525.Az

Məhəmməd Əmin Rəsulzadə.Əsərləri


 

Məhəmməd Əmin Rəsulzadə.<b style="color:red">Əsərləri</b>

(1917-aprel 1918)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd HÜSEYNOV

Transliterasiya redaktorları: professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV 

IV cild

İslam dini və ana dili

Dünki sayımızda Petroqradda oxuyan ali məktəblər tələbələrinin “Şura” məcmuəsinə göndərdikləri məktubları dərc olunub. Bu xüsusda Rzaələddin Fəxrəddin həzrətlərinin fikri-məxsusunun nəqli isə bu günə buraxılmışdı. Rzaələddin Əfəndi yazıyor ki:

“1) İslam dinində rəsmi deyilən bir dil yoxdur. Ərəb dili ərəblərdən başqa müsəlmanlar üçün rəsmi dil degil, bəlkə islam dininə mənsub olmaqla bərabər hər kişinin və hər qövmin öz dili rəsmi dil sayılır. Namaz qılmaq istisna edilməklə hər dürlü əməl və ibadət ana dilində yapıla bilər. Hər kəsin öz ana dili ilə gətirdiyi imanı məqbuldur. Hər kəsin öz ana dili ilə qıldığı əqdləri (nikah, xəl, alış-veriş kibi işlər), iqrarları mötəbərdir. Hər kəsin öz ana dilində etdiyi tövbəsi, istiğfarı, Allah-təalaya olan dua və münacatı, təzərrö və ilticaları, andları mötəbərdir. Bu işlərin heç birinin də (namaz müstəsna) ərəb dili ilə olması həqqində təklif yox. Namazdan başqa bütün ibadətləri ana dilində yapan kişi yenə yapsın. Rəsulüllah həzrətləri dil dəyişməsi həqqində heç bir dəvətdə bulunmadı. Səhabələr dil təbdilini təklif etmədilər.

2) Dil işi ilə savab-günah yazılması, ya ki şəri bir hökm olması üçün adam öz dilinin nə söylədigini bilməsi şərtdir. Bu xüsusda hər bir sözün ayrı-ayrı mənasını bilmək lazım degil. Bəlkə söylədigi cümləsinin məzmununu, nəyə dair olduğunu anlamaq kafidir. Buna görə “La-ilahə-illəllah. Muhəmmədən Rəsulüllah” – söyləyən kişi əgər şu kəlamların iman gətirən sözlər olduğunu bilsə, şununlla müsəlman ədd ediliyor. Yoxsa günboyu oxuyub yürüsə də islam qəbul edicilərdən sayılmayır. Nikah siğəsi nə olduğunu bildikdən, son hər bir sözünün nədən ibarət olduğunu bilmədigi halda bir qadın bir ərə zövcət “nəfsi-mənim” desə əqd oluyor, fəqət şu sözü ərəbcə dua deyə aldadıb söylətsələr əqd olmayır.

Başqa dillərdəki söyləmələr, başqa səhifələr və surətlərdə də hökm budur, bunun üçün namazda oxunan Quran ayələrindən ən azdan fatihə surəsinin və məsur duaların ixtisar təriqi ilə də olsa məzmunlarını bilmək lazımdır. Fatihə surəsini “Allah-təalaya həmdü-səna”, həm də Allah-təalanın böyük sifətlərini zikr etmək ibadəti ona xas etməyi iqrar etmək, Allah-təaladan hidayət və doğru yola getməgi istəməkdən ibarət deyib bilməyən kişinin namazı namaz olur – deyəməm. Bu səbəbə görə Qurani-kərimi, hədisləri ana dilinə tərcümə etmək degil, yalnız mümkün, bəlkə iqtidarı olan kişilərə bu lazım bir vəzifədir.

3) Quran Allah-təala tərəfindən vəhy edilmiş və Rəsulüllah tərəfindən ümmətə təbliğ olunmuş mənalar və ləfzlərin ikisindən ibarət olduğu üçün tərcümələri oxumaq Quran oxumaq olmayır.

4) Ləfzi və mənası ilə mühafizə edilmiş Qurani-kərimdən başqa Allah-təala kitabı dünya üzərində yox, dünyada olan kitab əhlilərinin heç biri öz kitablarının ləfzləri göydən gəldigini və bu gündə şu ləfzləri salamat (salim) olduqlarını dəva etmiyorlar. Bu hal yalnız müsəlmanlara və Qurani-kərimə məxsusdur. Bunun üçün müsəlmanlar Qurani-kərimin ləfzlərini saxlamaqla mükəlləfdirlər. Namazda Quran oxunmasının lazım olduğunun bir hikməti – Quranın ləfzilə bərabər mühafizə edilməsinə vəsilə olmaq üçündür.

