525.Az

Yaponiyada Dağlıq Qarabağ probleminə veriliş həsr olundu


 

CANLI EFİR VASİTƏSİLƏ YAPONİYA İCTİMAİYYƏTİ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ İLƏ BAĞLI MƏLUMATLANDIRILIB

Yaponiyada Dağlıq Qarabağ probleminə veriliş həsr olundu<b style="color:red"></b>

Mayın 16-da Yaponiyanın "World Investors TV" internet televiziyasının canlı buraxılışı Dağlıq Qarabağ probleminə həsr olunub.

Verilişin qonaqları Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, elektronika sahəsində görkəmli alim, əslən azərbaycanlı Xəlil Kələntər və Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının fəxri prezidenti, doktorant tələbə Əlibəy Məmmədov Dağlıq Qarabağ haqqında geniş məlumat veriblər.

Ə. Məmmədov qeyd edib ki, Dağlıq Qarabağ problemi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ilə əlaqədar olaraq Ermənistan və Azərbaycan arasında baş vermiş münaqişədir: "Bu region "de yure" Azərbaycan torpaqları olmasına baxmayaraq, hazırda "de fakto" erməni işğalçı qüvvələrinin nəzarəti altındadır. Beynəlxalq səviyyədə də bütün dövlətlər və beynəlxalq qurumlar tərəfindən Azərbaycan torpaqları olaraq tanınmasına rəğmən, hazırda bu ərazilərdə yalnız ermənilər yaşayır. Bir nəfər də olsun azərbaycanlı öz doğma torpağında yaşamaq hüququna malik deyil. Ermənistan hakimiyyətinin işğalçı siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayondan olan azərbaycanlılar ölkə daxilində məcburi köçkünə çevrilib, öz yurd-yuvalarından didərgin salınıblar".

Aprelin əvvəlində Ermənistanla Azərbaycan arasında baş verən böyük toqquşma ilə bağlı danışan Ə. Məmmədov bildirib ki, "4 günlük müharibə" adı ilə tarixə düşən bu hadisələr zamanı Ermənistan işğalçı qüvvələri Azərbaycanın mülki əhalisini hədəfə alaraq xeyli dağıntılara, insan tələfatlarına səbəb olublar: "Azərbaycan tərəfi buna adekvat cavab verərək düşmənin yalnız hərbi mövqelərinə zərbələr endirib. Döyüşlər nəticəsində Azərbaycan silahlı qüvvələri mülki əhali üçün təhlükə mənbəyinə çevrilmiş bir neçə strateji yüksəklikləri və kəndləri düşmən tapdağından azad edib. Bununla da atəşkəsin elan edilməsindən 22 il sonra ilk dəfə olaraq hərbi status-kvo Azərbaycanın xeyrinə dəyişib. Siyasi status-kvonun dəyişməsinə ümidlər daha da artıb".

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri X.Kələntər isə Azərbaycana qarşı Ermənistanın işğalçı siyasətini kəskin şəkildə pisləyib, bu işdə ermənilərə yardımçı olan Rusiya hakimiyyətini tənqid edib. O qeyd edib ki, bu ərazilərdə tarixən ermənilər yaşamayıb: "Onlar sonradan çar Rusiyasının məkrli siyasəti nəticəsində tarixi Azərbaycan torpaqlarına köçürülüblər. Daha sonradan ermənilərə bir dövlət yaratmaq ehtiyacı yarananda Rusiya tarixi Azərbaycan torpaqlarını öz istədiyi kimi Ermənistana pay verməklə Azərbaycan torpaqlarının bölünməsi hesabına Ermənistan dövlətini yaradıb. Ruslar Azərbaycanın qədim xanlıqlarından olan İrəvanı, Zəngəzur mahalını ermənilərə verilməsinə nail olublar. Bununla belə ermənilər öz ekspansiya siyasətindən əl çəkməyərək Naxçıvan və Qarabağa göz dikiblər və buranın hüquqi sahibləri olan azərbaycanlılara qarşı dəfələrlə soyqırım siyasəti həyata keçiriblər".

X. Kələntər vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarını qeyri-şərtsiz boşaltmasına dair BMT-nin 4 qətnaməsi var: "822, 853, 874, 884 saylı qətnamələrdə Ermənistan işğalçı qüvvələri tənqid edilsə, onlardan Azərbaycanın doğma torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, bu tələblər bu günədək yerinə yetirilməyib. Ermənistan hakimiyyəti buna məhəl qoymur, beynəlxalq hüquqa qarşı hörmətsizlik, saymamazlıq edir".

Canlı efir zamanı Xocalı soyqırımından da söhbət açılıb və 20-ci əsrin ən böyük cinayətlərindən biri kimi pislənilib.

Ceyhun ABASOV

 





19.05.2016    çap et  çap et