525.Az

“Kocaeli Kitab Sərgisi” açılıb


 

“Kocaeli Kitab Sərgisi” açılıb<b style="color:red"></b>

Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) və Kocaeli Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə mayın 14- də Türkiyədə açılış mərasimi olan “Kocaeli Kitab Sərgisi” artıq 8-ci ildir kitabsevərlərə əsl bayram əhvali-ruhiyyəsi yaşadır.

Türkdilli xalqlar arasında əməkdaşlığın və dostluğun inkişafına xidmət edən bu sərgiyə Türk Dünyası Bələdiyyələr Birliyinin dəvəti ilə türkdilli ölkələrdən yazar, naşir və poliqrafçılar qatılır. Sərgidə ümumilikdə 380 nəşriyyat evi və mətbəə, idarə, təşkilat və müəssisə iştirak edir. 500-dən çox təqdimat və imzalama mərasimləri keçirilir.

Türkdilli ölkələrdə nəşr edilən əsərləri, fəaliyyət göstərən nəşriyyat evlərini beynəlxalq səviyyədə tanıtmaq məqsədilə təşkil edilən “ölkə stendləri” bir qayda olaraq sərgiyə gələnlərin böyük marağına səbəb olur. Bu stendlər kitabın türkdilli ölkələrin mədəniyyətlərini birləşdirən körpü olmasına əyani sübutdur.

Sərgidə ölkəmizi təmsil edən “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC, “Aspoliqraf” LTD, “Şərq-Qərb” və digər nəşriyyatların Azərbaycan, rus, ingilis dillərində nəfis tərtibatla nəşr etdikləri müxtəlif mövzulu kitablar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Qarabağ həqiqətlərinin tarixi araşdırmalara əsaslanaraq doğru, düzgün şəkildə əks olunduğu kitablar daha çox diqqət çəkir. Bu kitabları vərəqləyən hər kəs Azərbaycanın işğal edilmiş ərazilərində təcavüzkar Ermənistan tərəfindən törədilən amansız vəhşiliklərin şahidi olur. “Qarabağ”a həsr olunan kitabların belə yüksək səviyyəli tədbirdə təqdimatı ölkəmizin haqq səsinin dünya miqyasında eşidilməsi üçün görülən çoxsaylı təbliğat işlərindən biri kimi çox önəmlidir.

Səhər saat 9:30-dan başlayaraq axşam 21:30-dək kitabsevərlər tərəfindən böyük coşqu və yüksək əhvali-ruhiyyə ilə seyr edilən “8-ci Kocaeli Kitab Sərgisi” mayın 22-dək davam edəcək.

 





21.05.2016    çap et  çap et