5) Namazda Quran və məsur duaların öz ləfaləri ilə bərabər oxunması ərəb lisanının müsəlmanlar üçün rəsmi dil olmasından degil, bəlkə Quranı və Rəsulüllahın öyrətdigi bir rəvişi saxlamaq, həm də bütün yer üzündə olan müsəlmanlar arasında münasibət peyda etmək üçündür. İslam dinində olan dil ibadəti yüz pay olsa, namazdakı dil ibadəti buna baxdıqda bir pay da yox. Bunun üçün buna ağırlanmaq və bu işi ana dilinin zənginləşməsinə mane görmək məhəlsizdir. Namazdan başqa olan ibadətlərin həpsində diləkləri öz dilində istə, öz dilinlə qulluq et, bu işlərdə mane olmadığını yuxarıda göstərdik.

İstəyənlər azan kəlmələri oxunduqda öz ana dillərində tərcümələrini bağırsalar, iqamət vaxtında ibtidai tərcüməsi oxunub sonra iqamət etsələr xütbələri bir az ərəb dilində oxuduqdan sonra öz dilimizdə oxusalar şəriət tərəfindən buna mane olmasa gərəkdir. Əvvəlki alimlərimiz nikah xütbələrini ərəbcə oxuduqdan son əvvəl “Xaliqi-layəzal və məbudi-bizəval” – deyə türkcə xütbələr oxuyurlar.

İbadət məsələsi, dil məsələsi bizdə yüngüldür. Namazda oxunmaqda olan Fatihə və iki-üç sureyi-məsur duaların özlərini əzbərlətmək və tərcümələrini nasıl bir balaya olursa-olsun başqa dərslər arasında iki həftədə bildirmək mümkündür. Degilən fikirləri müəllimlərlə müəllimələrdən eşitdigim var. Bu sözdə bir az mübaliğə olsun, namaz qılacaq qədər surələri və duaları tərcümələr ilə bərabər əzbərləmək iki həftədə degil, bəlkə dörd həftəyə sürsün, bütün ömrə nisbətdə şu dörd həftə pək çox vəqt olmasa gərək. Özünün nicatı və səadətinə səbəb – deyə etiqad etdiyi bir din yolunda şu qədər cin min bir məşəqqəti iltizam etməkdən heç kimsə geri durmasa gərək. Milliyyət hissi və türklük ruhu ilə tərbiyələnib gələn yaşlarımız şu işi öz yollarına və öz dillərinə tuli-hüquq verilməsinə mane – deyə tanımaqdan yuxarı olsalar gərək. Allah ilə qul arasında münasibət yürütməyi arzu edənlər üçün bu işin azacıq karsızlığı olmaması yaşlarımızda, qartlarımızda məlum olsa gərəkdir.

Ədəbi dildən ərəbcə sözləri çıxarmaq istəyənlər, namazdan, dua və iqamətdən başqa yerlərdə öz ana dillərində sözlər bulsalar, ərəb kəlmələrini çıxarsınlar. Buna islam dini qarşı degildir. Amma gərək müqəddəratında söz bulunmadığı bu gündə işə yarayan sözləri sürüb çıxarmaq qolacığın qissəsi təkrarlamaq olur. Sad, ta, za nizayi Osmanlı türklərində yetmiş il davam edib bir nəticəsiz qalmışdır. Bizdə nə kibi nəticələr verəcəgini Allah-təala bilir”.

 

“Açıq söz”, 27, 28 fevral 1917, №413, 414

 

Böyük inqilab 

Əmsalı tarixlərdə görünməyən aləmşümul müharibənin ən müşkül bir zamanında dünyanın ən böyük bir hadisəsi, Rusiya inqilabı vaqe oldu.

Müharib və mübariz milləti iflic bir hala qoyan köhnə rus istibdadı yıxıldı. Neçə gündən bəri Petroqraddan alınan xəbərlər qaranlıq siyasət gecəsinin sübhi-hürriyyət ilə açıldığını bildirdilər.

