525.Az

Ankara-Brüssel münasibətləri: terror və vizanın yaratdığı problemlər


 

Ankara-Brüssel münasibətləri: <b style="color:red">terror və vizanın yaratdığı problemlər</b>

Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü məsələsi yenidən çətinliyə düşüb. Bir neçə ay əvvəl miqrantların Avropaya axını ilə bağlı meydana çıxan humanitar böhran Brüsseli çox qorxutmuşdu.

Yaranmış vəziyyətdən xilas yolu kimi Türkiyə ilə bu məsələdə razılaşmanın əldə edilməsi göstərilirdi.

Almaniya kansleri Angela Merkel və Türkiyə rəhbərliyinin böyük səyi nəticəsində tərəfləri qane edən razılaşma əldə olundu. Ancaq imzalanan müqavilədə Türkiyə vətəndaşlarının Aİ ölkələrinə vizasız gedişi məsələsi də öz əksini tapmışdı. Avropa İttifaqı bu məsələni həll etməli idi. Əvəzində, Türkiyənin qarşısında 72 tələb qoyuldu. Onların sırasında Aİ-nin bütün 28 üzv ölkəsi vətəndaşlarının Türkiyəyə vizasız gəlişi kimi müddəa da var. Ankara bu öhdəliyinə əməl edib. Ancaq Aİ indi nə miqrantlar üçün ayrılmış 3 milyard avronu vermək fikrindədir, nə də terrorun Türkiyə üçün həssas olan məqamlarını anlamaq arzusundadır. Nəticədə, Ankara-Brüssel diplomatik xəttində gərginlik yaranıb.

Avropanın iradları və vədləri: uyğunsuzluq sindromu

Türkiyə ilə Avropa İttifaqı miqrantlarla bağlı razılaşma əldə edərkən, ekspertlər tərəflər arasındakı münasibətlərdə yeni mərhələnin başlandığını bildirirdilər. Əksəriyyət Ankara ilə Brüsselin daha da sıx əməkdaşlıq edəcəyini düşünür, hətta Türkiyənin Aİ-yə üzvlüyü ilə əlaqədar daha uyğun situasiyanın yarandığını qeyd edirdilər. Baxmayaraq ki, A.Merkel başda olmaqla təşkilat rəsmiləri üzvlükdən söhbət getmədiyini bir neçə dəfə vurğulamışdılar.

Son günlər Aİ-Türkiyə münasibətlərinin hamar olmadığını bir daha təsdiqlədi. Nəinki təşkilata üzvlük, hətta Türkiyə vətəndaşlarının Avropaya vizasız getməsi məsələsinin həlli belə ciddi çətinliyə düşüb. Onu vurğulayaq ki, mayın 4-də Avropa Komissiyası Türkiyə ilə viza rejiminin ləğv edilməsini tövsiyə edib. Ancaq bu zaman Aİ-nin Türkiyə qarşısında qoyduğu bütün 72 tələbə əməl edilməsi gərəkliyi ayrıca vurğulanırdı. Lakin artıq mayın 10-da yüksək səviyyədə keçirilməsi gözlənilən Aİ-Türkiyə görüşü təxirə salındı. Bir gün sonra isə Avropa Parlamenti Türkiyəyə vizasız rejimin tətbiq edilməsi məsələsini gündəmdən çıxardı.

Maraqlıdır ki, Ankara hələ mayın 3-də Aİ-nin əsas tələblərindən biri olan bütün üzvlərə vizasız rejimin tətbiqi ilə bağlı müsbət qərar qəbul edib. Bu, Aİ-nin Türkiyə ilə əlaqəli mövqeyinə ciddi təsir etməyib. Üstəlik, təşkilat terrorla mübarizə qanununda dəyişiklik etməyi Ankaradan israrla tələb etməkdədir. Bu məsələni Aİ rəsmiləri ''müzakirələrdən kənar'' adlandırırlar. Yəni heç bir şərt daxilində Aİ terrorla mübarizədə liberallaşmadan vaz keçməyəcək (bax: "Абсолютно вне дискуссии": почему ЕС заморозил визовую либерализацию Турции / ТАСС, 11 may 2016).

