərək həmin avroparlamentarilərin Ramil Səfərov ekstradisiya olunan zaman harada olduğunu soruşdu. Bununla da Nalbandyan beynəlxalq ictimaiyyətin həm Ermənistana, həm də Səfərov məsələsində dünya dövlətlərinin dəstək vermədiyini etiraf etdi. Seçki dövründə Ermənistandakı avropalı diplomatların müşahidə missiyası üzvlərinin səsləndirdiyi fikirlər də beynəlxalq ictimaiyyətin Ermənistana qeyri-ciddi münasibət göstərdiyini ortalığa qoydu”.

İranla Ermənistan arasında hərbi, hərbi-texniki və təhlükəsizlik məsələlərində dair əlaqələr genişləndiyini qeyd edən M.Əhmədoğlu İranın Mehri SES-in tikintisinin və gələcək fəaliyyətinin təhlükəsizliyini öz üzərinə götürdüyünü vurğulayıb: “Bu barədə vaxtilə imzalanmış müqaviləyə yeni dəyişikliklər edildi. İranın Mehri SES-in təhlükəsizliyinə təminat verməsi Azərbaycan torpaqlarının erməni işğalında daha uzun müddət qalmasına dəstək verməsi kimi başa düşülməlidir. Ermənistanın ordusu zəifdir, şəxsi heyətin sayı azdır. Ona görə işğal olunmuş Arazqırağı ərazilərin qorunmasını etibarlı təşkil edə bilməmişdir. Bu məsələdə Ermənistan İrana arxayındır. İran Ermənistanın əvəzində işğal olunmuş torpaqları qoruyur. İndi İranda Arazqırağı ərazilərdə yerləşən əhalinin aktivliyinin artması İran dövlətinin həmin ərazilərə təkcə sərhəd qoşunlarının deyil, Müdafiə nazirliyinin də qoşunlarını yeritməyə vadar edir. Ona görə Mehri SES-in təhlükəsizliyini təmin etmək adı ilə Müdafiə nazirliyinin qüvvələrini ora yerləşdirmək üçün hüquqi əsas yaratdı. İranın müdafiə nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda bu məsələləri müzakirə edib razılaşdırdı. İran-Ermənistan münasibətlərinin indiki mahiyyəti antiazərbaycançılıqdır. Lakin İranın Ermənistana qarşı münasibətində digər mahiyyətləri də istisna etmək mümkün deyil. İranlı yüksək çinli din xadimlərindən biri Azərbaycan və Tacikistanla yanaşı, Ermənistanı da İranın ərazisi adlandırdı və prezident seçiləcəyi təqdirdə bu əraziləri, o cümlədən Ermənistanı İranın tərkibinə qaytaracağını bildirdi”.

O, Qarabağ münaqişəsində coğrafi vəziyyətin Azərbaycanın ziyanına olmadığını qeyd edib: “Ermənipərəst Rusiya ekspertləri Dağlıq Qarabağdakı coğrafi vəziyyəti ehtimali müharibə zamanı Azərbaycanın əleyhinə, ermənilərin xeyrinə təfsir edirlər. Bəzi xarici hərbi ekspertlər də bu fikrə inanıblar. Reallıq isə tamam fərqlidir. Dağlıq Qarabağdakı birinci müharibədən sonra formalaşmış coğrafi vəziyyət bəzi yerlərdə ermənilərə üstünlük yaratdığı kimi digər yerlərdə Azərbaycana hərbi üstünlük yaradır. Goranboy və Goranboy ətrafındakı vaxtilə ermənilərin yaşadıqları ərazilərin indi Azərbaycanda olması gələcək müharibədə Azərbaycana kifayət qədər ciddi hərbi üstünlük verir. Bu ərazilərin Azərbaycanda olmasının verdiyi üstünlük həm Dağlıq Qarabağ, həm də Ermənistan ərazisində olan müharibəyə aiddir. Bizim hərbi ekspertlərimiz coğrafi üstünlüyün ermənilərdə olması tezisini bu arqumentlə aradan qaldırmalıdırlar. Çünki müharibə həm də psixoloji faktora söykənir”.

Aqil LƏTİFOV

 





15.02.2013    çap et  çap et