Əski hökumət cəmaətin dərdi ilə yanan millət vəkillərini, Q.Dumanı qovdurmaq istərkən nümayəndələr artıq səbr kasası daşdı, – deyə dağılmaq istəməyib öz aralarında müvəqqəti hökumət vəzifəsini icra edən bir komitə seçdilər. Q.Dumanın sağlardan başqa bütün partiya və firqə nümayəndələrindən təşkil edilən bu komitə köhnə hökumətə elani-müqavimət edincə hökumətin xarabkarlığından cana doyan cəmaət ilə, rüşvətxor müstəbidləri degil, vətəni müdafiə edən ordu haman Duma tərəfini iltizam etdi və edincə nəticeyi-inqilab haman bir-iki günün içində anlaşıldı. Köhnə vəzirlər həbsə tıqandılar. Əlahəzrət imperator ilə imperatriça mühafizat altına alındılar. Nəhayət, jon türk üsulu ilə icra olunan Petroqrad inqilabi-əzimi sabiq çar Nikolay Aleksandrov bizzat tac və təxtdən əl çəkib də hüquqi-hökmdarisini qardaşı Mixail Aleksandroviçə təhvil verməsi ilə nəticə-ləndi.

Fəqət nəticə bundan da böyükdür. Mixail Aleksandroviç həzrətləri qardaşı əlindən aldığı səltəneyi-aliyənin əsl sahibi kim olduğunu layiqi ilə dərk edərək öz tərəfindən padşahlıq ixtiyarını Q.Duma tərəfindən təşkil olunan müvəqqəti hökumətə tərk eləmiş və məmləkətin üsuli-idarəsini təyin etmək üçün bir an əvvəl Məclisi-Müəssisan çağrılmasını əmr buyurmuşlardır.

Bu iki əmri-ali ilə çağrılması təklif olunan Məclisi-Müəssisan gizli, ümumi, müsavi və müstəqim seçki əsası ilə yığışacaq həqiqi millət nümayəndələrindən ibarət olub tazə Rusiyanın nə kibi əsaslarda qurulacağını təyin edəcəkdir.

Hürriyyətpərvər Rusiyanın məşəl ümidinə yağ tökən bu hadisənin xəbəri vilayətlərə yayılınca hər tərəfdə adətən bir bayram başlandı. Bilafərq millət və məzhəb, silk və sinif bütün cəmaət bir-birini təbrikə başladı.

Bakı dəxi bu bayramı keçirdi. Bütün mədənlər, dükanlar və kargahlar dayanıb xəlq küçələrə, cəmaət müəssisələrinə tökülüşdü, mitinqlər bir-birinin dalınca gəldi. Hər tərəfdə, hər yanda tazə hökumətə etimad teleqrafları, Dövlət Dumasına təbriklər, təhniyətlər yollandı.

Rusiya istibdadı altında əzilən bütün təbəqə, sinif və millətlərlə bərabər Rusiya müsəlmanları da əziliyor, milliyyətcə təhqir və təzyiq olunuyorlardı.

İyun 3-ü qanunu, demək olar ki, Rusiya müsəlmanlarını adətən siyasi edama məhkum etmişdi. Ümid etməlidir ki, tamam hürriyyət üzrə çağrılacaq Məclisi-Müəssisan çoxmillətli Rusiyayi ədalət və hürriyyət üzrə təmsil edəcək və hər kəs öz miqdarı nisbətində nümayəndəligə malik olaraq tazə Rusiyanın əsasları ögey-doğmalıq degil, qardaşlıq və vətəndaşlıq əsasları üzərinə təsis olunacaqdır.

Bu xüsusda bütün Rusiya cəmaəti ilə bərabər Rusiya müsəlmanlarının da imanı kamil, etiqadları salim və Rusiya cəmaətçiliginə etimadları qaimdir.

Fəqət müvəffəqiyyət üçün bir şey lazımdır. O da sükunət, mətanət, hissiyyat və təsadüfata tabe olmayıb əql və tədbirlə hərəkət etməkdir. Müsəlmanlara lazımdır ki, sükunət üçün vaqe olan tələbləri qulaqlarına alıb kamali-itminan ilə öz işlərinə məşğul olsunlar və hadisata qarşı çaşmayıb, rahət qala bilmək üçün bütün cəmaət qüvvələrini birləşdirsinlər və birləşmiş qüvvələr ilə yeni hökumətə köməkçi dursunlar.

Ancaq bu vasitə ilə birləşmək və köməkləşməklədir ki, yeni Rusiya tamamilə müvəffəq olub, bütün millətlərin müsavatla yaşamasını təmin edə bilər.

Yaşasın tazə və azad Rusiya!

Var olsun millətlərin bərabərligi, birligi!

 

 “Açıq söz”, 5 mart 1917, №418

 

İtminan –inam, ehtimal, arxayınlıq

 

Hürriyyət qarşısında 

Bütün Rusiya millətləri qəlblərinin ən dərin guşəsində bəslədikləri arzularına, arzui-ümumilərinə çatdılar. Yalnız öz qələmrovunda degil, dünyanın hər tərəfində hürriyyət və səltənəti-milliyyənin düşməni-biimanı olan Rusiya heykəli-istibdadi, bu qanlı “jandarm”ı yıxdılar!

