525.Az

"Terror aksiyası" sözləri "terror aktları" sözləri ilə əvəzlənəcək


 

"Terror aksiyası" sözləri "terror aktları" sözləri ilə əvəzlənəcək<b style="color:red"></b>

Dünən Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib. İclasda "Terrorçuluğa qarşı mübarizə haqqında qanunda dəyişiklik edilməsi" barədə qanun layihəsi müzakirə edilib.

MM sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, qanun layihəsinə əsasən, sənədin müvafiq maddələrindəki "terror aksiyası" sözləri "terror aktları" sözləri ilə əvəzlənəcək:
 
"Belə ki, "terror aktı" konkret hüquqi yük daşıyan bir anlayışdır. "Aksiya" isə politoloji məna kəsb edir".

Komitə sədri qeyd edib ki, sənədə düzəlişlərin əsas məqsədi onu "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2015-ci il 20 may tarixli qanuna uyğunlaşdırmaqdır.

Z. Əsgərov vurğulayıb ki, terrorçuluğa qarşı mübarizə dövlətimizin ən önəmli istiqamətlərindən biridir:

"Azərbaycan da terrorçuluqdan əziyyət çəkən ölkədir. Biz illər boyu erməni terroruna məruz qalmışıq və bu, hələ də davam edir. Terrorçuluğa qarşı mübarizə ilə bağlı 10-dan çox beynəlxalq konvensiya qəbul olunsa da, təəssüf ki, bu günədək onların heç birinə əməl edilməyib".

Sonra qanun layihəsi haqqında müzakirələr aparılıb və deputatlar fikirlərini səsləndiriblər. Qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





17.05.2016    çap et  çap et