525.Az

“Arazbarı” sənədli filmi təqdim edildi


 

“Arazbarı” sənədli filmi təqdim edildi<b style="color:red"></b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində “Arazbarı” sənədli filminin təqdimat mərasimi keçirilib.

Əvvəlcə sözügedən film iştirakçılara nümayiş olunub. Filmin nümayişindən sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili, “Arazbarı” filminin layihə rəhbəri Əflatun Amaşov deyib ki, sözləri filologiya elmləri namizədi, jurnalist-alim, Azərbaycançılıq ideologiyası ilə bağlı bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifi Sona Vəliyevaya məxsus olan “Arazbarı” şeiri əsasında hazırlanmış filmin musiqisi Tahir Əkbərə məxsusdur. Əflatun Amaşov deyib ki, filmin çəkilişləri Bakı şəhəri, Sabirabad və Saatlı rayonlarında aparılıb. Filmdə Azərbaycan tarixinin keşməkeşli dövrlərindən, xalqımızın yüksək mənəvi dəyərlərindən bəhs edildiyini diqqətə çatdıran Mətbuat Şurasının sədri deyib: “Uzun əsrlər boyu bu muğam səslənib. Nə qədər ki, Azərbaycan xalqı var, bu muğam da ifa olunacaq”.

Filmin musiqi müəllifi Tahir Əkbər “Arazbarı”nın onun yaradıcılığında mühüm bir mərhələ təşkil etdiyini söyləyib. Qeyd edib ki, filmdə muğam ifaçıları Bəyimxanım Vəliyeva və Ehtiram Hüseynov, eləcə də mərhum sənətkarımız, qiraət ustası İlham Əsgərovun ifaları ona başqa bir rəng qatıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib ki, film yüksək professionallıqla çəkilib və “Arazbarı”nı ifa edənlər ifaçılar da onun öhdəsindən layiqincə gəliblər. Umud Mirzəyev deyib ki, filmi izləyərkən gənclik illərinə qayıdıb və vaxtı ilə qarşılaşdığı mənzərələr, proseslər gözündə canlanıb. Daha sonra çıxış edən muğam ifaçısı Bəyimxanım Vəliyeva, millət vəkili Xanhüseyn Kazımlı, Bakı Dövlət Universitetinin müəllimi Cahangir Məmmədli, jurnalist Flora Xəlilzadə və başqaları filmin yüksək səviyyədə hazırlanmasından danışıb, onun geniş izləyici toplayacağına əminliklərini bildiriblər. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də filmin yüksək səviyyədə hazırlandığını deyib. O, bildirib ki, filmdə Azərbaycan tarixi, mədəniyyəti, muğamı yüksək ustalıqla canlandırılıb.

Sonda çıxış edən filmin ssenari müəllifi Bəxtiyar Qaraca filmdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib. “Arazbarı”nın çox mürəkkəb bir kompozisiya olduğunu deyən Bəxtiyar Qaraca onun öhdəsindən gəlməyə çalışdıqlarını vurğulayıb. O, gələcəkdə də Vətənə, millətə, dövlətə xidmət məqsədi daşıyan bu kimi işlərdə yaxından iştirak edəcəyini söyləyib.

 





21.05.2016    çap et  çap et