Köhnə idarənin ənqazı üstündə bina tutan hökuməti-müvəqqətə əsas məmləkətdə gözədəcəyi bina və əsasları, başqa sözlə, öz proqramını elan etmişdir. Dünki nömrəmizdə dərc olunan bu proqramda hər şeydən əvvəl siyasi, dini işlərdən ötrü həbs olunanlara əfvi-ümumi elan olunacaq. Danışıq, yazı, ittifaq, ictima və tətilə hürriyyət veriləcək: sinfi, dini, irqi və milli təzyiqlər kamilən ortadan qaldırılacaq; ümumi, müsavi, doğru (bilavasitə) və gizlin rəylər vermək surətilə seçilmiş vəkillərdən ibarət Məclisi-Müəssisan dəvətinə hazırlıq görüləcək. Və bu məclis məmləkət üsuli-idarəsinin nə şəkildə olacağını qərarlaşdıracaqdır. Polis və zabitə adamları cəmaət tərəfindən seçilmiş milislə əvəz olunub, məmurlar seçki üsulu ilə təyin olunacaqlar və məhəlli cəmaət idarələrinə tabe bulunacaqlardır. Məhəlli idarələr seçkiləri də haman müsavi, doğru, ümumi və gizlin rəylər vasitəsilə seçiləcəkdir.

Görüyorsunuz ki, bütün hürriyyətpərvər Rusiyanın yolunda qurbanlar verərək tələb elədigi əsaslar bu gün hökuməti-müvəqqətə tərəfindən tətbiq etdirilmək istənilir. Hər növ hüquqi-milliyyə və hürriyyəti-vətəniyyənin bəqa və davamı üçün yeganə bir əsas ümumi və müsavi surətdə tətbiq olunacaq seçki üsuli ilə bu seçkiyi təbii bir yolda icrayə müsaid olan ümumi hürriyyətlərin təminidir.

Bugünki hökuməti-məzkur seçkilər, o seçkilərə lazım olan hürriyyətlərin təmininə söz veriyor. Və bunun üçün müharibə zamanı olduğunu dəxi bəhanə etməyəcəgini söylüyor.

Rusiya övladı, bütün məslək, sinif, firqə və millətlərə mənsub vətəndaşların ən birinci borcu şübhəsiz ki, bu müqəddəs əsasları elan edən hökumətə kömək durub cərəyani-əhvalın öylə bir yolda getməsini asanlaşdırmaqdır ki, artıq heç bir növlə peşimanlıq olmasın və yeni elan olunan hürriyyət əsasları var-qüvvətlərilə kökləşib qala bilsinlər.

Bu xüsusda ilk dəfə olaraq müsəlmanlar naminə səslərini ucaltmış olan Moskva müsəlmanlarının təşəbbüs və qərarı demək olar ki, bütün Rusiya müsəlmanlarının tərcümani-əfkarıdır. Heç şübhə yoxdur ki, bütün Rusiya türk-tatarlığı moskvalı irqdaş və dindaşları ilə bərabər yeni hökuməti “ögey-doğmalığı” ortadan qaldıran o böyük qüvvəti canu-könüllə qarşılarlar.

Yeni hökuməti yalnız ürəknən, kökündən gələn səmimi sözlərlə qarşılamaq kafi degildir. Lazımdır ki, millətin bütün qüvvai-səlahiyyəsi birləşib mütəşəkkil bir qüvvə surətilə ümumi işin imdadına gəlsin. Bu vəqtə qədər biri-birindən ayrı düşən müsəlman cəmaətinə yığışıb birləşmək mümkün degil idisə, imdi artıq o ədəmi-imkan ortadan qalxmışdır. İttifaq və ictima azadlığı elan olunmuşdur.

Rusiyada ruslardan sonra ən böyük bir kütlə təşkil edən Rusiya türk-tatarlığı, Rusiya müsəlmanlığı kəndi mövcudiyyətilə hürriyyətin bəqasına kömək etmək üçün yığışıb ümumi bir ictima qurmalıdır. Moskva müsəlmanları bu təşəbbüsi Dövlət Dumasındakı müsəlman fraksiyasından gizliyorlar.

