525.Az

Türk dünyasının uşaqları işarələrin dili ilə "danışdılar"


 

Türk dünyasının uşaqları işarələrin dili ilə "danışdılar"<b style="color:red"></b>

Dünyanın ünsiyyət problemi ilə üzləşdiyi bir vaxtda türkdilli ölkələrin eşitmə və danışma qüsurlu  uşaqları bir araya gələrək işarələrin dili ilə cəmiyyətə "ünsiyyət" mesajı yolladılar.

Yarandığı gündən uğurlu layihələrə imza atan TÜRKSOY mayın 4-dən 7-nə qədər Türkiyənin Çankırı Bələdiyyəsi ilə birlikdə "Türk Dünyası İşarə Dili Mədəniyyət və Sənət Festivalı"nı keçirərək maraqlı bir layihəyə imza atdı. Festivalda  Türkiyə, Azərbaycan, Qazaxıstan və  Qırğızıstanı təmsil edən eşitmə və danışma qüsurlu  uşaqları sənətin və rəqsin diliylə hər kəsi ünsiyyətə dəvət etdi. Ölkəmizi festivalda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı respublika xüsusi internat məktəbinin 12 istedadlı şagirdi layiqincə təmsil etdi.

Bakıdan Ankaraya uçan təyyarənin sərnişinləri arasında 12 şagird ilk uçuşun sevincini yaşayır. Ara-sıra müəllimlərinə, tərbiyəçilərinə suallar verir, öz "dillərində" danışırlar. Ankaranın Esenboğa hava limanında təyyarə yerə enir. Uşaqlar  sevinclərini alqışlarla ifadə edir. Hava limanından birbaşa avtobusla Çankırıya -  işarət dili festivalına ev sahibliyi edən bölgəyə yollanırıq.

Anadolunun kiçik şəhəri - Çankırı

Eşitmə və danışma problemi olan şagirdlər üçün səfər adi səfər deyil. İştirak edəcəkləri festivalın ideyası 75 min əhalisi olan kiçik  bir Anadolu şəhərində - Çankırıda yaranıb. Son illər bir çox festivallara ev sahibliyi edən bu şəhərdə işarət dili kursları fəaliyyət göstərir və bu kurslara olan marağı nəzərə alan Çankırı Bələdiyyəsi bu il TÜRSOY-la birlikdə Türkdilli ölkələr arasında "İşarət dili festivalı" keçirməyi qərara alır.

Mayın 4-də Çankırı Bələdiyyəsinin binasında uşaqların əl işlərindən ibarət sərgi nümayiş olundu. Azərbaycan məktəblilərinin milli ornamentlərlə işlənmiş incə əl işləri  də böyük maraqla qarşılandı. Bələdiyyə rəhbəri İrfan Dinc çıxış edərək belə bir festivalın dünyada ilk dəfə keçirildiyini bildirdi. O, türk dünyasına fərqli bir baxış qazandıran bu festivaldan duyğulandığını dilə gətirdi.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı ilk dəfə keçirilən festivala ev sahibliyi edən Çankırı bələdiyyəsinin rəhbərinə, bu festivalın keçiriməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi: "Bu layihə ilə biz türk dünyasının müxtəlif yerlərində yaşayan  uşaq və gəncləri bir araya gətirdik. İnanıram ki, bu layihə hər il keçiriləcək və Türkdilli ölkələrin uşaqları arasında ünsiyyət körpüsü olacaq".

Sonra eşitmə və danışma əngəlli uşaqların qrup rəhbərləri, müəllimləri çıxış edərək ünsiyyəti məhdud olan uşaqlar üçün belə geniş imkan yaratdıqlarına görə festivalın təşkilatçılarına təşəkkür etdilər.

Görüşdən sonra Türkdilli ölkələrin uşaqları milli geyimlərdə şəhər meydanına doğru yürüş etdilər. Şəhər sakinlərinin qarşısında əvvəlcə Türkiyə, sonra isə Azərbaycan qrupu ölkələrinin himnini işarələrin dili ilə təqdim etdilər. Digər ölkələrin qrupları isə işarələr vasitəsilə musiqi nömrələri ilə çıxış etdilər. Meydana toplaşan şəhər sakinləri işarətlərin diliylə "danışan" uşaqların ifalarını maraqla izlədilər.

Mayın 5-də  Ankarada - TÜRKSOY-un baş qərargahında qurumun baş katibi Düsen Kaseinov festival iştirakçılarını qəbul etdi. O, qurumun layihələri haqqında qısa məlumat verərək ilk dəfə keçirilən festivalın əhəmiyyətindən danışdı. "Uşaqlar bizim gələcəyimizdir" - deyən baş katib uşaqların qabiliyyətlərinin üzə çıxarılmasında, Türkdilli ölkələrin uşaqları arasında ünsiyyətin yaranmasında belə festivalların  xüsusi əhəmiyyət daşıdığını qeyd etdi.

Tədbirdə Türk dünyasından gələn nümayəndələr - o cümlədən, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı respublika xüsusi internat məktəbinin direktoru Bahar Kərimova çıxış edərək festivalla bağlı öz fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşdü.

Tədbirdə TÜRKSOY-un fəaliyyəti ilə bağlı qısa sənədli film təqdim edildi və Türkdilli ölkələrin eşitmə və danışma qüsurlu uşaqları geniş konsert proqramı ilə çıxış etdilər.