Ankara Aİ-nin qoyduğu şərtlər daxilində digər 4 tələbi – korrupsiyanın qarşısının alınmasını, Avropolla əməkdaşlıqla bağlı danışıqların aparılmasını, üzv dövlətlərlə məhkəmə əməkdaşlığı və vətəndaşlar haqqında məlumatların qorunmasının Aİ standartlarına uyğunlaşdırılmasını qəbul etmək istəmir. Nəticədə, Türkiyə rəhbərliyi ilə Aİ rəsmiləri arasında mübahisələr yaranıb və o, getdikcə daha da genişlənir.

Belə ki, Prezident Rəcəb Tayyib Ərdoğan Brüsselin mövqeyini kəskin tənqid edib. O, Türkiyəni kənardan idarə etməyin mümkün olmadığını bildirib. Xüsusilə terrorla mübarizə məsələsində Brüsselin istəklərinin yolverilməz olduğunu vurğulayıb. Türkiyə rəhbəri Avropa İttifaqını nəzərdə tutaraq obrazlı şəkildə iki sual verib: ''...nə zamandan bəri Türkiyəni idarə edirsiniz? Kim sizə bu ixtiyarı verib?'' (bax: Erdoğan'dan AB'ye 'terör tanımı' tepkisi: Kim size yetki verdi? / ''BBC Türkçe'', 12 may 2016).

Ankaranın qəzəblənməsi təsadüfi deyil. Brüssel Türkiyənin terrorla mübarizədə daha yumşaq və bir çox şeyləri nəzərə almadan mübarizə aparmasını tələb edir. Bu zaman kənardan ölkəyə terrorçuların girişinə elə də ciddi əngəl qalmır və eyni zamanda, daxildə separatizm və terrorla mübarizədə məhdudiyyət qoyulması istənilir. Türkiyə rəhbərliyi isə hesab edir ki, müxtəlif istiqamətlərdən terror təşkilatlarının ölkəyə qarşı fəallaşdığı bir zamanda bu tələb faktiki olaraq terrorçulara dəstək verməkdir.

Terror maneəsi, yoxsa Qərbin ikili standartlarının daha bir nümunəsi

Doğrudan da, Avropadan fərqli olaraq, Yaxın Şərq dövlətləri üçün terror daha kəskin problemə çevrilib. Xüsusilə Türkiyə uzun illərdir ki, bu bəla ilə gərgin mübarizə aparır. Keçən əsrin 70-80-ci illərində erməni terror təşkilatı ASALA tüğyan edirdi. Türkiyə çoxlu sayda qurbanlar verdi. Onun kökü kəsiləndən sonra PKK, daha sonra bu qanlı təşkilatın müxtəlif qolları yaradıldı, başqa terror qrupları da ortaya çıxarıldı. İndi onlara ''əl-Qaidə'', İŞİD və digər təhlükəli təşkilatlar əlavə olunublar. Hazırda Türkiyə faktiki olaraq bu terror qruplarının hər biri ilə mübarizə aparır.

Belə bir şəraitdə terrorla mübarizədə Avropa standartlarına keçmək ölkəni terrora təslim etmək deməkdir. Başqa tərəfdən, əgər bu tələb ödənsə, vizasız rejimdən istifadə edərək çoxlu sayda terrorçu Türkiyəyə maneəsiz daxil ola biləcək. Təbii ki, bu halda ölkənin nə hala düşə biləcəyini proqnozlaşdırmaq çətin deyil.

Məhz buna görədir ki, Ankara bütün bu tələblərə qarşı öz şərtini irəli sürüb – əgər terrorla mübarizə qanununun dəyişilməsində israr etsələr və vizasız gediş-gəliş rejimi tətbiq olunmasa, onda Ankara birtərəfli qaydada miqrantlarla bağlı əldə edilən razılaşmadan imtina edəcək (bax: Турция откажется возвращать нелегалов, если ЕС не отменит визы / ''Известия'', 19 aprel 2016). Bu bağlılıqda Türkiyə Prezidenti miqrantlar üçün nəzərdə tutulan 3 milyard avronu hələlik Brüsselin vermək fikrində olmadığını xatırladır (bax: Эрдоган: ЕС так и не дал Турции 3 млрд евро на беженцев / ''Expert Online'', 10 may 2016).