Əlbəttə, bu təşəbbüs olunca fraksiya tərəfindən olmalıdır. Çünki bu vəqtə qədər mövcud siyasi bir müəssəmiz ancaq odur. Fəqət fraksiyanı gözləyib oturmaqla da qalmaq olmaz. Hər tərəfin müsəlmanları əvvəla “ağırlığı” tərklə hər tərəfdə hərəkətə gəlmiş olan vətəndaş cərəyanlarına qapılmalı, mövcudiyyətlərini göstərməlidirlər. Bununla bərabər kəndi aralarında yeni hökumətə və tazə Rusiya əsasını həqiqi hürriyyətlər üzrə qurmaq istəyən demokratiyaya kömək olmaq üçün kəndi qüvvələrini toplamaya və mütəşəkkil bir hala qoymaya başlamalı və hər tərəfdə ümumi Rusiya müsəlmanlar ictimai həqqindəki fikirlərini açıb bildirməlidirlər.

Cana gəlmiş millətlərin hürriyyətə susamış əmələlərin və qəhrəman əskərlərin əzm və mətanətləri sayəsində yeni hökumət Məclisi-Müəssisanın tərtib edəcək və orada məmləkətin əsas qanunları yazıldıqda, şübhəsiz ki, millətlərin hüquqi-milliyyələri dəxi mühafizə olacaqlar. Bugünki hökumət proqramında bu xüsusda elan olunan maddə millətləri razı qoyacaq bir haldadır. Fəqət bu maddənin bütün sərahətilə yazılacaq qanuni-əsasi maddələri cüzində olmasını təmin üçün dəxi ən səmimi hürriyyət partiyalarının qalibiyyəti-tamməsi lazımdır və müsəlmanların xətti-hərəkəti dəxi bu həqiqi hürriyyət partiyaları ilə bərabər getmək və onlarla həmavaz olmaqdır.

İştə, Moskva müsəlmanlarının lüzumundan bəhs elədikləri Ümumrusiya müsəlmanları ictimainin hər şeydən əvvəl qərara alacağı bir məsələ!

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 7 mart 1917, №420

 

Qələmrov – hökm sürən ərazi

Ənqaz – sökülmüş binanın qalıqları

 

Novruz 

Təbiətlə bərabər bu günlərdə bütün Rusiya dəxi bayram saxlayır. Həyat, hürriyyət və nur misalı olan novruz rəyi-məskuni işğal edən böyük Rusiyanın istibdad zülmətindən, zalim və cəbr zülmətindən çıxdığı günlərə təsadüf ediyor. İki Novruz birləşiyor.

Əski iranilərcə bu gün Hürmüzd Əhrimənə qələbə çalmış, burunkı (qədimi) türklərcə də qurd (pörtəçnə) Kuhi-Qafda məsur qalmış türkləri qurtarmış. Fəqət bunların ikisi də əsatir, əmələlərlə soldatlar Rusiyayı çürük istibdad əlindən xilas eləmiş, iştə böyük bir həqiqət, bir həqiqəti-tarixiyyə ki, içində bulunduğumuzdan naşı heybətini tamamilə dərkdən aciz, ehtişam və əzəmətinə qarşı heyran və alə bulunmuşuz!...

Bahar bütün zihəyatın, bütün millətlərin bayramı olduğu kibi, bu bahari-siyasi də Rusiyada yaşayan bütün sinif, təbəqə və millətlərin baharıdır. Bahar feyzi fitr-tahir kəsə müsavi olduğu kibi feyzi-hürriyyət də öylədir.

Baharın ilk gününü bayram edən Şərq hər il “məhvəli-hövl və əhval”dan halının əhsən halə dəgişdigini istədigi kibi Rusiya əhrarı da sənələrdən bəri əhsən halı gözləyərək qalmış, heyhat ki, gündən-günə gözlədigi “əhsən halə” yaxınlaşmaq arzusunda ikən Rusiya cəmaətçiligi biləks daha dərin bir çahi-istibdada doğru yuvarlanıyor. Hər növ ümid və əmniyyətini qeyb ediyordu. Nəhayət, aləmşümul müharibənin ən şiddətli, yəsavər günləri gəldi, köhnə idarənin bütün yararsızlığı, çürükligi aşkar ikən xəlq müqəddəratına hakim olub qaldı. Artıq Rusiya xəlqi qarşısına sanki dəmir bir sədd çəkilmiş, çıxmağa yol qalmamışdı. Nagah “qurtuluş” gəldi, “əshabi-kəhf” oyandı.

Novruzi-hürriyyət oldu.

