525.Az

VIII illik Süd Olimpiadası


 

VIII illik Süd Olimpiadası <b style="color:red"></b>

Bakıda VIII illik süd olimpiadası keçirilir. Bu, südçülük sahəsi üçün əlamətdar beynəlxalq hadisədir.

AZƏRTAC xəbər verir ki, dünyanın 14 ölkəsindən 150-dən çox nümayəndə südçülük sahəsində aktual məsələləri müzakirə etmək, texniki və praktiki seminarlarda iştirak etmək üçün bir araya toplaşıb.

Olimpiada iştirakçıları arasında südün və süd məhsullarının sənaye üsulu ilə istehsalı və emalı üçün heyvandarlıq avadanlığının satıcıları, analitiklər, Azərbaycanın və Rusiyanın aqrar idarələrinin nümayəndələri var.

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri İlham Bayramov Süd Olimpiadasının açılışında çıxış edib. O, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasəti barədə məlumat verərək qeyd edib ki, bu şaxələndirmənin mühüm vektorlarından biri kənd təsərrüfatının inkişafıdır. Aparat rəhbəri deyib: “Aqrar sektorun vacibliyi həm də kənd təsərrüfatı məhsulları istehsalında əhalinin məşğulluq göstəricisinin yüksək olması ilə şərtlənib: statistik məlumatlara görə, aqrar sənaye kompleksi 1,6 milyondan çox insanı işlə təmin edir. Bu, respublika iqtisadiyyatında çalışan əhalinin 37 faizindən çoxdur. Azərbaycanda milli ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusi diqqət yetirilir, bu sahədə dövlət proqramları kənd təsərrüfatının inkişafı siyasəti ilə sıx qarşılıqlı əlaqəli şəkildə həyata keçirilir”.

İ.Bayramov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi süd istehsalını və südlük mal-qaranın məhsuldarlığını artırmaq üçün konkret strategiya işləyib hazırlayıb. O deyib: “Ölkədə süd istehsalı üzrə iri fermer təsərrüfatları yaradılır. Bu təsərrüfatlarda bir baş mal-qaradan 6000 kiloqramdan çox süd sağılır, pilot ailə fermalarında 10-15 baş heyvan saxlanılır. Bütövlükdə Azərbaycanda süd emalı üzrə 78 zavod və digər müəssisə fəaliyyət göstərilir. Əhalinin süd və süd məhsulları istehlakının dinamikası artmaqdadır. 2015-ci ildə ölkədə 1,92 milyon ton süd istehsal edilib, bu, adambaşına 246,5 kiloqram süd deməkdir. Bundan əlavə təxminən 500 min ton süd və süd məhsulları idxal edilib. Statistik məlumatlara görə, Azərbaycan özünü süd və süd məhsulları ilə 80 faiz təmin edir, bu məhsulların qalan hissəsi yaxın və uzaq xarici ölkələrdən idxal edilir.

Azərbaycan, Rusiya, Fransa, İsrail, Almaniya, İtaliya, Gürcüstan, Ukrayna, Yeni Zelandiya, Braziliya, Finlandiya, Malayziya, Belarus və Litvadan olan ekspertlər məruzələrlə çıxış edir, süd bazarının problemlərinin həlli və bu sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq yolları haqda fikir mübadiləsi aparır, südçülük sahəsində cari vəziyyət barədə məlumat verirlər.

Mayın 26-dək davam edəcək tədbirdə dünya süd bazarının qloballaşması, bu bazarın perspektivləri, dünya və lokal pendir bazarlarında müşahidə olunan meyillər, “Uğurlu ferma” layihəsinin tərkib hissələri və bir sıra başqa mövzular müzakirə olunacaq.

Bu sahənin iştirakçısı olan ən iri şirkətlərin, Rusiyanın və Azərbaycanın dövlət orqanlarının dəstəyi ilə keçirilən tədbirin təşkilatçısı qismində “The DairyNews” süd bazarı xəbərləri informasiya agentliyi çıxış edir.

 





24.05.2016    çap et  çap et