525.Az

Məni doğduğun üçün üzr istəyirəm


 

Məni doğduğun üçün üzr istəyirəm<b style="color:red"></b> “…Amma ən pis ölüm ana kimi ölməkdir!
Bilirəm, analar yaşatmaq üçün yaranıb.
Ölən uşaqlığımın xatirəsini yaşat
Ən sevdiyin ölünün xatirinə!”
(Anama yazdığım şeirdən)
 
Qaraçı qız mənə yaxınlaşıb mızıldamağa başlayanda 100-cü yılda bir tələbə restoranının önündə dayanıb dostumu gözləyirdim. “Abi, beş milyon ekmek parası” deyə yalvaran bu qızcığazın üstünə sanki bütün Ankaranın kiri hopmuşdu.Uşaqlığım-anamın məni çimizdirdiyi vaxtlar  yadıma düşdü. Başımı bəzən sabunla, bəzən də göz yandırmayan gözəl qoxulu şampun ilə yuyardı. Mən istəyərdim ki, anam həmişə Tom və Cerri şəkilli şampundan istifadə etsin. Amma bu məsələ daha çox atamın cibinə bağlı imiş, bilmirdim. İndi isə əlim öz cibimdə idi və bu balacanın məsum baxışları gözümü deşirdi:”Beş milyon ekmek parası…” Mən uşaq olanda biz heç vaxt nisyə çörək almamışıq. Atam 8-ci kilometr qəsəbəsində bazarın üzbəüzündə çörək dükanı işlədirdi və tələbə idi. Bir gün onun dəmir qutuya bənzər mağazası bağlandı. Qutunu bizim evin yaxınlığındakı zibilliyə tulladılar. “Dədə, çörəyi zibilə atmazlar, hə? Günah deyil, bəs?” Bir zamanlar mən də bu qaraçı qız kimi məsum olmuşam.  Mən uşağa pul vermədim, anamın başımı sabunla yuduğu günlərdə məni öpməyən atam kimi utandım. Həyat anam qədər mərhəmətli deyilmiş, saçımı yox, gözlərimi sabunla yudu…

Bakıdan Ankaraya gəlmək çətin məsələdir. Doğmalarından ayrılmaq gömrükdən qaçaq mal keçirmək qədər əzablı bir işdir. Anandan, atandan oğlunu, qardaşından qardaşını oğurlayıb özün ilə birlikdə iki min kilometr uzağa aparırsan. Pasporta möhür vurantək öpürlər üz-gözündən. Bir həftə öncə yaşadım bu hissləri. Aeroportda başa düşdüm ki, anam əvvəki kimi cavan deyil. Mən gəncləşdikcə anamın qocaldığının və bu az deyilmiş kimi zaman keçdikcə anama daha çox oxşadığımın fərqinə vardım. Anam mənə balaca olanda tez-tez dəyərdi ki, sən mənim sarı çiçəyimsən, sən mənə oxşayırsan. Hə, uşaq vaxtı hər dəfə evə girəndə qəzəbli, kədərli və yazıq adamların küçələrindən gəldiyini unudub boynuna sarıldığım dədəm də indi balacalaşıb qucağıma sığırdı. Gördüm ki, məndən beş yaş kiçik qardaşımı- Mirrəsulu öpmək üçün daha əyilmirəm. Mən yaxşı adam deyiləm. Bütün ailəmi orada qoyub təyyarəyə tələsdim. İki cümlə zehnimi bulandırırdı: “Bakıdan Ankaraya yolda düşən təyyarəyə minik başlamışdır…”(Bu qız necə də kədərli danışırdı) və “Oğlum, 18-i 19 yaşın olur, yaxşı qeyd elə. Darıxma. Allah səni saxlasın…”(Anam, yazıq anam, gözəl anam)

Bu gün 18 Fevraldır, ad günümdür. Mənə elə gəlir ki, həyatım uşaqlıq illərimdən ibarətdir. Mənim uşaqlığım bel çantam kimidir, heç vaxt baqaja vermirəm. Bu gün çantam bir az daha ağırlaşdı. Tək oturmuşam, amma yalnız olduğumu söyləyə bilmərəm. Mən heç vaxt yalnız olmamışam. Anam məni həmişə Allaha tapşırıb. Bu gün 18 fevraldır və məmləkətdən uzaqdayam. Bilirəm, bir gün həmin şəhərə gedəcəyəm. Cəlilabadlı sarışın qızın uşaqlığının yaşadığı həmin şəhərə-Ağdama sarı qaçacağam. Qanımın bahasına olsa da… Qanımdan bahalı olub qanımda dövr edən imanım, sevgim üçün qaçacağam. 10 yaşlı anam Ağdamda, bazarın qabağında məni qarşılayacaq: “Bala, gəldin?!”  Boran babasıgilin fontanlı evlərinə keçəcəyik. Əyiləcəm, anam mənim alnımdan öpəcək: “Bala, qızdırmadan yanırsan ki, gir içəri, dincini al. İndi bu dəqiqə dava-dərman eləyərəm, keçər. Ağrın mənə gəlsin, oğul. Ağrın…” Bir stəkan ilıq su içirəcək o mənə. Anamın Qarabağ suyu ilə yuyulmuş sarı saçlarını qoxlayacağam: “Bağışla, ana, məni doğduğun üçün, üzr istəyirəm.”

Ankara, 18.02.2013

[email protected]
 





18.02.2013    çap et  çap et