Köhnə üsuli-idarədən ən çox zərər görən şübhəsiz ki, Rusiya müsəlmanları, müsəlman və türk aləmi idi. Sənələrdən bəri əhsən halını görmək üçün dua edən bu aləm hər il eyni yəs və nov ümidlə o duasını söyləyib durmuş idi. Fəqət hürriyyət, ədalət və müsavat əsaslarının elan olunduğu bir zamanda “ya məhvəl-əl-hövl və əla-həval hövl halına əli əhsən-əl-hal” duası başqa bir ümid, başqa bir şövqlə söylənə bilər, o halda:

Ey, azad Rusiyanın azad vətəndaşları, hər iki bayramınız mübarək!

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 8 mart 1917, №421

 

Çah – quyu

Zihəyat-diri, canlı

 

Novruzi-hürriyyət 

Hər ilki adət üzrə mart ayının 9-da cəmiyyəti-xeyriyyə “İsmailiyyə” binasında novruz görüşü sabiqki görüşlərə qətiyyən bənzəmiyordu. Məclisə gələnlərdə başqa bir bəşaşət və ruh açıqlığı görülüyordu. Hər növ sinif, silk və təbəqədən, Bakıda mövcud millətlərin nümayəndələrindən mürəkkəb cəmaət cəmiyyəti-xeyriyyə salonunu başdan-başa doldurmuşdu. Məclis quberniya qazisi Hacı Mirməhəmməd Kərim ağanın duası və nitqi ilə başlandı. Qazi əfəndi indi elan olunan əsas hürriyyət və məşrutiyyətin əsli-şərhi və şərifə müvafiq olduğunu bəyan edərək sözünü qüvvətləndirmək üçün “” ayeyi-şərifəsini şahid gətirdi və nəticədə hürriyyət, müsavat və ədalət əsaslarını elan edən hökuməti-müvəqqətənin paydar olması üçün dua elədi. Qazinin nitqi Rüstəm xan Xoyski cənabları tərəfindən qonaqlar üçün ruscaya tərcümə edildi.

Ondan sonra Məhəmməd Əmin Rəsulzadə cənabları nitq söyləyərək bu günün tazə gün – novruz, novruzun isə ikilik fəlsəfəsinə qail olan əski şərqlilərcə xeyir allahı Hürmüzdün şər allahı Əhrimənə qələbə çaldığı bir gün olduğunu bəyan edərək, hər il günümüz yalnız adla tazə idisə,  bu gün mənaca da tazədir, – deyincə alqışlar natiqi dayandırdı.

– Vətəndaşlar, Rusiya Hürmüzdi qələbə çaldı! – nidası təkrar alqışlarla qarşılandı.

Bədə dəfələrlə alqışlanaraq saxlanan nitqində natiq zəmanın əhəmiyyətindən bütün cəmaət və millət qüvvətlərinin birləşib tazə hökumətə kömək etmək lazım olduğundan bəhs elədi və sürəkli alqışlar içində kürseyi-xitabəti tərk etdi.

 

“Açıq söz”, mart 1917, №422

 

Bahari-hürriyyət 

(12 mart şənlikləri münasibətilə)

Baharın birinci ayı olan mart Şərq millətlərinin adətən bayram ayıdır. Bu ayda təbiət tazələnir. Təbii həyata yaxın olan Şərq aləmi də bu tazəlikdən bir zövq alır, tazələnir. Güllər, giyahlar çiçəklənir, gül, giyah içində yaşayan insanlar da tazələnir, ruhlanırlar.

Əski iranilər mart ayında Hürmüzdün Əhrimənə qələbə çaldığını bayram edərdilər.  Günəş Hürmüzdün əlaməti idi. Bahar onun səltənəti idi. Qış Əhrimənin vətəni, dondurucu soyuq onun partisi idi. İşıqlı Hürmüzd didarını göstərincə Novruz olurdu. Novruz demək isə ziruh, zinmu, zivücud nə varsa, hamısının azadlığı demək idi.

Arianlarca bu azadlıq ayı olan mart, dastanlarda iranilərin müqabili kibi görülən turanilərcə də qurtuluş ayı idi. Tazə kəşf olunmaya başlayan moğol əsatiri mənidar bir əfsanə nəql ediyor:

