525.Az

Mir Şahin: "Hafiz Hacıyevin, doğrudan da, QULAQ-a ehtiyacı var" (VİDEO)


 

Mir Şahin: "Hafiz Hacıyevin, doğrudan da, QULAQ-a ehtiyacı var"<b style="color:red"> (VİDEO)</b>

…Əkrəm Əylisli romanı davam edir. Yazıçı Soljenitsına oxşamasa da ortada bir arxipelaq QULAQ artıq var. Və bu “Arxipelaq QULAQ”ın müəllifi Hafiz Hacyevdir. Məsələ burasındadır ki, siyasətçinin Əkrəmin qulağının kəsilməsinə verdiyi fətva təkcə bir qulağa problem yaratmayıb. İndi dövlətimizin qulağı ağrıyır. Bu avantürist çağırışdan sonra Azərbaycan - adına ümumi olaraq Qərb dediyimiz qütbün kəskin ittihamları ilə üz-üzədir. Niyə bu baş verdi? Bəlkə orta statistik azərbaycanlının orta həddi gözləyə bilməmək bəlası öz sözünü dedi? Bəlkə Əkrəm Əylisli kimi cazibədar mövzu ətrafında bütün hədləri keçən ictimai qınaqdakı ifratçılıq fəsad verdi? Bəlkə… Bəlkələrin sayını artırmaq da olar. Amma burası faktdır ki, bir ehtiyatsız bəyanat Azərbaycan dövlətinin imici üçün ciddi problem oldu. Əkrəm Əylislinin “Daş yuxular” romanı Azərbaycana bir dövlət olaraq hansı problemi yaratmışdısa, Hafiz Hacıyevin də yazıçıya özünəməxsus QULAQ burma vermək cəhdi də azərbaycanlı adına eyni problemi yaratdı. Ağ Evə qədər gedib çıxan bu çağırış beynəlxalq gözdə onsuz da bir sıra halları ilə qüsurlu görünən dövləti imicimizə toxundu. İndi dövlət strukturları yaranmış bu problemin girovuna çevrilib. Bunu etiraf etməsək belə.

Əkrəm Əylislinin təhlükəsizliyinin qorunması həmişəkindən daha aktualdır.
İctimai qınaq təbii ki, proseslərə ümumi rəyin təsiri baxımından müstəsna əhəmiyyətə malikdir. Amma bu qınaq təhdidə çevrilirsə, vəziyyət kriminal şəkil alır. Hafiz Hacıyev bəlkə də qəzəbində səmimi idi. Amma kimdi indi buna baxan? Real vəziyyət bundan ibarətdir ki, dövlətə “ayı xidməti” göstərilib. Dünənədək Əkrəm Əylislini total şəkildə sadəcə pisləyənlərin hərəkəti indi tamamilə başqa cür görünür. Belə çıxır ki, hamı yazıçının qulağının kəsilməsi ideyasını yerində hesab edir. Əkrəm Əylislinin “Daş yuxular” romanı ətrafında Azərbaycan təəssübkeşlərinin Biləcəri siyasətinin effekti uzaqbaşı Neftçilər prospektində öz qüvvəsini itirir. Tarixçilərimiz bu əsərdə istinad edilən tarixi mənbələrə onsuz da inanmayan azərbaycanlılara cidd cəhdlə sübut edirlər ki, yazılan fikirlər iftiradır, böhtandır və s. Amma nəinki Rusiyada, dünyanın bir sıra qeyri-MDB ölkələrində də “samizdat” yolu ilə çap edilib yayılan bu əsərin təkzibi üçün hər hansı təsirli addımlar atılmır. Bildiyimizə görə, “Drujba Narodov” jurnalını məhkəməyə verən də yoxdur. Bəlkə kimsə “Daş yuxular”ın tam əksini isbat edən bir əsər yazaraq elə həmin dərgiyə göndərib, bizim xəbərimiz yoxdur. Ola bilər…

Əlbəttə Əkrəm Əylislinin yazıdan sonrakı davranışı da qəribə görünür. Burda bir neçə məqam var ki, onların üzərində dayanmaq istərdim. Yazıçı əsəri təbii ki özü üçün yazmır. O oxucular üçün işləyir və oxucu bu əsəri qəbul etmirsə deməli problem ciddidir. Bu baxımdan Əkrəmin öz əsərini bu boyda fiaskodan sonra da gözüyumulu müdafiə etməsi camaatın qəzəbinə səbəb olur. İkinci məsələ isə yazıçının bütün mümkün boşluqlara düşməsi ilə bağlıdır. Məsələn, tutaq ki, Əkrəm Əylisli səhv edib, amma bu səhvi etiraf etməkdən qorxur. Valideyn öz övladından imtina edə bilməz ki. Amma bu arada elə hadisələr baş verib ki yanından şərhsiz ötüşmək mümkün deyil. Bizcə, Azərbaycan yazıçısını öz doğma oxucularının, azərbaycanlıların tənqidindən daha çox, erməni yazıçılarının tərif, müdafiə bəyanatları narahat etməli idi. Sözün düzü ermənilərin ilk müdafiə bəyanatlarından sonra mən Əkrəm Əylislini qəzəbli şəkildə erməni yazıçılarının üzərinə gedəcək, özünəməxsus məntiqlə onları susduracaq bir şəxs kimi görürdüm. Heç kimə heç nə deməsəm də elə düşünürdüm ki, Əkrəm müəllim onlara sərt şəkildə etiraz edəcək: hətta öz beynimdə mümkün mətnin konturlarını da cızmışdım: təxminən belə bir şey gözləyirdim: “ Qayğınıza görə sağ olun. Amma bu dövlətimlə mənim aramda olan məsələdir və siz buna qarışmayın”. Ya da belə: “Mənim ermənilərin müdafiəsinə ehtiyacım yoxdur!”. Yəni, Əkrəm əylisli “Daş yuxular”ı yazsa da ağıllı adamdır. Və yəqin mənim indi toqquşdurduğum fikirlərdən, ermənilərə hələ ki, yazılmayan, bəlkə də heç vaxt yazılmayacaq ehtimali məktubdan daha tutarlı nələrsə yaza bilərdi. Amma bu nəinki baş vermədi, əksinə Əylisli hər dəfə haqlı olduğunu elan edir. Onu demək olar ki, yalnız ermənilərin müdafiə etdiyinin fərqində deyil. Baxmayaraq ki, azərbaycanlının mövqeyini azərbaycanlılar yox, ermənilərin qoruması artıq ciddi siqnaldır. Vaxt isə Əkrəmin təkcə saatından yox, elə ömründən də gedir.

Hafiz Hacıyevə gəlincə, bizcə onun doğrudan da QULAQ-a ehtiyacı var. Azərbaycan haqqında deyilənləri eşitmək üçün!



 





18.02.2013    çap et  çap et