525.Az

Dinlərarası dialoqun əsas məqsədi bu sahədə fundamental ziddiyyətlərə yol verməməkdir


 

Dinlərarası dialoqun əsas məqsədi bu sahədə fundamental ziddiyyətlərə yol verməməkdir<b style="color:red"></b>

Rafiq ƏLİYEV
fəlsəfə elmləri doktoru, professor

www.raliyev.az
[email protected] 

Dinlərarası, xüsusilə dünyanın on böyük dinlərindən olan islamla xristianlıq arasında dialoq məsələsi hələ XIX əsrin ortalarından etibarən gündəmə gəlsə də, yalnız keçən əsrin 50-60-cı illərindən başlayaraq konkret məzmun kəsb edib. 1965-ci ildə “Kilsənin qeyri-xristian dinləri ilə qarşılıqlı münasibətləri haqqında” bəyannaməsinin qəbul edilməsi ilə bu proses yeni bir mərhələyə daxil olub.

Bəyannamədə göstərilirdi ki, kilsə xristianlarla bərabər bir olan, hər şeyə Qadir, Əbədi və Əzəli, Rəhmli Allaha ibadət edən müsəlmanlara hörmətli münasibət bəsləyir. Müsəlmanlar Allahın hökmlərinə İbrahimin əməl etdiyi kimi əməl etməyə çalışır, Məsihin Allah olduğunu etiraf etməsələr də, onun peyğəmbərliyini qəbul edir, onun bakirə anası Məryəmə hörmətlə yanaşır, dirilməyə, sorğu-sual gününə etiqad edir, Allahı namaz, zəkat və orucla uca tuturlar, Kilsə müsəlmanlarla dialoq məsələsinə böyük əhəmiyyət verir, hamını keçmişi unutmağa və qarşılıqlı anlaşmaya çağırır.

Bəyannamədə hər iki dini birləşdirən ümumi cəhətlər qeyd edilir, təkallahlılıq, İbrahim peyğəmbərin hənifəlik ənənəsi, axirət həyatı, mənəvi dəyərlər dinlərarası dialoqun əsas istiqamətləri kimi müəyyən edilirdi.

O vaxtdan etibarən xristian-islam dialoquna həsr edilmiş bir sıra mötəbər tədbirlər keçirilib. 1977-ci ilin martında İspaniyanın islamla tarixi tanışlığı olan Kordova şəhərində “Mühəmmədə və İsaya islamda və xristianlıqda iman” mövzusunda II Beynəlxalq islam-xristian konqresi dinlərarası dialoqun aktual problemlərini müzakirə edib. Belə tədbirlərdən biri də 1998-ci ilin noyabrında Ankarada dinlərarası dialoq məsələsinə həsr edilmiş beynəlxalq elmi konfrans olub.

Problemlə bağlı olaraq müsəlman alimləri də islamın mövqeyini işləyib hazırlayıblar. Onlar hər şeydən əvvəl belə bir mövqedən çıxış edirlər ki, dialoq monoloq deyil, yəni o birtərəfli yox, ikitərəfli olmalıdır. Dialoqda iştirak edən tərəflər öz mövqelərini dövrün, sivilizasiyanın tələblərinə uyğunlaşdırmağı bacarmalıdırlar. Əlbəttə, bu o demək deyil ki, dialoqda iştirak edən tərəflər öz mənəvi dəyərləri ilə fəxr etməməlidirlər. Amma onlar qarşılıqlı tərəfin də dəyərlərini, üstünlük verdiyi əxlaqi keyfiyyətləri başa düşməyə və qiymətləndirməyə çalışmalıdırlar. Yalnız belə olan təqdirdə tərəflər sürətlə dəyişən dünyamızın indiki və gələcək problemləri barədə birgə fikrə gələ bilərlər.

Dinlərarası dialoqda dinlərin insanlığa, bəşər sivilizasiyalaşma xidmətləri nəzərə alınmalı və bu gün həmin dinlərin daşıyıcıları bəşəriyyət qarşısındakı məsuliyyətlərini dərk edərəkdən dialoqa qoşulmalıdırlar. Bu gün dinlər hər şeydən əvvəl bəşəriyyətin ağrılarına son qoymağa çalışmalı və ümumbəşəri dəyərlər təbliğ etməlidir. Quranın bir çox hökm və çağırışları bu baxımdan aktualdır: “Ey insanlar! Biz sizi bir kişi ilə bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır!” (əl-Hücürat, 13).

İslam dinə çağırışda zor işlədilməsinin əleyhinədir, “Dində məcburiyyət yoxdur” (əl-Bəqərə, 256) deyə, etiqad azadlığı prinsipinin əsasını qoyan Quran müsəlmanları öz dinlərini tutarlı dəlillər və gözəl öyüd-nəsihətlə təbliğ etməyə çağırır: “İnsanları hikmətlə və gözəl moizə ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!” (ən-Nəhl, 125).

Quran səmavi dinlərlə dialoqun əsasında yalnız bir olan Allaha ibadətdə görür və Mühəmməd peyğəmbərə belə əmr edir: “Söylə: “Ey kitab əhli! Sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! (O kəlmə budur:) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!” (Ali-İmran, 64).

Dinlərarası dialoqda perspektivli sayılan prinsiplərdən biri də ondan ibarətdir ki, Allahın dini bir şəriətləri isə müxtəlifdir. Yəni bütün səmavi dinlərin əsasında Allahın bir olduğuna iman durur. Qalan şeylər, o cümlədən, ayinçilik məsələləri isə hüquqi sahəyə aid olduğu üçün müxtəlif zaman-məkan şəraitində fərqli xüsusiyyətlər kəsb edə bilər.

