525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur (davamı)


 

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur <b style="color:red"> (davamı)</b>

Rusiya imperatriçası Deni Didronu ölkəsinə dəvət etdi və gəlib çıxanda ona təlqin etdi ki, “adamla adam kimi” mülayim qaydada danışaq. Didro bunu etdi və uzağa gedən siyasi və maliyyə islahatları barədə məsləhətlər verdi. Lakin Yekaterinanın maarifçilik islahatı bədbincəsinə qarşılanırdı. O, Didroya deyirdi: “Əgər mən inansam ki, hər şey mənim səltənətimdə aşağı tərəfə dönəcək: qanunvericilik, inzibatçılıq, maliyyə – bunların hamısı baş-ayaq olacaq, onda onların hamısı praktiki olmayan nəzəriyyələrə ev qurmağa çevriləcəkdir”. Maarifçilik islahatı Yekaterina üçün reallıqdan daha çox bir arzu olaraq qaldı. Ona görə də daha böyük qüdrət və daha çox əhəmiyyətə sahib olmaq üçün müharibələr aparmağa başladı.

Yekaterinanın tənqidçiləri onun enerjisini və inzibati qabiliyyətini etiraf etməklə yanaşı, hökmranlığının nailiyyətləri üçün onun öz tərəfdarlarına borclu olduğunu iddia edirlər. Rusiya cəmiyyətinin tarixi inkişafı isə imperatriçanın xidməti idi. Onlar Yekaterinanı qadın kimi mühakimə etdikdə isə, onunla olduqca sərt davranırdılar.

Onun şəxsi həyatı, etiraf edildiyi kimi, heç də nümunəvi deyildi. O, 67 yaşında gözlənilməyən ölüm anına qədər gənc məşuqlara malik idi. Potyomkinlə sevişməsi başa çatdıqdan sonra o, bəlkə də imperatriçanın morqanatik əri idi, rəsmi favoritlər ən azı bir dəfə dəyişilmişdi. O, qəşəng, elə bir əhəmiyyəti olmayan gənc oğlanları seçirdi, onlar birinin dediyi kimi, yalnız “qızlar saxlayırdılar”. Ona görə də, çox vaxt onun böyük işləri əvəzinə qüsurlu əxlaqı yada salınır. Latın aforizmində deyilirdi: “Ağıllı adam öz meyllərini idarə edir, səfeh adam isə onun köləliyində olur”. Yekaterinanı səfeh adam adlandırmaq ədalətsiz olardı. İmperatriça məhəbbət anlarını yaşamaqla yanaşı saysız-hesabsız əyləncələri sevirdi, lakin onlar bu qadını başqalarından ayırırdı. O, öz oğlu Paveli sevmirdi, bu adam isə qanuni varis idi və ana onun taxt-tacını tutmuşdu. Digər tərəfdən o, öz nəvələrinin vurğunu idi, xüsusən də böyük nəvəsi Aleksandrın. Yekaterina istəyirdi ki, məhz bu nəvəsi onu taxt-tacda əvəz etsin. Dostluğunda o, loyal və əliaçıq idi, adətən öz düşmənlərinə rəhmdillik göstərirdi. Bu sahədə “clementia”nı – “rəhmdilliyi” öz həyat devizi etmiş Qay Yuli Sezara bənzəyirdi. Avropanın ən görkəmli zəkaları isə onun barəsində bütövlükdə şişirdilmiş təriflər söyləyirdilər.

Volterin və Didronun dostu olmaqla, o, bu filosoflarla məktublaşırdı. O, ədəbiyyatın himayəçisi və Rusiya mədəniyyətini irəli aparan idi. O, özü də yazırdı, elmləri təqdir edirdi, məktəblər yaradırdı. Rəssamlıq nümunələrini toplayırdı, özü də hər şeyə ehtirasla yanaşırdı.

Yekaterinanın tam açıq şəkildə memuarlarını və məktublarını oxuduqca, biz canlı və hər şeyə nüfuz edən bir ağılı müşahidə edirik. O, özünün maarifçilik prinsiplərini və Rusiyanın kədərli feodal gerçəkliyini müəyyən mütənasibliyə gətirməyə və barışdırmağa çalışır. II Yekaterina tikirdi, fəth edirdi, ölkəni islahata uğradır və onun həyatını təşkil edirdi, qururdu. Bu məsələlərdə o, heç də orijinal nümunə ola bilməzdi, çünki XVIII əsrin bütün böyük monarxları özlərini belə aparırdılar.

