525.Az

Böyük əməliyyat qarşısında (V yazı)


 

Kəşfiyyatçının xatirələri

Böyük əməliyyat qarşısında <b style="color:red">(V yazı)</b>

Tapşırığı yerinə yetirə bilməyən kəşfiyyatçının yeganə bəraəti ölümdür.
Kəşfiyyatın yazılmamış qanunlarından 

Vəziyyət sürətlə dəyişdiyindən ehtiyatla davranmalıydıq. Amma yolu kəsmiş döyüşçülərimizi mühasirəyə salmaq istəyən düşmən qüvvəsinə gözlənilməz zərbə vurmaq lazım idi.

Bütün ərazi və yollar arı pətəyi kimi qaynayırdı. Biz PMK deyilən istehsalat sahəsini keçərək qəsəbənin arxasına çıxıb suvarma kanalına yaxınlaşdıq. Buradan “POST QAİ” deyilən ərazi və bütün yol qovşağı əl içi kimi görünürdü. Yolboyu bir neçə avtomobildə canlı qüvvə və bir “QRAD” qurğusu Zəngilan qrupuna hücum etmək üçün hazırlaşırdı.

Qəfil hücumumuz düşmənə nəfəs almağa imkan vermədi. İrəli və geriyə qaçmağa yol tapmayanlar “Burğa dərəsi” deyilən yolla canlarını qurtarmağa çalışırdılar.

Ərazidə vahimə yaratmaq üçün manevrin tempini aşağı salmadan, qısa müddətdə qəsəbənin içi ilə yuxarıdan aşağı hərəkətə keçib Araz çayı üzərindəki su bəndinə hücum etmək qərarımı qrupa bildirdim. Saat 11-i keçirdi. Əməliyyatın başlamasından dörd saat ötsə də, bizim qüvvələrin harada olduğu haqda məlumatım yox idi. Şükürbəyli döngəsində fəaliyyət göstərən qrupla iki dəfə radio əlaqəsi saxlamağa müvəffəq olsaq da, durum qeyri-müəyyən olaraq qalırdı.

8 illik məktəbin yanından keçib dəmiryoluna doğru hərəkət edərkən dozor qrupu sağdakı ikimərtəbəli evdə hərəkət olduğunu bildirdi. Mən irəlidən fırlanıb evlərin arxasından geri qayıtmağı işarə etdim və dayanmadan həmin evə basqın əmri verdim. Yandırılmış evlər, çəpərlər hərəkətimizi asanlaşdırırdı. Evlərdən birinin ikinci mərtəbəsində adam olduğunu dəqiqləşdirib basqına işarə verdim. Vəziyyətə operativ qiymət vermək üçün bir nəfər düşmən əsgərinin diri ələ keçirilib dindirilməsi lazım gəlirdi. Bu səbəbdən şok effekti yaratmaq üçün qranatın içəri deyil, pəncərənin kənarına atılmasını tapşırdım. Bu həm də basqın üçün işarə olmalı idi. Biz içəri girdiyimizdə qaranlıqda partlayışdan qulaqları batmış iki mülki şəxsdən başqa heç kim yox idi. Arxada dayanmış nisbətən yaşlısı əlini divara söykədiyi silaha uzadıb sərxoş tərzdə rusca “silahınızı buraxın” deyə bizə əmr (!) edəndə Dilqəm mənə baxdı, hətta təəccübdən güldü və ona silahı bizə tuşlamasına macal vermədi. Qarnına doldurulmuş qurğuşunlardan aşan adamı görəndə digəri tez əllərini yuxarı qaldırıb “məni öldürməyin” deyə yalvarmağa başladı... Əsiri dindirmək qərarına gəldik. Həmin anda bizim bilmək istədiyimiz su bəndinin mühafizəsi haqda dəqiq məlumat idi.

Əsirin cavabları bizi məyus etdi. Məlum oldu ki, onlar Stepanakert (“Xankəndi” ona görə yazmıram ki, xəritələrdə yazılan adları işlətmək professional tələbatdan irəli gəlir) milisinin əməkdaşları kimi Horadiz neft bazasından mazutun ora daşınmasına nəzarətçi kimi ezam olunublar. Hər halda bu, bizim qarşıya qoyduğumuz vəzifənin yerinə yetirilməsinə mane ola bilməzdi. Operativ durumun sürətlə dəyişməsini nəzərə alıb hücumun birbaşa deyil, Araz kənarından həyata keçirilməsini planlaşdırdım. Bu məqsədlə Mollaməhərrəmli kəndini Horadiz tərəfdən keçərək fırlanıb “Qazdoldurma məntəqəsi” deyilən nöqtədən su bəndinə doğru hərəkətə başladıq.