Bu əfsanəyə görə türklər bir zaman keçilməz bir dağ arxasında “Ərgənəqonda” məhsur olmuş, dünya üzünə çıxmaq imkanını bulmamışlardı. Abadlıqdan uzaq düşən bu yol azmışlara bir “alakeik” (keçi) tapılmış, süd vermişdi. Bu ürək bıkdırıcı əsarətdən illər, əsrlər keçmiş türklər (moğollar) geniş dünyaya çıxmaq üçün yol tapmamışlardı. Halbuki gündən-günə ürüyor, artıyor, “hasar”ı yarıb çıxmaq kəndilərindən ötrü bir ehtiyac halını alıyordu. Nagah haradansa gözlərinə bir qurd (purtəçnə) göründü. Bu qəribə heyvanı qovdular, ardından düşdülər. Heyvan özünü dağdakı dəliklərdən birisinə vurub o biri tərəfə keçdi. Bu dəlik hasar içində qalmış türkləri maraqlandırdı. Tədqiqə başladılar. Dağları yıxmaqdan aciz olduqlarını gördülər. Tamam məyus olduqları bir sırada idi ki, aralarından bir dəmirçi tapılıb dağın qurd keçdigi yerinin “filiz” (metal)dan olduğunu anladı. Haman odun və ot-uvvar yığıb odladılar, dağı əritdilər. Açıq dünyaya keçdilər. Əsarətdən qurtuldular. Bu “qurtuluş” əsatircə martın 9-da vaqe olmuşdu. Şayani-etinadır ki, nicat və azad olmaq mənasına gələn türkcə qurtulmaq və qurtuluş sözləri haman qurd və olmaq sözlərindən tərkib ediyor. Qurtulmaq ehtimal qurd olmaq deməkdir ki, qurd kibi yol bulub bu mühasirədən çıxmağa dəlalət edir.

Şərqin iki böyük milləti novruz ilə qurtuluşunu mart ayında bulmuşdur.

Yalnız Şərqmidir? Bu gün qaliba martda və ya apreldə saxlanan xristian eydi-fəsxi (pasxası) xristianlıqdan əvvəlki qərb aləminə biganə degildir. Bahar bu tərəflərdə Şərqdən bir az gec gəldigindən Qərbin “novruz”u gün batanın, “qurtuluş”u da bittəbii bir az sonra gəlmişdir. Xristianlıq aləmi pasxa bayramında həzrət İsanın tazədən dirildiginə etiqad ediyor, ondan əvvəlki bütpərəst Avropa isə təbiətin dirildigini bayram saxlarmış!...

İnsan mövcudiyyətini ancaq təbiətlə mübarizədə hiss edər və bu mübarizədəki müvəffəqiyyəti nisbətində də kəndisini bəxtiyar ədd edər.

Zaman keçdi; bəşəriyyət təbiətlə elədigi mübarizə nəticəsində hasil elədigi qənimətləri bölüşmək üstündə bir-birilə boğuşmağa başladı. Yekdigəri ilə boğuşmaqda olan insanların münasibatını tənzim etmək üçün hökumətlər quruldu. Hökumətlər qurulunca insanlardan ən qüvvətliləri o birilərinə faiq gəlməyə başladılar və təbiətdəki qüvvətli ünsürlər kibi insan övladını qorxuya salıb özlərinə tabe qıldılar. Hökumətdə istibdad vücuda gəldi. Bu istibdad bir növ “Əhrimən”, bir növ “mühasirə” idi. Bəşəriyyət bir gün gələcək böyüyəcək, əqli şey kəsəcək, bu “Əhrimən”i də basacaq, bu “hasar”dan da qurtulacaqdı. Siyasətdə də novruz olacaq, hökumət üsuli-idarələrinin də baharı gələcəkdi.

Bu “bahar”ı dünyanın böyük müsəlləhləri tövsiyə etdilər. Şairlər, ədiblər məsləhət gördülər. Hökumət əhrimənlərinə yalvardılar. Rəhmət, şəfqət və rəiyyətpərvərlik yaxşı olduğunu anlatmaq istədilər. Cəmaətlər yalvardılar, yaxardılar. Fəqət olmadı. Yalvar yaxarla müstəbidlər şirin kam olduqları iqtidarı əllərindən vermək istəmədilər. Millətlər ağladılar, nalə etdilər, ahu-fəqanə gəldilər. Fəqət onlar bu əhvaldan mütəəssir olmayıb biləks ondan bir növ zövq aldılar. Nəhayət, bəşəriyyət təngə gəldi. Dua ilə donuzun bağçadan çıxmayacağını anladı. Bu dəfə meydanə gələn Fransa inqilab mütəfəkkir və mühərrirləri yalvarmaq degil, tələb etməgə başladılar. Millət öz hüququnu almalıdır, dedilər. Sədilərin nəsihətini dinləməyən müstəbidlər Russoların üsyanından mütəəssir olmaq, Monteskyo fəlsəfəsinə qarşı baş əgmək məcburiyyətində idilər...