I Pyotrun vəfatından 18 il sonra Avropanın bu qızının Rusiyaya gəlməsini, o, özü çarın sivilizasiyaya və böyüklüyə doğru hərəkətinin davamı kimi hesab edirdi. Naməlum ölkəyə yollanan və imperator hissiyyatı ilə, ağalıq ambitsiyaları və Prussiya kralının intriqaları ilə cuşə gələn bu yeniyetmə qız böyük macəralar yoluna qədəm qoymuşdu.

Yekaterina məhəbbəti lazım olan yerlərdə axtarmırdı. “Özüm haqqında deyə bilərəm ki, qadın ağlı ilə deyil, məhz daha çox kişi ağlı ilə fərqlənən həqiqi centlmenəm”. O, Potyomkinə yazmışdı: “Bəla orasındadır ki, ürəyim bir saat da olsun sevgisiz yaşamaq istəmir. Məni həmişəlik öz yanında saxlamaq istəyirsənsə, onda bərabər dərəcədə öz sevgini və dostluğunu göstər, hər şeydən daha çox yalnız məni sev və mənə həqiqəti de”.

Rusiyada baş çıxarmaq, onu idarə etmək asan məsələ deyildi. Yenicə dünyaya gəlmiş ABŞ kimi Rusiya da quldarlıq ölkəsi idi. Rus tarixçilərindən fərqli olaraq Qərb tarixçiləri, Qərb ictimaiyyəti təhkimçiliyi quldarlığın bir növü hesab edirlər. İngiltərə bu kölə sistemindən hələ XIV əsrdə uzaqlaşmışdı. Bu ona görə quldarlıq hesab olunur ki, təhkimçilik quruluşunda təhkimçi kəndlilər özəl mülkiyyət hesab olunmaqla, onu satmaq və almaq olardı.

Amerikanın bani-ataları kimi, Yekaterina tezliklə Maarifçilik epoxasına özünün entuziazmı ilə quldarlıq arasındakı paradoksla barışmaq məcburiyyətində qaldı. O, Volterlə və Avropa maarifçiliyinin digər nəhəngləri ilə yarım açıq yazışmasında insan haqları məsələsini müzakirə edirdi. Bu yazışma da ictimai intellektin və diplomatiyanın incisinə çevrildi. Fransız ensiklopedisti Deni Didro bir neçə ay Sankt-Peterburqda Yekaterinanın qonağı olmuşdu, həm də imperatriça Didronun kitabxanasını almışdı. O, həmin dövrdə Avropada satışa çıxarılan köhnə dahi rəssamların kolleksiyalarının bir hissəsini almaqla avropalılara göstərdi ki, “Şərqdə qardan və canavarlardan başqa da nəsə vardır”.

Yekaterinanın şəxsi həyatının mürəkkəbliyi ucbatından onu tarixçilər daha çox qınayırlar. Yekaterinanın bütün ömrü boyu 12 məşuqu olmuşdur. Onlardan bəziləri ilə o, uzun müddətli, ehtiraslı və tam sədaqətə əsaslanan münasibət saxlayırdı. Onlardan bəziləri dahi şəxsiyyətlər idi. Məsələn, Qriqori Orlov Yekaterinaya ağlı taraz olmayan əri III Pyotru devirib, öldürməkdə kömək etmişdi. Digəri, Qriqori Potyomkin Rusiyanın cənubunda türklərdən nəhəng ərazilər almışdı. II Yekaterina öz məşuqu Potyomkini “epoxanın ən böyük orijinalı” adlandırırdı. Onun digər məşuqları yaxşı görünüşü olan gənc kişilər idi, lakin bu münasibətlər uzun sürmürdü.

Ancaq Yekaterina epoxasında hər bir şəxsi iş də siyasət hesab olunurdu, bu qadın da öz məşuqlarından çoxu ilə intim əlaqələri kəsildikdən sonra da onlardan istifadə etməsini davam etdirirdi. Onlardan biri olan Stanislav Ponyatovskini Polşanın kralı etdi və məhz onun vaxtında polyakın doğma Vətəni parçalandı, sonra isə Rusiya imperiyasının tərkibində əridi.