Saat 14-ü göstərirdi. Əməliyyatın başladığı bu 7 saat ərzində düşmən Horadiz-Mollaməhərrəmli xətti boyu, ta Araz çayınadək müdafiə məntəqələri qurmaq üçün qruplaşma aparırdı. Bizim hərəkət zolağımız operativ ərazidən bir neçə saata taktiki əraziyə çevrilmişdi. Kimya bazasının həyətini keçib kəndin kənarına burulanda heç gözlənilmədən yanmış evin həyətində bir dəstə düşmən əsgərinin birbaşa üstünə çıxdıq. Mən irəlidə gedirdim. Qarşılaşanda hər iki tərəf duruxsa da, ilk atəşi mən açıb vəziyyətdən öz xeyrimə istifadə edə bildim. Bizim güclü hücum onları çəpərləri aşıb qaçmağa məcbur etsə də, arxa evlərdəki qüvvələr tez qruplaşıb bizə şiddətli müqavimət göstərməyə başladılar. Biz açıqlılqda mövqe tutduğumuzdan vəziyyət bizim zərərimizə dəyişirdi. Tüstü qumbaralarından istifadə etməklə geri çəkilməyi bacardıq. Amma heç dəmiryoluna çatmamış keçidə qalxıb bizə tərəf gələn “ZİL” markalı avtomobildən yerə tökülüşən düşmən əsgərləri qarşımızı kəsmək istədilər. Qüvvələr bərabər olsa da, sonda onları maşını atıb qaçmağa məcbur etdik. Məhv etdiyimiz dəstənin artıq cəbhə xəttinə doğru deyil, əks istiqamətdə hərəkət etməsi artıq əməliyyatın bizim xeyrimizə doğru başa çatdığından xəbər verirdi. Buna görə də yoldan daha heç bir qüvvənin istifadə etmədiyinə əmin olduqdan sonra geriyə – Mollaməhərrəmli kəndinə hücum etməyi əmr etdim. Əmr dedikdə burada sözün klassik-nizamnamə formasında anlaşılmasın. Hər şey çox qısa komandalar və işarələr şəklində ifadə olunurdu...

73 günlük əsarətdə qalan Horadiz uğrunda son döyüş beləcə başa çatdı. Saat 15:30-da mən Arayatılı altında kəşfiyyat bölüyünə əlavə olaraq verilmiş 30 nəfərlik taqımı qəbul etdim, onları geriyə – Horadiz su anbarına gətirərək burada yerləşməsini təşkil edib Daşburun qəsəbəsinə yollandım. Böyük bir ərazidə düşmənin orda-burda gizlənmiş qüvvələri arama-tarama əməliyyatıyla zərərsizləşdirilirdi. Şükürbəyli döngəsində bizim bölüyün yeddi əsgəri və bir zabitinin həlak olduğu döyüş yerində ələ keçirilən qənimətləri saymaqla qurtarmazdı. Bu nöqtədə əməliyyata o vaxtkı kəşfiyyat rəisini əvəz edən baş leytenant Kamal Zülfüqarov və onun köməkçisi kapitan Elxan Zülfüqarov (ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi) başçılıq edirdilər. Bizim hücum edən tərəf olmamız və düşmənin çoxsaylı itkiyə məruz qalması verdiyimiz şəhidlərin taktika qanunlarına uyğun olmasını önə çəkir. Digər tərəfdən, düşmən arxasında fəaliyyət (kəşfiyyat, diveriya, desant və s.) zamanı gözlənilməyən faktorların şəraiti kökündən dəyişməsi fikrinə söykənərək bu itkiləri təbii sayanlar da haqlıdırlar. Mən bütün bunlara şərik olsam da, yenə də daha çox subyektiv amillərə üstünlük verib, bu nöqtədəki əməliyyatın planlaşdırılmasında, hazırlığında və icrasında buraxılmış səhvləri daha çox fikirləşirəm. Kəşfiyyatçıya yalnız onun ölümü bəraət verər” qanununu qəbul edir və bu şəhidlərəmizin bizimlə müqayisədə yeganə bəraət almış insanlar olduğunu düşünürəm.

 





18.02.2013    çap et  çap et