Fransa inqilabi başladı, dünyanın ən müqtədir müstəbidi sayılan Lüdovik təxtindən salındı. Avropa sənələrcə qaynadı, çalxandı, çaylar qana bulandı. Dənizlər xünin oldu. Topraqlar vətəndaş qanı ilə suvarıldı, nəhayət, cümhuriyyət paydar oldu.

Nə təsadüfdür ki, Fransa Cümhuriyyətinin istiqrarı da marta təsadüf eləmiş, siyasi bahar təbii bahara rast gəlmişdi...

Fransa inqilabından sonra Avropa hökumətlərindən əksərində inqilablar çıxmış, hökumətlər qismən cümhuriyyətlə əvəz olunub, qismən də məşrutiyyətli hökmdara razı olmuşlardı...

Bu surədə məzkur inqilabların hanki ayda baş tutduqlarını araşdırmaq mümkün olmasa da inqilablardan bir neçəsinin haman mart ayında olduğu xəyala gəliyor. Məsələn, Amerika inqilabı və amerikalıların ingilis səltənəsindən qurtarması martda vaqe olmuş, Sultan Həmid martın 31-də xəl edilmiş, İran inqilabı martda zühur eləmiş, sair bir çox inqilablar dəxi mart və ya apreldə, yəni bahar aylarında başlamış və ya qurtarmışdır.

Bu kərə vaqe olan bütün Rusiya inqilabı dəxi bahara təsadüf eləmiş və martın 12-si bütün Rusiyada mütəntən surətdə bayram saxlanmışdır:

Hürriyyət bayramı!

Martın 12-də Bakıdakı o böyük məhşər ənamı, xəlqdəki o tərif və tovsifə gəlməz ruh genişligini, sevinc payansızlığını, hər növ xüsusi bənligdən müərra olaraq sözün bütün mənasilə xəlqin birər qardaş və vətəndaş kəsildigini, yüz minlərə varan izdihamın cəmiyyən sərməsti-zövqi-hürriyyət olduqlarını görüb də bilaixtiyar böyük Namiqin:

“Nə əfsunkar imişsən ah,

ey didari-hürriyyət

Əsiri-eşqin olduq, gərçi qurtulduq

əsarətdən!”

beytini təkrar etməmək qabil degildir.

Martın 12-dəki mənzərə Rusiya xəlqinin qazandığı hürriyyətə nə qədər layiq olduğunu və hürriyyət əsasına binalanmış üsuli-idarənin nə dərəcədə müvafiq bir üsuli-idarə olduğunu göstərdi.

Yüz əlli minə qədər müxtəlif cins, dil və sinfə mənsub olan xəlq Birja meydanına toplanmış və bu xəlq bütün günü şəhər küçələrində dolanmışdı. Bu qədər izdiham içində sabiq polis idarəsi zamanında bir teatr qabağında yığışan cüzi xəlq arasında görülməsi təbii olan qovğalar belə üz verməmiş, burada əli qırmanclı, ağzı sögüşlü, üzü zəhrimarlı nizam saxlayanlar olmadığı halda nümuneyi-imtisal bir nizam və qaidə bərpa olmuşdu. Bu gün nə (von ot suda), nə (idi çort qlolubı), nə (doloy von solyonni) nə də “provalivay von şalapay” sözü eşidilir, nə də qamçılarla tüfəng dibləri xəlqin boynu ardında işliyordu. Bu gün eşidilən sözlər – vətəndaş, qardaş, yoldaş sözləri olub, hər kəs özünü ağa hiss eləmiş və sairləri ilə bərabər olduğunu dərk edərək qardaşca, yoldaşca yola getmiş, odur, heç bir ixtilaf, heç bir nizamsızlığa məhəl qalmamışdı. Çünki hər kəs əsiri-eşqi-hürriyyət olub, hər kəsin qəlbi bir nöqtə üçün dögünmüş, hər kəsin gözü bir hədəfə baxmışdı. Başqa dürlü də olamazdı.

Hürriyyət günəşi doğmuş, azadlıq baharı gəlmiş, hər kəs martın saf və canbəxş havası altında şollar suyunun göylərə qalxan saf və bərraq şəlaləsi kibi ciladar olan hürriyyət havasını tənəffüs etmiş, hürriyyətlə yaşamış və hürriyyətlə də bağırmışdı ki:

Yaşasın bahari-hürriyyət!

M.Ə.Rəsulzadə

“Açıq söz”, 15 mart 1917, №424

Giyah – ot, göy       

Xəl – vəzifədən kənar etmə        

Payan – son, axır, nəhayət

Müsəlləh – silahlanmış

 

 





18.02.2013    çap et  çap et