525.Az

“Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları özlərini təhlükəsiz hiss edir”


 

“Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları özlərini təhlükəsiz hiss edir”

Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları özlərini təhlükəsiz hiss edir.

Bunu APA-ya açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Monye sentyabrın 24-də bir qrup dindarın səfirlik binası qarşısında aksiya keçirməsini şərh edərkən bildirib.

Qeyd edək ki, aksiyada son vaxtlar Fransada İslam dininə yönələn təhqirlər, müsəlmanlara qarşı diskriminasiya siyasəti, o cümlədən Fransada nəşr olunan “Charlie Hebdo” jurnalında Məhəmməd Peyğəmbərin (s) karikaturasının dərcinə etiraz bildirilib.

Diplomat deyib ki, Azərbaycan tərəfi ilə əməkdaşlıq şəraitində səfirliyin mühafizəsi ilə bağlı əlavə tədbirlər görülüb: “Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları özlərini təhlükəsiz hiss edir. Çünki bizim ölkələrimizi dostluq və əməkdaşlıq telləri birləşdirir. Bundan başqa, Azərbaycan xalqı çox loyaldır və Fransaya münasibətdə aqressiya nümayiş etdirmir. Azərbaycandakı müsəlman ictimaiyyəti Fransa jurnalı ilə bağlı məsələyə sakit reaksiya verib, yalnız kiçik bir qrup aksiyada iştirak edib”.

Paskal Monye bildirib ki, “Charlie Hebdo” jurnalı söz azadlığına təminat verən Fransa qanunvericiliyinə uyğun olaraq nəşr olunur: “Fransa müsəlmanların və digər dinlərə sitayiş edənlərin sülh şəraitində yaşamasında maraqlıdır. Fransa hökuməti ilk növbədə Avropa dəyərlərinin təməli olan söz azadlığını müdafiə etməyə çalışır. Bununla yanaşı, Fransa kifayət qədər müsəlmanın yaşadığı bir ölkə olduğundan, başa düşürük ki, Məhəmməd peyğəmbərin qeyri-məqbul obrazda təsviri qəzəb doğura bilər”.

 





25.09.2012    çap et  çap et