525.Az

Hollivud ulduzlarının iştirakı ilə "erməni soyqırımı" haqda film çəkilir (VİDEO)


 

Hollivud ulduzlarının iştirakı ilə "erməni soyqırımı" haqda film çəkilir <b style="color:red">(VİDEO)</b>

Ermənistan-Azərbaycan cəbhə xəttində indi də ara-sıra atəş səsləri eşidilsə də, uzun müddətdir ki, atəşkəs rejimi hökm sürür. Amma bununla belə iki ölkə arasında 20 ildən artıqdır davam edən informasiya müharibəsində atəşkəsin elan olunma perspektivi hələ də görünmür. Son günlər Ağ evin rəsmi saytında ermənilərin və azərbaycanlıların yerləşdirdiyi petisiyalar da buna misal ola bilər. Tarixi həqiqətləri, xalqımızın başına gətirilən bəlaları dünyaya çatdırmaq üçün təbliğatın ən effektiv üsulu isə kino industriyasıdır. Bəs bu məsələdə hansı ölkə daha tədbirlidir? Mövzunu təsadüfən seçməmişik.

Amerika Birləşmiş Ştatlarında yaşayan erməni ssenarist və kinorejissor Artak Sevada “erməni soyqırımı”nın 100 illiyinə Hollivud ulduzları Natali Portman, Al Paçino, Leonardo Di Kaprio, Arman Assantin iştirakı ilə “Cineks” adlı film çəkir.

Ermənistanın I kanalına müsahibə verən Artak Sevada “erməni soyqırımı”nı filmdə elə sübut edəcəyik ki, buna heç kimdə heç bir şübhə qalmayacaq” deyib. Rejissorun dediyinə görə, bu sübutu da onlar bu günün ən böyük təsir qüvvəsi olan bir elementlə - pul vasitəsilə edəcəklər: “1915-ci ildə ermənilərin bank hesabında pulları qalıb, üstündən 100 il keçdikdən sonra bu pulları geri qaytarmaq mümkündür. Amma geri qaytarmaq üçün adam qalmayıb. Yəni, onlar soyqırımda ölüblər”.

Filmin dünya ekranlarına çıxarılması planlaşdırılır. Artak Sevadanın sözlərinə görə, filmin ilk təqdimatı 2015-ci il aprelin 24-də bütün dünyada olmalıdır.

Artak Sevadanın Amerikada yaşayıb işləyən bir rejissor olması və Hollivud ulduzlarının da bu filmdə çəkilməsi “Cineks”in böyük ekranlara çıxma şanslarını artırır. Filmin 30 milyonluq büdcəsi isə bu filmin keyfiyyətli olacağını deməyə əsas verir... İndi daha aydın olsun deyə gəlin müqayisə edək. Xocalı həqiqətlərinə həsr olunan, Misir, Qırğızıstan və Türkiyədə nümayiş olunmuş və tamaşaçıların yaddaşında kifayət qədər dərin iz qoymuş “Xoca” filminə sərf olunan pul 1 milyona yaxındır.

Filmin rejisssoru Vahid Mustafayev deyir ki, büdcə böyük olsaydı, film daha təsirli alına bilərdi. Müqayisə üçün bildirək ki, hələ ötən əsrin 80-ci illərində erməni rejissoru Edmond Kesoyan “erməni soyqırımı” haqqında çəkdiyi “Ümid ulduzu” adlı filmə təxminən bundan bir qədər artıq məbləğ sərf etmişdi. Həmin vaxt bir milyonun nə demək olduğunu yəqin ki, özünüz təsəvvür edə bilərsiniz. Onların son illərdə lentə aldıqları “Torağay yuvası” filminin büdcəsi isə 72 milyon dollardır. Əlbəttə kino sahəsində maliyyə bir çox uğurun açarıdır. Amma bununla hər şey bitmir. İtaliyanın “Rai Production” şirkəti tərəfindən çəkilmiş bu filmdə ermənilər türkləri çox xüsusi incəliklə aşağılayıblar. Filmdə ermənilər varlı, ziyalı şəxslər, professorlar, türklər isə nökər, cılız xislətli insanlar kimi göstərilir. Filmdə erməni kişi türk nökərin üstünə qışqıran zaman onun həyat yoldaşının yaxınlaşaraq ərinə “niyə onlara qışqırırsan? Gör onlar bizim işimizi nə qədər yüngülləşdirirlər, bütün işlərimizi görürlər, evimizi süpürürlər və s.” deməsi də erməniləri bütün dünyaya humanist millət kimi tanıdır. Eyni zamanda tarixi bilməyən insanlarda türklərin guya tarix boyu ermənilərin nökəri olması təəssüratını formalaşdırırlar. Bu filmin müəllifləri “soyqırımı” bir ailənin taleyi və aqibəti üzərində göstəriblər. Bu da bugünkü kinematoqrafın tələbidir. Çünki sırf tarixi həqiqətlərdən ibarət və qorxunc qanlı səhnələri olan filmlər bu gün geniş tamaşaçı kütləsi toplaya bilmir. Bu cəhətdən məni bir tamaşaçı kimi Azərbaycan filmləri arasında “Xoca” filmi yaxşı mənada təəccübləndirdi. Filmin təqdimatına gedərkən elə bilirdim qətliam səhnələri, yaralı insanların görüntüləri ürəyimi bulandıracaq. Amma filmin rejissoru bütün bunları göstərmədən Xocalı faciəsinin ağrı acısını çatdıra bildi. Və tamaşaçılar təqdimat zalından göz yaşları ilə ayrıldı, hətta qırğız qadın da. Azərbaycanın Qarabağ həqiqətlərindən bəhs edən filmlərinə gəldikdə isə gəlin razılaşaq ki, ən təsirli ekran əsərləri “Haray” və “Fəryad” filmləri sayılır ki, onlar da ermənilərin sadalamadığım çoxsaylı “soyqırım” filmləri ilə müqayisəyə belə gəlməyəcək səviyyədədir.

anspress

 





15.02.2013    çap et  çap et