Lakin belə seriya şəkilli təknikahlılıq heç də Yekaterinanın hissiyyatı ilə izah olunmur. O, sevmək və sevilmək istəyirdi. O, iyrənc əri ilə emosional vakuumda yaşayırdı. Potyomkinə yazdığı məktubdan görünür ki, ona təkcə fiziki məmnuniyyət deyil, həm də ağıllı və sevilən dostluq ünsiyyəti lazımdır. O, 16 yaşı olanda psixi vəziyyəti ümid doğurmayan yeniyetməyə ərə getmişdi və bu ər doqquz il ərzində nikah çarpayısında ona toxunmamışdı. Sonralar Fransa kralı olmuş XVI Lui də gənc arvadı Mariya Antuanetta ilə yeddi il ərzində intim yaxınlıq etməmişdi, bu onun cinsi orqanındakı fəsadla əlaqədar idi və yalnız qaynı, gələcək Müqəddəs Roma imperatoru II İosifin təkidindən sonra üzərində cərrahiyyə əməliyyatı aparılmasına, əslində özünə sünnət olunmasına razılıq verdikdən və əməliyyat uğurla başa çatdıqdan sonra gözəl xanımı ilə əsl ər-arvad münasibətləri saxlaya bilmişdi.

Yekaterinanın üç uşağını elə doğum anında qarayaxa və qısqanc ögey nənə olan Rusiya imperatriçası Yelizaveta onun əlindən almışdı. Yaşa dolduqca o, gənclik fəvvarəsini axtarmağa maraq göstərmişdi. O, özünü gənc qadın kimi aparmaq istəyirdi, bunu ehtirasla və cavan kişilərə uymaqla eyniləşdirirdi. Yekaterina təkcə Rusiyanın tiranı deyildi, həm də canı və qanı olan bir qadın idi.

Bir imperatriça kimi isə o, öz ölkəsinin sərhədlərini genişləndirməyə can atır və buna əsasən nail olurdu. Bu məsələdə də o, Böyük Pyotrun ləyaqətli varisi olduğunu bir daha sübuta yetirdi.

 

Tomas Cefferson 

Fermopil keçidindəki döyüşün qəhrəmanı, Sparta çarı Leoniddən soruşduqda ki, niyə adamlar şərəfli ölümü şərəfsiz həyatdan üstün tuturlar, o, cavab verdi: “Onlar hesab edirlər ki, həyat və ölüm təbiətin işidir, şərəf və şərəfsizlik isə bizim”.

     Plutarx

Azmağa minlərlə yol aparır, həqiqətə isə yalnız biri.

Jan-Jak Russo

Birləşmiş Ştatların üçüncü prezidenti, İstiqlaliyyət Deklarasiyasının əsas müəllifi və nüfuzlu siyasi filosof Tomas Cefferson 13 aprel 1743-cü ildə Virciniyanın Albemarl qraflığının Şadyell şəhərində anadan olmuşdu. Onun atası qraflığın ilkin məskunlarından biri və lideri idi. Tomasın 14 yaşı olanda atası ölmüşdü və oğluna xeyli mülkiyyət qoyub getmişdi. Bu irsin hesabına o, yaxşı klassik təhsil almışdı. 1760-cı ildə o, Uilyam və Mariya kollecinə daxil olmuşdu. Gənc olmasına baxmayaraq Uilyamsburqun üç aparıcı sakini ilə dostluq etmişdi. Bu üç xeyli yaşlı adam Ceffersona şəhər cəmiyyətinin dəyərlərinə, yaxşı cəhətlərinə zövq aşılamışdılar. Onlardan biri onu intellektual həvəsə istiqamətləndirmiş, digəri onda təbiət elmlərinə, tədqiqatın rasional metodlarına maraq oyatmışdı. Üçüncüsü isə ona tarixi, mədəniyyəti, institutları və adamların əxlaqını başa düşməklə, qanunu öyrənməyin yolunu göstərmişdi.

