525.Az

Qərb və Şərq insanı


 

Qərb və Şərq insanı<b style="color:red"></b>

Virciniya Vulf  və Afaq Məsud yaradıcılığında

Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru Fərqanə Zülfüqarovanın “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası (Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında)” kitabı işıq üzü görüb. Kitabda müəllif bütün dövrlərdə önəmli olan insan problemindən söz açır. Görkəmli yazıçı Virciniya Vulfun yaradıcılığının timsalında XX əsr ingilis ədəbiyyatında insan problemi, Azərbaycan ədəbiyyatında psixoloji modernist nəsrin nümayəndəsi Afaq Məsudun əsərləri müqayisəli təhlilə cəlb olunub. Hər iki yazıçının əsərlərində insan konsepsiyası ilə bağlı oxşar və fərqli cəhətlər  ədəbi- fəlsəfi, əxlaqi-dini, ideya-estetik  baxışların təlqin və təbliğ edilməsi şərtləndirilib.  Üç fəsildən ibarət olan kitabın birinci fəslində Qərb ictimai-siyasi, elmi-fəlsəfi fikrində insan konsepsiyaları mövzusunda “Avropada insan problemi və ədəbiyyat”,  “V. Vulf və Qərb azadlıq fəlsəfəsi” monoqrafiyaları yer alıb. “Avropada insan problemi və ədəbiyyat” başlıqlı yazıda müəllif Qərb düşüncəsində insanpərvərlik ideyalarının pərvəriş tapmağa başladığı İntibah dövründən etibarən ədəbiyyat və incəsənətin ən başlıca mövzusuna çevrildiyini bildirib: “Kilsə insanın azadlığı, böyüklüyü, gözəlliyi ideyasını heç cür qəbul edə bilmir, buna özünün cəmiyyətdəki nüfuzunun sona yetməsi kimi baxırdı. Buna görə İntibah prosesinin yaranmasıyla azad insan fikri və düşüncəsinə qarşı inkvizasiya tonqalları da alovlanıb.  Bir neçə əsrlik qarşıdurmada milyonlarla adam inkvizasiya tonqalında yandırılsa da azad insan düşüncəsi bu mübarizədə qalib gəldi və çağdaş Qərb ictimai-siyasi, elmi –fəlsəfi fikrindəki müxtəlif insan konsepsiyalarına gətirib çıxardı”.

Müəllif insanın öz ruhi, təbii başlanğıcına qayıdışı zamanı Qərb alimlərinin Şərqə üz tutduqlarını qeyd edib: “Rasional məntiqə həddən artıq güvənən Qərb düşüncəsindən fərqli olaraq Şərqdə insanın ruhi, təbii xüsusiyyətləri daha yaxşı qorunub saxlanmışdır”.  “V .Vulf və Qərb azadlıq fəlsəfəsi” başlıqlı yazısında isə müəllif insan konsepsiyasının ingilis ədəbiyyatında öyrənilməsinin  çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıb və XX əsrin əvvəllərində Qərbi Avropa psixoloq və filosoflarının  insanın öyrənilməsinə dair xeyli qiymətli əsərlərinin nəşr olduğunu bildirib.   Yazıda F. Zülfüqarova insan ruhunun ilahi bir möcüzat olduğunu  da diqqətə çatdırıb: “İnsan ruhunun imkanları geniş olduğu üçün  çəkinmədən söyləyərdim ki, yer üzünün məntiqi insan ağlına deyil, insan ruhunun məntiqinə əsaslanmalıdır. Virciniya Vulfun əsərlərində də məhz  bu məqam özünün daha geniş ifadəsini tapmışdır”. Yazıda müəlif  Andre Mersyenin, S. Kyerkeqorun,  J. P. Sartrın insan azadlığı mövzusundakı baxışlarını da oxucuların diqqətinə çatdırıb.

Kitabın üçüncü fəsilində yer alan “Virciniya Vulfun yaradıcılığında şəxsiyyət və cəmiyyət münasibətləri fəlsəfəsi, psixoloji xüsusiyyətləri”  başlıqlı yazıda  V. Vulfun əsərlərində şəxsiyyətin fəlsəfi psixoloji məqamlarına nəzər salınıb.

Kitabın üçüncü  fəslində Afaq Məsudun yaradıcılığında insan və sosial mühit münasibətlərinin daxili mahiyyəti və məzmunundan söhbət açılır. Müəllif Azərbaycan ədəbiyyatında insan konsepsiyasının tarixi inkişaf yoluna işıq salıb. Sonrakı səhifələrdə Afaq  Məsud yaradıcılığı ilə Virciniya Vulfun yaradıcılığındakı mövzu və ideya-bədii səsləşmələr  qələmə alınıb. Müəllif yazıda  qeyd edib ki, Virciniya Vulfun yaradıcılığı ilə müasir ədəbiyyatımızın tanınmış nasiri Afaq Məsudun əsərləri arasında ideya-süjet və məzmun-forma səsləşmələri və paralelləri tapmaq mümkündür:

“V. Vulfun əsərləri Azrbaycan ədəbiyyatında Afaq Məsudun əsərləri ilə analoji və psixoloji aspektdə daha çox səsləşir”.

Kitaba Afaq Məsudun müxtəlif  illərdə Azərbaycanın aparıcı  mətbuat orqanlarına verdiyi  maraqlı müsahibələr də daxil edilib.

GÜNEL

 





18.02.2013    çap et  çap et