525.Az

“Heyf sənə, Zakir!...“


 

“Heyf sənə, Zakir!...“<b style="color:red"></b>

Vəsilə USUBOVA

Ürəyim mənə hər şeyi xəbər verir...

Bəzən qınayırlar, bəzən şübhəynən baxırlar mənə. Məncə, bu çoxlarında belədi...

Fevralın 5-də axşam ev işləri görəndə qəfildən yadıma düşmüşdü: “Çoxdandı bir xəbər yoxdu Zakirdən. Heç özüm də xəbər tutmuram ondan. Nə əcəb, Təzə ildə zəng vurmadı?!... İndi gecdi, sabah...”

Doğrudan da, gec imiş. Ancaq mən düşündüyüm kimi yox, mən düşündüyüm qədər yox...

Gec imiş. Birdəfəlik, həmişəlik...

Sabah olacaq, poçtalyon qəzetləri gətirəcək. Məndən qabaq iş yoldaşım götürüb öz otağına aparacaq... Bir də günortadan sonra qəzetləri açacağam. Və... “Ədalət” qəzetinin birinci səhifəsində “Azərbaycan mediasına ağır itki üz verib...” cümləsini oxuyanda, qara qaşları altından kədərlə baxan qara gözlərini görəndə... oxuduğuma inanacam. Ona görə inanacam ki, Ölüm Mələyinin gündən-günə qəddarlaşdığını dördbir yanımda görürəm. Qəzetin beşinci səhifəsindəki müsahibəni oxuyanda isə... bu itkinin nə qədər ağır olduğunu daha dərindən duyacam, duyduqca da əlimizdən bir iş gəlmədiyinə yana-yana üzüləcəm...

Niyə ölümü bu qədər uzaqda bilirik?!...

lll

Hardan tanıyırdım Zakiri?...

Taleyin bizi yaxşılarla rastlaşdırdığı günlərin ilahi bir sehri olur. Ömrümüzə yazılanlar da elə o günlərin sayı qədərdi...

2008-ci ildə Mahmud Kaşğarlının 1000 illiyi münasibətilə Avrasiya Yazarlar Birliyi və “Ulduz” jurnalının Azərbaycan üzrə keçirdiyi beynəlxalq hekayə müsabiqəsində mən də iştirak eləmişdim. Yazıçılar Birliyinin “Natəvan” klubunda mükafatların təqdimedilmə mərasimində görmüşdüm onu. Birinci mükafatın sahibi özü yaxınlaşıb məni təbrik eləmişdi... Sifətində yaşına yaraşmayan məsum uşaq ifadəsi vardı. Bir qədər də kefsiz, halsız görünürdü. Onunla televiziyadan gəlmiş iş yoldaşı “Zakir xəstədi...” demişdi...

Müsabiqənin Türkiyədə keçirilən turunda Zakir Sadatlı üçüncü yeri tutdu. Zəng vurub təbrik elədim. İlin sonunda dördümüzün də hekayəsi “Ulduz” jurnalında dərc olunanda Zakirin “Salam, baça!” hekayəsi çox həyəcanlandırmışdı məni.  Əfqanıstan müharibəsində şəhid olanlar, yaralı, şikəst qayıdanlar haqqında dönə-dönə yazılar hazırlamışdım. “Əfqan”larla elədiyim söhbətlərdən yazıya ala bilmədiyim çox mətləbləri duymuşdum. Onu da hiss eləmişdim ki, bu iştirakçıların çoxu heç özləri də baş verənləri dərindən anlaya bilmirlər... Və onların heç birində Zakirin çöhrəsindəki kədəri görməmişdim. Şahidi olduğu hadisələri, gördüyü dəhşətləri o qədər canına hopdurmuşdu ki, aramızda olsa da, xəyalən, qəlbən hələ də oralarda yaşadığını hiss edirdin...

Zakirin qəhrəmanı vuruşduğu, gəzdiyi torpaqda, görüşdüyü insanların taleyində, rəftarında, sözündə, səsində çox incə mətləbləri duyan, dərk edən bir əsgərdi. Ayaq basdığı hər qarış torpaqda milli kimliyini, soyunu-kökünü axtaran, hiss edən, bütün varlığıynan duyan birisidi. Yan-yörələrindən əl çəkməyən  30-35 yaşlarında oğlan bir gün tərcüməçinin qolundan tutub onların yanına gətirir...

“ O, puştuca Şərifova yenə nəsə deyib susdu. Tərcüməçi boğazını arıtlayıb “xub, xub...” deyib başı ilə təsdiqlədi. Və gülə-gülə rus dilində bizdən soruşdu:

– Başa düşürsüz, o, nə deyir?

– Əlbəttə, yox,-mən dilləndim.

– Bayaqdan sizin söhbətinizə qulaq asırmış. Deyir, mən də azərbaycanlıyam. Azərbaycan dilini bilmədiyinə görə sizdən heç nə soruşa bilməyib. İndi istəyir ki, sizinlə yaxından tanış olsun.

– Bəs o, hardan bilib ki, biz azərbaycanlıyıq?

Dilmanc tərcümə elədi. Və ondan ağlagəlməz bir cavab aldıq:

– Elə şirin danşırdılar ki, ... Ürəyim yerindən oynadı... Ömrümdə bir dəfə uşaq olanda bu dili eşitmişdim...

