525.Az

"Həm balıqçılıqda, həm də ovçuluqda brakonyerlik böyük bəladır"


 

"Həm balıqçılıqda, həm də ovçuluqda brakonyerlik böyük bəladır"<b style="color:red"></b>

İnsanlar hələ qədim dövrlərdən ovçuluqla məşğul olublar. Bu, ov əldə etməklə yanaşı, insanın özünü mahir nişançı kimi təsdiq etməsi mənasını da daşıyır.

Ovçuluq həm də asudə zamanı maraqlı keçirməyə, ecazkar təbiətlə ünsiyyət qurmağa xidmət göstərir. Lakin ov etməyin də özünəməxsus qaydaları var.

Bəs, ovçuluqla məşğul olmağa həvəs göstərən yüzlərlə insana silahla davranış, ovçuluğun qaydaları və təbiətin qorunması necə öyrədilir?

Ovçuluqla bağlı bizi maraqlandıran suallara cavab tapmaq üçün Hərbi Ovçuluq İttifaqının direktor müavini, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayevlə söhbət etdik.  

-Rasim müəllim, siz Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti olmaqla bərabər, Hərbi Ovçuluq İttifaqının da rəhbələrindən birisiniz. Yaxşı olar ki, ittifaqın yaranması və fəaliyyət istiqamətləri barədə məlumat verəsiniz.

- Hərbi Ovçuluq İttifaqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyul, 2013-cü ildə imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində yaradılıb. Qurumun əsas vəzifələri ovçuluğun təşkili, ovçuların maarifləndirilməsi, flora-faunanın öyrənilməsi, təbiətin qorunması, silahla düzgün davranış və ovçuluq ənənələrini təbliğ etməkdən ibarətdir. Hərbi Ovçuluq İttifaqına üzv olanlara ovçuluğun qaydaları, ov silah-sursatlarından təhlükəsiz istifadə öyrədilir. Digər vəzifələrimiz ovçuluq təsərrüfatlarının yaradılması, bu təsərrüfatlarda xidməti təşkil etmək, ovçuluq turizmini inkişaf etdirməkdir. 

"Üzvlərə ovçuluq evlərində xüsusi endirimlər edilir, onlar beynəlxalq idman-ovçuluq yarışlarında və sərgilərdə iştirak edə bilirlər" 

- Quruma üzv yazılanlar hansı hüquqlara malikdirlər?

-İttifaqa üzv yazılanlara ovçuluq bileti verilir. Bu biletə sahib olanlar bütün ovçuluq təsərrüfatlarında ov etmək, ovçuluq evlərinin xidmətlərindən xüsusi endirimlərlə istifadə etmək, beynəlxalq idman-ovçuluq yarışlarında və sərgilərdə iştirak etmək hüququna malikdirlər.

-Yeri gəlmişkən, ovçuluqla məşğul olmaq üçün hansı ərazilərdən istifadə olunur?

- İmişli, Sabirabad, Kürdəmir və Saatlı rayonlarının ərazisində yerləşən "Sarısu" və "Şərbətqobu" gölləri Hərbi Ovçuluq İttifaqının ovçuluq təsərrüfatlarıdır. Bu göllərdə ovçuluğun təşkili bizim qurumun öhdəçiliyindədir. Digər ovçuluq təsərrüfatlarında ov etmək üçün isə təsərrüfatların mənsub olduğu qurumlardan icazə alınmalıdır. Ümumiyyətlə, ovçuluq təsərrüfatlarında ov etmək üçün icazəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi tənzimləyir. Onu da deyim ki, əsas məqsədlərimizdən biri də brakonyerliklə mübarizədir. Belə ki, həm balıqçılıqda, həm də ovçuluqda brakonyerlik böyük bəladır. Belə ki, elektrik cərəyanı və digər üsullarla balıq tutmaq, quşları, heyvanları kütləvi şəkildə qırmaq təbiətə  ziyan vurmaqdan başqa bir şey deyil. Heyvanların, quşların ovlama vaxtları var. Bu, əsasən, onların nəsillərinin artırılması və digər amillərdən asılıdır . 

"Nümunəvi ovçu olmağın əsas şərtlərindən biri də silahla ehtiyatlı davranmağı bacarmaqdır" 

-Hər bir sahədə olduğu kimi nümunəvi ovçu olmağın da öz şərtləri var...