Ekspertlər yaranmış bu vəziyyətdən narahatdırlar. Onlar hesab edirlər ki, Avropa İttifaqı sona qədər səmimi davranmır. Brüsselin əsas məqsədi özünü miqrantlardan qorunmağı təmin etməyin fonunda Türkiyə ilə məsafəni saxlamaqdan ibarətdir. Çünki Ankaranın miqrantlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməsi faktdır. Aİ-nin bütün 28 üzv dövləti üçün viza rejimini aradan götürməsi də reallıqdır. Lakin bunun müqabilində Brüssel vəd etdiyi maliyyəni belə verməyə hazırlaşmır. Bu cür bir qədər saymazyana və əsassız davranış, təbii ki, Ankaranın qüruruna toxunur.

Maraqlıdır ki, Aİ liderləri həm də Türkiyəni öz sıralarına qatmaq fikrində olmadıqlarını bəyan edirlər. Son olaraq Böyük Britaniyanın baş naziri Devid Kemeron Türkiyənin təşkilata üzv olması şansının çox az olduğunu bildirib. Yaxın bir neçə on illikdə çətin ki, bu, baş versin (bax: Эрдоган смог расколоть ЕС по поводу безвизового режима для Турции / ''Взгляд.ру'', 4 may 2016).

Bundan başqa, Çexiya, Slovakiya, Polşa və Macarıstanın xarici işlər nazirləri bir qədər qəribə mövqe nümayiş etdirirlər. ''Vışeqrad'' dördlüyünün üzvləri kimi onlar bəyan ediblər ki, Gürcüstan və Ukraynaya vizasız rejim tətbiq olunmadan Türkiyəyə bunun edilməsi mümkün deyil (bax: əvvəlki mənbəyə). Avropa Parlamentindəki ''Millətlər və azadlıqlar Avropası'' fraksiyası isə daha kəskin və şovinist bəyanat verərək, ''Onların (türklər nəzərdə tutulur – Newtimes.az) dəyərləri bizimkilərlə tamamilə bir-birinə uyğun deyil'' kimi XXI əsrin ruhuna tam yad fikir ifadə ediblər (bax: əvvəlki mənbəyə).

Lakin bütün bunlara rəğmən, Ankara yenə də səbir göstərir. Prezident R.T.Ərdoğan Türkiyənin strateji məqsədinin Avropa İttifaqına üzvlük olduğunu açıq bəyan edib (bax: Эрдоган назвал вступление в ЕС стратегической целью Турции / ''Лента.ру'', 9 may 2016). Bununla yanaşı, o qeyd edib ki, əgər Brüssel bu cür davranmaqda davam etsə, Ankara qərarını dəyişə bilər. Türkiyə rəhbərinin məsələni bu cür qoyması başa düşüləndir. Çünki reallıqda Aİ Türkiyə ilə bağlı qeyri-səmimi addımlar atır. Artıq Ankara 50 ildir ki, Aİ-nin qapısı ağzında gözləyir. Bu, sonsuza qədər uzana bilməz.

Bunları nəzərə almaqla yanaşı, etiraf edilməlidir ki, Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlərin çətinliyə düşməsi heç bir tərəfə xeyir vermir, qlobal geosiyasi mənzərəyə də mənfi təsir göstərir. Avropalı rəsmilərdən biri etiraf edib ki, əgər razılaşma olmasa, Avropa və Türkiyə çox çətin vəziyyətə düşə bilərlər. Bu razılaşmaya nail olmağın yolları barədə isə Avropadan bir təklif yoxdur. Hazırda hər iki tərəf mövqeyini saxlamaqla güzəştə getməyəcəyini bildirir. Bir sıra ekspertlər isə Ankaranın Brüsselə miqrant problemi vasitəsi ilə təzyiq edəcəyini proqnozlaşdırırlar.

Onlar vəziyyəti bir qədər də vulqarlaşdırırlar. Guya R.T.Ərdoğan Aİ-ni şantaj edir. Təbii ki, belə yanaşma ədalətsiz və siyasi baxımdan naşılıq əlamətidir. Söhbət Aİ kimi qlobal güclə Türkiyə kimi böyük dövlət arasında mümkün razılaşmadan gedirsə, burada beynəlxalq qanunların işlək olması ciddi tələb olunur. Emosiyalar isə burada işə yaramır. Hər bir halda, Aİ-Türkiyə münasibətləri çox çətin bir mərhələyə qədəm qoyur. Onun necə həll edilməsindən bəlkə də Yaxın Şərqin və ona yaxın digər regionların geosiyasi taleyi asılı olacaq. Necə deyərlər, ''stavka'' böyükdür!

Newtimes.az

 





24.05.2016    çap et  çap et