525.Az

Şəhid hərbçilərin medalları ailə üzvlərinə təqdim olundu


 

Şəhid hərbçilərin medalları ailə üzvlərinə təqdim olundu<b style="color:red"></b>

Qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçuları – kapitan Orucov Mühüd Qurban oğlu və baş leytenant Namazov Elvin Məmməd oğlu “İgidliyə görə”, əsgər Əliyev Orxan Məhəmməd oğlu isə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunublar.

AZƏRTAC xəbər verir ki, şəhid hərbçilərin layiq görüldükləri medalların təqdim olunması ilə əlaqədar Qazax rayonunda mərasim keçirilib.

Rayon rəhbərliyinin, Müdafiə Nazirliyinin məsul işçilərinin, ictimaiyyət nümayəndələrinin, ağsaqqalların, gənclərin iştirakı ilə keçirilən mərasimdə şəhidlərin şücaətindən, onların qəhrəmanlıqlarından bəhs edilib.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani tədbirdə çıxış edərək, erməni işğalçılarının bütün təxribat cəhdlərinin qarşısının ordumuz tərəfindən qətiyyətlə alındığını, düşmənə layiqli cavab verildiyini bildiriblər.

Sonra medallar şəhidlərin ailə üzvlərinə təqdim olunub.

Şəhid hərbçilərin valideynləri övladlarının xatirəsinin əziz tutulduğuna, ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 





24.05.2016    çap et  çap et