Kolleci iki ilə bitirdikdən sonra axırıncının rəhbərliyi altında beş il qanunu öyrənməklə məşğul olmuş və 1767-ci ildə vəkilliyə qəbul edilmişdi. 1769-cu ildə isə o, koloniya qanunvericilik parlamentinin aşağı palatasına daxil olmuş və beləliklə, gələcəkdə onun Birləşmiş Ştatların prezidentliyindən istirahətə yollanacağı vaxta qədərki 40 il müddətində davam edən uzun siyasi karyerası başlanmışdı.

Cefferson Burgess palatasına daxil olanda Virciniya və digər koloniyalar on il ərzində Britaniyanın müstəmləkə siyasətinə qarşı müxalifət mövqeyində dayanmışdı, bu isə labüd olaraq inqilaba və müstəqilliyə aparacaqdı. Cefferson Patrik Henri ilə yanaşı daim kral III Corca güclü müqavimət göstərən digər şəxslərə qoşuldu və tezliklə bu qrupun liderlərindən birinə çevrildi. Onun siyasi üslubu Henrininkindən çox fərqli idi. O, bir alim kimi qanunçuluq və tarix sahəsindəki biliyini Böyük Britaniyaya qarşı olan hərəkatı daha məharətlə dəstəkləməyə sərf edirdi. O, nadir hallarda çıxış edirdi, söz müzakirələrini sevmirdi, səmərəli siyasi fəaliyyət üçün razılaşmanın zəruri olmasını qəbul edirdi. Onun ilk essesi olan “Britaniya Amerikası haqlarına məcmu baxış” (1774-cü il) onun güclü qabiliyyətini və ehtirasını nümayiş etdirirdi, intellektual radikalizmə meylini açıb göstərirdi. Bu vaxt onun kolleqalarından heç kəs Britaniya parlamentinin qanunvericiliyə görə koloniyalar üçün heç bir səlahiyyətə malik olmadığı barədə gəldiyi nəticəni qəbul etməyə hazır deyildi. Ancaq Böyük Britaniya ilə münasibətlər getdikcə daha da pisləşirdi.

Onun arqumentləri daha qəbul edilən olmaqla, dili isə həm inandırıcı, həm də adamları hərəkətə gətirən idi. “Allah bizə həyat verməklə, eyni zamanda azadlıq vermişdir; güc əli onları məhv edə bilər, lakin bir-birindən ayıra bilməz”.

1775-ci ilin yazında Virciniya qanunvericiliyi kral qubernatoruna açıqca tabe olmamaqla, inqilabi qurultayını keçirdi və Ceffersonu Filadelfiyada toplaşacaq İkinci Kontinental Konqressə yollanacaq öz nümayəndə heyətinin üzvü təyin etdi. Burada o, Konqressdəki radikal qrupa qoşuldu və bir komitə üzvü kimi yenə də onun bacarığı, yazı qabiliyyəti və yanaşma üslubu qiymətləndirildi və bunlardan istifadə edildi.

1776-cı ilin iyununda Böyük Britaniya ilə əlaqəni tamam kəsmək qərarı yaxınlaşdıqca, Cefferson bu qərarın səbəblərini göstərən rəsmi bəyanatın layihəsini hazırlayan komitəyə təyin edildi. İstiqlaliyyət Deklarasiyasını hazırlamağa ondan başqa Con Adams, Rocer Şerman, Robert Livinqston və Bencamin Franklin seçilmişdi. Bencamin Franklin və Con Adams virciniyalının yüksək istedadını etiraf edib, minnətdarlıq şəklində buna baş əydilər. Beləliklə, Cefferson İstiqlaliyyət Deklarasiyasının başlıca müəllifinə çevrildi. Bu rəsmi dövlət sənədi idi və sonrakı dövrdəki həyatında da o, bəyan etmişdi ki, bu sənəd o vaxtlar da amerikan rəyini ifadə etmək məqsədini güdürdü. Bu, heç şübhəsiz, doğru idi, lakin həm də bu da doğru idi ki, Deklarasiyanın prinsiplərinə onun şəxsi münasibətinin özü də dərin və çox güclü idi. Bu sadəcə ədəbi müəlliflik deyildi, Cefferson Deklarasiyada ifadə olunan idealların unikal simvolu olmaq düşüncəsini yaradırdı.

(Ardı var)

 





18.02.2013    çap et  çap et