525.Az

“UNESKO-nun kamançanı milli musiqi alətimiz kimi tanımasını istəyirik”


 

“UNESKO-nun kamançanı milli musiqi alətimiz kimi tanımasını istəyirik”<b style="color:red"></b>

“Kamançanın UNESCO tərəfindən milli musiqi alətimiz kimi tanınmasını istəyirik”. Bunu AZƏRTAC-a müsahibəsində tanınmış kamança ifaçısı Elnur Mikayılov deyib.

Kamançaya həvəsinin uşaq yaşlarından yarandığını bildirən musiqiçi qeyd edib ki, görkəmli kaman ustası Habil Əliyevin ifasını dinlədikdən sonra bu alətin sehrinə düşüb. İstedadlı musiqiçi uşaqlıq illərini xatırlayaraq deyib:
 
“7 yaşım olanda Habil Əliyevin ifasının mənə necə təsir etməsi bu gün də özümə bir sirr olaraq qalır. Görkəmli sənətkarın ifası hətta 7 yaşlı oğlanı da özünə cəlb etmişdi. Bu musiqi alətinə maraq göstərdiyimi görən valideynlərim mənə kamança almaq qərarına gəldilər. İlk kamançanı isə əmim aldı. Onu əlimə götürərək Habil Əliyev kimi ifa etmək çalmaq istədim, lakin heç nə alınmadı. Tələb etdim ki, mənə Habil Əliyevin kamançasından alsınlar. Mənə başa saldılar ki, alət eynidir, amma bunda çalmağı bacarmaq üçün musiqi məktəbinə getməliyəm. Beləliklə, kamança ilə bağlı hekayəm başladı”.

Bakıda keçirilən ilk Avropa Oyunlarının bağlanış mərasimindəki çıxışına toxunan musiqiçi deyib: “Milli musiqi alətimiz olan kamançada ifa etmək şərəfli, eyni zamanda, məsuliyyətli iş idi. Çünki bütün dünya bu tədbiri izləyir və musiqimizi dinləyirdi”. Kamança ifaçısının sözlərinə görə, bu musiqi alətini dünyaya göstərməklə onun Azərbaycan xalqına məxsus olduğunu bir daha nümayiş etdirib. “Bildiyiniz kimi, biz balabanı UNESCO-da Azərbaycanın milli musiqi aləti kimi təqdim etməyə gecikdik. Amma tar və sazı milli musiqi alətimiz kimi qəbul etdirə bilmişik. Arzum budur ki, tezliklə kamança da UNESCO tərəfindən milli musiqi alətimiz kimi tanınsın”,- deyə Elnur Mikayılov əlavə edib.

Musiqiçi bu yaxınlarda Kanadanın Toronto şəhərində keçirilmiş konserti barədə təəssüratlarını da bölüşüb. O deyib: “Konsert dünya şöhrətli bəstəkarımız Firəngiz Əlizadənin “Oyan” adlı əsəri üzərində qurulmuşdu. Layihənin rəhbəri Kanadada yaşayan əslən İran Azərbaycanından olan soydaşımız Saşar Zərif Əlirza idi. Biz bu konsertdə üç nəfər idik. Hər birimizin öz obrazı var idi. Saşar bəy insan bədənini, mən insanın gen yaddaşını, gənc xanəndəmiz Mirələm Mirələmov isə insan ruhunu təmsil edirdi. Konsertimiz uğurlu oldu. Bu proqramla dünyanın müxtəlif yerlərində çıxış etməyi planlaşdırırıq”.

Konsertdə ifa etdiyi “Habilsayağı” əsəri barədə məlumat verən musiqiçi deyib: “Bu əsər görkəmli kaman ustası Habil Əliyevə həsr olunub. Firəngiz xanım və Saşar bəylə məsləhətləşdikdən sonra onu təqdim etməyi qərara aldıq. Bu, kökə qayıdış idi. Əsər violonçeldə ifa edildi. Bununla Firəngiz xanım göstərdi ki, kamança violonçelin ulu babasıdır və beləliklə, konsert kökə qayıdışla başa çatdı”.

Tanınmış kamança ifaçısı sənətin sirlərini ona öyrədən müəllimlərindən də söhbət açıb, görkəmli sənətkar İsmayıl Həmidovun adını vurğulayıb. Elnur Mikayılov Asəf Zeynallı adına Musiqi Kollecində, sonra isə Azərbaycan Milli Konservatoriyasında Mirnazim Əsədullayevdən, Şəfiqə Eyvazova və Elnur Əhmədovdan dərs alıb. O, Elşən Mansurovu, Fəxrəddin Dadaşovu və Ağacəbrayıl Abbasəliyevi də özünə müəllim hesab edir. Ən çox pərəstiş etdiyi kamança ifaçısı isə Ədalət Vəzirov olub.

Gələcək planları barədə məlumat verən musiqiçi deyib: “Albom buraxmaq, kamançanı və musiqimizi dünyada təbliğ etmək istəyirəm. Hazırda dostum tarzən Şəhriyar İmanovla bir sıra layihələr üzərində işləyirik. Bir neçə beynəlxalq festivala dəvət almışıq. Amma gələcəkdə kamançanı skripka, tar, gitara kimi dünyəvi musiqi alətinə çevirmək üçün fəaliyyətimizi genişləndirəcəyik”.

 





21.05.2016    çap et  çap et