Biz heyrətlə bir-birimizə baxdıq. Onun üzündən—müharibənin qarsıdıb qopardığı rənglərin içindən bir uşaq saflığı boylanırdı. Anlaya bilmirdik—bu yaza, bu Herat çöllərinə, bu müharibənin içinə bu zavallı uşaq haradan gəlib çıxdı...

– Bircə dəfə babam danışıb bu dildə. Ölümündən bir gün qabaq... Vəsiyyət elədi, hamımızla vidalaşdı. Sonra dedi ki, atımı gətirin. Gətirdik. O, atın boynunu qucaqlayıb ağladı. Hamımız mat-məəttəl qalmışdıq. Heç vaxt eşitmədiyimiz bir dildə o, atıyla halallaşırdı...

Onda mənim uşaq ağlım elə kəsdi ki, babam ölüm olan yerə yox, başqa bir dilin olduğu yerə səfərə gedir...”

Bu bir parçada o qədər insanı, hər kəsdən əvvəl bir türk oğlunu düşündürəcək mətləblər var ki,...Bircə başını əllərinin arasına alıb gözlərini yummağın lazımdı. O zaman bu sətirlərin nələr pıçıldadığını bütün canınla, qanınla duyacaqsan...

Yenə zəng vurdum: “Afərin, Zakir! Sənə halaldı o mükafatlar...” Heyranlığımı bildirən daha bir neçə kəlmə dedim. Bir də əlavə elədim ki, bizlər yaradıcılıqda gecikmişik. Razılaşmadı: “ Çoxları olub ki, 40-50 yaşında yazmağa başlayıb. Zamanında da öz sözünü deyib...” Təsəlli aldım bu cavabından. Hardasa oxumuşdum ki, Rabindranat Taqor 50 yaşında yaradıcılığa başlayıb...

O görüşdə şəkillər də çəkdirmişdik. Məndə biri də yoxdu...

İldə heç iki-üç dəfə danışmazdıq.

Bir dəfə kənddə idim. Axşamçağının sərinini gözləyirdim ki, rayona dönüm. Zakirdən zəng gəldi: “Bu gün AzTV-də İraqdan hazırladığım veriliş gedəcək. İstəyirəm siz də baxasınız...” Vaxtı hesabladım; yola düşsəm, çatınca veriliş qurtaracaqdı, qalsam evə getməyə gecikəcəkdim. Qardaşıma dedim ki, mən bu gün kənddə qalıram...

İkinci dəfə ekranda gördüm onu. Elə bil, bir az gümrahlaşmışdı...

Bunlar niyə belə az yaşayırlar?!...

Hamının görmədiklərini görmək, yaşamadıqlarını yaşamaq və bunları içində gəzdirmək çox ağırdı yəqin... “Kulis.az” internet dərgisinə verdiyi müsahibəsində çəkdiyi ağrıların bir az da şiddətləndiyi hiss olunurdu. Bircə romanını da oxusaydım.

Bəs, onda təəssüratımı kiminlə bölüşəcəyəm?!...

Qəzeti bir qırağa qoyub, pəncərədən baxıram. Məndən betər tutulub dolmuş göyün bir parçası görünür. Bomboz, nisgilli...

Niyə mən doyunca ağlaya bilmirəm?!...

Tanrı mənə bol-bol göz yaşları vermişdi. Bir gün onu da əlimdən aldı... İtirdiklərimə doyunca ağlayıb azacıq yüngülləşməyi, rahatlanmağı da çox gördü  fələk...

Zakirin hekayəsinin sonu ovsunlamışdı məni. Ömründə cəmi bircə dəfə, can verən babasının dilindən azərbaycanca kəlmələr eşidən azərbaycanlı Əsgər Məmmədəsgəriyə təkid edirlər ki, fürsət varkən evinə qayıtsın... O da bir şərtlə razılaşır ki, səhər onlara çay-çörək gətirməyinə icazə versinlər...

“...Biz səhərə qalmadıq. Gecəyarısı bizi yuxudan qaldırdılar. Üzü Bədəxşan dağlarına tərəf döyüşə getdik...

Gör e, gör neçə ildi Əsgərin Bakirlə mənə gətirdiyi çörək heybəsində, qardaş harayı dilində Herat çöllərində divanə ruhlar kimi bizi axtarır.

Yəqin indiyə kimi saç-saqqalı ağarmış olar...”

Görəsən o saç-saqqalı ağarmış cavan oğlana ayan oldumu Zakir haraya getdi?! Hamının şirin ana dilində danışdığı ölümsüz bir yerəmi?! Son nəfəsində atının boynunu qucaqlayıb halallaşan qocanın qərib dualarına sahib çıxmağamı?! Bəlkə elə həmin oğlan özü də...

lll

Adil Qaçayoğlunun nömrəsini hələ telefonumdan silməmişəm. Zakirin də nömrəsini silməyəcəm. Bir adı, bir neçə rəqəmi ölənəcən yanında gəzdirməyə nə var ki?!...

Dərd ürəyin dərdidi...

Müsahibəsində deyir ki, ölən dostlarımızın cibindən qız şəkilləri çıxırdı...

Mən də Zakirin bu şəklini həmişə saxlayacam. Nə vaxtsa arxivimi araşdıran olsa, qoy oradan Zakirin də şəkli çıxsın...

Kiçik təsəllidi, bilirəm...

Neyniyim, bundan artığına gücüm çatmır...

 





15.02.2013    çap et  çap et