Azərbaycan qrupu  "Azərbaycan-Türkiyə" mahnısının sədaları altında səhnəyə çıxaraq işarətlərin dili ilə mahnı və rəqs təqdim etdilər. TÜRKSOY-un baş katibi Düsen Kaseinov bu təqdimatı ayaq üstündə alqışlayaraq öz heyranlığını  gizlətmədi. Türkiyə, Qazaxıstan, Qırğızıstan uşaqlarının da işarətlərin dili ilə mahnı və rəqsləri böyük maraqla qarşılandı. Azərbaycan heyətinin  "Sarı gəlin"i və xüsusi ilə "Qaytağı" rəqsi  konsertin ən yaddaqalan ifaları kimi  festivala xüsusi rəng qatdı.

Tədbirin sonunda Düsen Kaseinov qrup rəhbərlərinə TÜRKSOY adından xatirə hədiyyələri və təşəkkürnamələr təqdim etdi.

Festivalla bağlı xatirələr

Çankırı bələdiyyəsi Özəl Qələmlər Müdiri, eyni zamanda mədəniyyət və sosial işlər müdiri Muharrem Ovacıklıdan xahiş etdik ki, festivalla bağlı təəssüratlarını bizimlə bölüşsün:

- 2004-cü ildən Çankırı bələdiyyəsində çalışıram. İşə başladığımız vaxtdan sosial layihələrə xüsusi önəm veririk. Uşaqlarla, gənclərlə, yaşlı insanlarla bağlı fərqli layihələr həyata keçiririk. Bu kurslardan biri də İşarət dili ilə bağlıdır. Son 4 ildi işarət dili kurslarımıza gələnlərin sayı durmadan artır. Keçən il ilk dəfə olaraq qapalı idman salonunda işarət dili ilə bağlı geniş tədbir keçirdik. Çankırıda ilk dəfə belə bir tədbir keçirilirdi. Bu hər kəsin xoşuna gəldi. Bu layihəni genişləndirməyi qərara aldıq.

TÜRKSOY -la  əvvəllər Novruz bayramı ilə bağlı və Orxan yazılarının duzlar üzərində işlənməsi ilə bağlı tədbirlər həyata keçirmişik. "İşarət dili festivalı"nı da TÜRKSOY-la həyata keçirmək istədik. TÜRKSOY bu layihəmizi dəstəklədi və nəticədə birgə layihəni gerçəkləşdirə bildik.

Bu festivalı keçirməkdə məqsədimiz Türk dünyasında yaşayan eşitmə və danışma əngəlli uşaqları işarələrin dili ilə bir araya gətirmək, cəmiyyətin onlara qarşı həssas və diqqətli olması,  dünyada müharibələrin, qırğınların olduğu bir vaxtda işarətlərin dili ilə insanları ünsiyyətə səsləməkdir.

Bu festival imkan yaratdı ki, uşaqlar öz istedadlarını üzə çıxarsınlar, duyğu və düşüncələrini nümayiş etdirsinlər, öz dünyalarının nə qədər işıqlı və rəngli olduğunu hər kəslə bölüşə bilsinlər.

Biz hər il bu festivalı keçirməyi düşünürük. Azərbaycanlı qardaşlarım Türkiyəyə gəldikləri zaman onları Çankırıda gözləyirik.

Bakı şəhər Nizami rayonu sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı respublika xüsusi internat məktəbinin direktoru Bahar Kərimova öz təəssüratlarını bizimlə bölüşdü:

- Bizim məktəb 1969-cu ildən fəaliyyət göstərir. Hazırda məktəbimizdə 600-dən çox uşaq təhsil alır. Məktəbimizdə həm eşitmə və danışma, həm də əqli qüsurlu uşaqlar təhsil alır. Məktəbimizdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Məqsədimiz  şagirdlərin yazılı və şifahi nitqini inkişaf etdirməkdir. Məktəbimiz müasir  avadanlıqlarla təchiz edilib. İstedadlı uşaqlarımız çoxdu, demək olar ki, bütün sahələrdə şagirdlərimizin uğuru var. TÜRKSOY təşkilatı tərəfindən bu festivala təklif alanda çox sevindik. Bizim şagirdlərimiz  dəfələrlə beynəlxalq tədbirlərdə iştirak ediblər. Ancaq  ilk dəfə idi ki, TÜRKSOY tərəfindən dəvət alırdıq. Bu festival bizim üçün çox önəmli oldu. Türkdilli ölkələr bir araya gəldilər. Onlarla həmrəy olduq,  əlaqələr yaratdıq, bu bizi çox sevindirdi, şagirdlər arasında o qədər isti münasibət yarandı ki, biz onlardan ayrılarkən bəzi uşaqlar göz yaşlarını belə saxlaya bilmədilər. Onlarla çox doğmalaşdıq. Bizim şagirdlərimiz işarət dili ilə də özlərini çox rahat hiss etdilər. Bu da böyük sevincimizə səbəb oldu.

Həm dövlətimiz tərəfindən, həm TÜRKSOY tərəfindən bu uşaqlara xüsusi diqqət, qayğı göstərildi.

Təhsil Nazirliyinə və TÜRKSOY-un  rəhbərinə, Azərbaycan nümayəndəsi Elçin Qafarova minnətdarlığımızı bildiririk.

Bu festivalda eşitmə və danışığı qüsurlu olan uşaqlar cəmiyyətə "Biz eşitməsək də, danışa bilməsək də öz istedadımızla mahnı və rəqslərimizi  işarətlərin dili ilə insanlara çatdıra bilirik. Biz ünsiyyətdən kənarda qalmırıq, biz ünsiyyətə girməyi bacarırıq" mesajını yolladılar.

"İşarət dili festivalı" xoş xatirələrlə yadda qaldı.

Bakı- Ankara- Bakı

 





17.05.2016    çap et  çap et