-Nümunəvi ovçu olmağın əsas şərtlərindən biri silahla ehtiyatlı davranmağı bacarmaqdır. Silahla düzgün davranmamaq, qaydaları pozmaq ovda bədbəxt hadisələrə gətirib çıxarır. Ovçular, əsasən, tanımadıqları insanlarla deyil, ən yaxınları, dostları ilə istirahətə çıxırlar. Ehtiyatsızlıq bütün istirahəti puç edə bilər. Biz qəzaların baş verməməsi üçün xüsusi kurslar təşkil edirik. Nəzəri və praktiki məşğələlərin tədris proqramı ilə ovçuluğa yeni başlayanlara silahla davranış qaydaları öyrədilir, ov edərkən təbiətə və insanlara qarşı məsuliyyətli olmaq tövsiyə olunur.

- Bəs, ovçuluqla məşğul olmaq istəyənlər lazım olan ləvazimatları necə əldə edirlər?

- Ovçuluqda lazım olan ləvazimatları Hərbi Ovçuluq İttifaqının mağazalarından əldə etmək mümkündür. Həm peşəkar  ovçular, həm də həvəskarlar bu mağazalarda istədikləri ov silahlarını, ovçuluq ləvazimatlarını sifariş verə bilərlər .

- Hərbi Ovçuluq İttifaqının hazırda nə qədər üzvü var?

- İki ildir yaranmasına baxmayaraq ittifaqın iki minə yaxın üzvü var. Onu da deyim ki, gənclərin ovçuluğa marağı daha çoxdur. Nişan almaq , hədəfə atəş açmaq atıcılıq idman növü olan sportinqə həvəsi çoxaldır. Sportinq idmanı ilə məşğul olanlar ovçuluqdan fərqli olaraq canlı heyvanlara yox, keramik hədəflərə atəş açırlar.

"Sportinqin üstünlüklərindən biri də odur ki, bu idman növü ilə məşğul olmaq üçün yaş məhdudiyyəti yoxdur"

-Yəqin ki, qurumun fəaliyyəti sportinqin inkişafına da öz töhfəsini verəcək.

-Hərbi Ovçuluq İttifaqına üzv yazılanların həm də sportinq idman növünə maraq göstərməsi sevindirici haldır. Bu, ölkəmizdə sportinqin inkişafına, atıcılıqla məşğul olanların sayının artmasına xidmət göstərəcək. Bu gün atıcılıq ölkəmizdə inkişaf edir, sərrastlıq, dəqiqlik tələb edən atıcılıq yarışlarına maraq getdikcə çoxalır. Azərbaycan Atıcılıq Federasiyası bu istiqamətdə səylə çalışır. Atıcılığın bütün növləri olduqca maraqlıdır. Bu növlər arasında sportinq daha əyləncəli və ən çox müraciət olunan idman növüdür. Sportinq Olimpiya Oyunlarının proqramına daxil olmasa da, bu idmanla məşğul olanların sayı olduqca çoxdur. Bu idman növünün üstünlüklərindən biri də odur ki, yaş məhdudiyyəti yoxdur. Hazırda mahir nişançı olmaq istəyənlər sportinqlə həvəslə məşğul olurlar. Qeyd edək ki, Avropa ölkələri sportinq ilə artıq yüz ildən çoxdur ki, tanışdırlar. Azərbaycan keçmiş MDB ölkələri arasında sportinqin inkişaf etdiyi dördüncü ölkədir.

P.S. Hərbi Ovçuluq İttifaqı "Xidməti və mülki silah haqqında", "Ovçuluq haqqında" qanunlarla müəyyən edilmiş qaydada ov silahını, atıcılıq sursatını, ovçuluq-balıqçılıq ləvazimatını, idman inventarını və digər ovçuluq əşyalarının alınmasını və satışını, təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün tədbirlər həyata keçirir. Bundan başqa qurum təbii fəlakət və digər səbəblər nəticəsində istifadəsində olan ərazilərdə dağılan və ya məhv olan ovçuluq təsərrüfatlarını bərpa etmək, ovçuluq təsərrüfatlarında vəhşi heyvanların təbii və süni artırılmasını, onların yaşayış mühitinin qorunmasını və yaxşılaşdırılmasına yönəldilən kompleks tədbirləri də həyata keçirmək ixtiyarındadır.

 





19.05.2016    çap et  çap et