Dialoqda məqsəd kimisə hansı əqidənin düzgünlüyünə inandırmaq, kiminsə etiqadını dəyişdirmək olmamalıdır və bu heç mümkün də deyil. Dinlərin fundamental prinsipləri heç vaxt dialoq, disput, müzakirə obyekti olmamalıdır. Buna yazılmamış qanun da demək olar. Onun gücü mükəmməldir. Müxtəlif dinlərin mövcudluğu da elə bununla birbaşa bağlıdır. Digər tərəfdon, dinlərarası dialoqun geniş vüsət aldığı indiki şəraitdə diqqət dinləri bir-birindən ayıran özəl xüsusiyyətlər üzərində deyil, onları birləşdirən müştərək cəhətlər üzərində cəmləşdirilməlidir.

Bəs dinlər arasındakı bu ümumi cəhətləri necə müəyyən elmək olar? Bu cəhətlər hansılardır?

Allahın birliyinə iman bu cəhətlər arasında birinci yerdə gəlir. Bu cür iman, yalnız o təqdirdə gerçəkləşir ki, insan dediyi hər bir sözü Allahın eşitdiyinə, etdiyi hər bir əməli –gördüyünə etiqad etmiş olsun.

Bu baxımdan, İbrahim peyğəmbərin Tövhid – təkallahlılıq ənənəsi xüsusi əhəmiyyət kəsb edir. Quran dönə-dönə bildirir ki, yəhudiliyin, xristianlığın və islamın əsasında İbrahimin hənifiliyi durur. Bu hənifilik batildən haqqa meyldir, insanın özünü Allaha təslim etməsini nəzərdə tutur: “İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) idi və (Allaha) şərik qoşanlardan deyildi”. (Ali-İmran, 67). İbrahim gətirdiyi din bütün səmavi dinlərin diqaloqu üçün əsas olmalıdır. Allahın bir olduğunu, insanın Allaha bəndəlik üçün xəlq edildiyini qəbul etmək, dinləri bir-birinə yaxınlaşdırır, onların arasında xırda və əhəmiyyətsiz fərqləri arxa plana keçirir. İbrahimin dinindən üz çevirənləri Quran səfeh adlandırır: “Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər” (əl-Bəqərə, 130)

Dinləri birləşdirən ümumi cəhətlərdən biri də insanın Allah yanında hörmətinə, malının, canının, şərəf və namusunun, azadlığının toxunulmazlığına imandır. Quranda buyurulur: “Biz Adəm övladını hörmətli etdik” (əl-İsra, 70). Peyğəmbər də vida həcci vaxtı etdiyi xütbədə bildirmişdi ki, insanların qanı, canı, malı və şərəfi qiyamət gününədək bir-birinə haramdır. “İnsan hüquqları” deyilən bu şeylərin toxunulmazlığı bütün dinlər tərəfindən etiraf edilir.

Daha bir ümumi cəhət də ondan ibarətdir ki, səmavi dinlər insanın bir fitrətə, bir mahiyyətə malik olduğunu, mal-dövlət, cinsiyyət, irq, rəng baxımından gözə çarpan fərqlərin bu mahiyyətdə zərrə qədər rol oynamadığını iqrar edir: “Allahın sizı (atanız Adəmi) torpaqdan yaratması, sonra da sizin (horonizin) bir insan olub Yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir” (ər-Rum, 20). Mühəmməd peyğəmbər də insanlar arasında təqvadan – ürəklərdəki Allah qorxusundan başqa heç bir fərq olmadığını, insanların darağın dişləritək bərabər olduqlarını dönə-dönə bildirmişdir.

Bu arqumentlər bütün dinlər üçün ümumidir və dialoqun məhz onlar ətrafında aparılması daha məzmunlu və daha səmərəli olardı.

Müasir dövrümüzdə sahələrdə, postsovet məkanlarında, Yaxın və Orta Şərqdə, Avropa qitəsində, cənubi-şərqi Asiyada ideologiya qıtlığının olduğu bir dövrdə dinin mənəvi-əxlaqi dəyərləri yeni məzmunda təzahür edir. İnsanlar dini dəyərlərdə ortaya çıxan çətin iqtisadi-siyasi və hətta maliyyə problemlərinin həllini axtarırlar. Odur ki, hazırda dinlərarası dialoqun əhəmiyyəti daha da artır.

Siyasi quruluşa müxalif olmadan təşkil olunan belə formatlı dialoqlar insanlara birbaşa maddi yardım etməsə də, onlara gələcəyə ümidlərini saxlamaqla yardımçı ola bilər.

Bütün hallarda dialoq konfrantasiyadan daha sərfəli, daha faydalı nəticələr verə bilər. Əldə olunan hər bir kompromis – güzəştli nəticə insanların xeyrinə işləyir. Odur ki, dialoqda əldə edilən ikitərəfli razılıqlara neqativ məzmun vermək səhv olardı. Belə olduğu halda dialoq iştirakçılarının hamısı ziyan çəkə bilər. Digər tərəfdən dialoqun özü dinlərin əsas ehkamlarına toxunmayan istiqamətdə aparıldığı üçün heç vaxt neqativ effektli ola bilməz. Dinlərarası dialoqun əsas qayəsi də hər bir insanın iman azadlığını müdafiə etməkdir. Bəlkə də bu ən mühüm amildir.

 





15.02.2013    çap et  çap et