525.Az

Kırşehir Kitab Sərgisinin açılış mərasimi - Fotoreportaj


 

TƏDBDİRDƏ AZƏRBAYCANIN ŞAİR VƏ YAZIÇILARI DA İŞTİRAK EDİBLƏR

Kırşehir Kitab Sərgisinin açılış mərasimi - <b style="color:red">Fotoreportaj</b>

Mayın 23-də Türkiyədə Kırşehir Kitab Sərgisinin açılış mərasimi keçirilib.

Kırşehir Bələdiyyə başkanı Yaşar Bahçeçinin, yazıçılar - Rasim Özdənörənin, Nuri Padkdilin, digər şair və yazarların, eləcə də müxtəlif yayım evlərinin iştirak etdiyi açılış mərasimində ilk söz Azərbaycan Yazıçılar Birliyinin və Türkdilli Ölkələr Yazarlar Birliyinin rəhbəri, Xalq yazıçısı Anara verilib. Anar çağdaş zamanda kitabın insan həyatındakı yerindən və rolundan danışıb, həmçinin Türkiyə haqqında düşüncələrini mərasim iştirakçıları ilə bölüşüb:

"Sovetlər Birliyində Türkiyəyə gəlmək yasaq idi. Amma biz yazıçı kimi böyük çətinliklə rəsmi icazə alıb bura gələ bilirdik. Təxminən qırx il öncə mən ilk dəfə Türkiyəyə səfər edəndə anam mənə demişdi ki, o ölkə səni sərxoş edəcək. Elə də oldu. O zamandan sonra uzun illər keçib, ölkəmiz müstəqillik qazanıb, qadağalar götürülüb, Türkiyəyə saysız-hesabsız səfərlər etmişəm, Memar Sinan Universitetində iki semestr dərs demişəm, burda ondan çox kitabım nəşr olunub, amma yenə də hər dəfə gələndə Türkiyə məndə eyni duyğuları oyadır, məni təsirləndirir, anam dediyi kimi, sərxoş edir. Məncə, bu duyğuları oyadan türk musiqisidi, gözəl təbiətdi, amma daha çox buranın insanlarıdır. Bu gün də sizlərin kitaba, ədəbiyyata sevginizi, sayğınızı görüb təsirləndim. Dünya, yeni texnologiyalar, internet nə qədər inkişaf etsə də, kitabın həyatımızdakı rolu danılmazdır".

Daha sonra Kırşehir Bələdiyyə başkanı Yaşar Bahçeçi, yazıçılar Rasim Özdənörən, Nuri Padkdil və başqa iştirakçılar çıxış edərək bu cür kitab yarmarkalarının faydasından söz açıblar.

Rəsmi açılış mərasimindən sonra müxtəlif qələm adamlarıyla oxucuların görüşü olub.

Türk şairi Ataol Bəhramoğlu "Şeir həyatın harasındadır" mövzusunda məruzə edib, oxucularla müzakirələrə qoşulub. A.Bəhramoğlu həmçinin Azərbaycana, Azərbaycan ədəbiyyatına sevgisindən də danışıb: "Mən azəri kökənliyəm. Amma bu ölkənin ədəbiyyatına, insanlarına sevgimin tək səbəbi bu deyil. Azərbaycanı çox sevirəm. Bu gün Azərbaycandan gələn dostlarımı görəndə sevincim yerə-göyə sığmadı. Uzun illər dostluq etdiyim, türk dünyasının böyük qələm adamı Anar, istedadlı şair, ziyalı

Rəşad Məcid, gənc yazıçı, gözəl hekayələr müəllifi Pərvin məni çox sevindirdilər, sizlər də bu insanları yaxından tanımalı, əsərlərini oxumalısız".

Kitab günləri çərçivəsində Azərbaycan yazıçılarının Fen Litseyi tələbələri ilə görüşü də baş tutub.

Tədbiri giriş sözü ilə açan yazıçı-tərcüməçi Imdat Avşar tələbələrə qonaqlar haqqında məlumat verib. Eyni zamanda Azərbaycan ədəbiyyatı haqqında fikirlərini bölüşüb.

Xalq yazıçısı Anar Kitab günləri çərçivəsində keçirilən tədbirlərdən aldığı təəssüratdan danışıb, oxucularla, gənclərlə görüşlərin faydasını vurğulayıb: "Fen Litseyi texniki elmlər təmayüllü olsa da, bu binaya girəndə böyük şairlərin - Mövlanənin, Yunis Imrənin şəkillərini gördüm və düşündüm ki, hər gün bu insanlar sizi litseydə qarşılayırlar. Dərslərinizlə bərabər ədəbiyyat da oxumalısız. Çünki kitab oxumayan adam hansı sahəni seçir-seçsin, heç vaxt yaxşı mütəxəssis ola bilməz". "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Kırşehirin tarixi məkanlarından aldığı təəssüratları tələbələrlə bölüşüb, insanın ədəbiyyata marağının heç də onun seçdiyin sahədən asılı olmadığını söyləyib:"Mən də sizlər kimi riyaziyyat təmayüllü məktəbdə təhsil almışam, amma bu, ədəbiyyata marağımı, sevgimi azaltmayıb. Tale elə gətirib ki, mən də ədəbiyyatı seçmişəm. Kim bilir, bəlkə sizlərin də arasında gələcəyin şairləri, yazıçıları var".

Daha sonra gənc yazar Pərvin müasir Azərbaycan ədəbiyyatından danışıb, çağdaş gəncliyin kitaba münasibətindən söz açıb: "Bir neçə ildir ki, universitetdə dərs deyirəm və gənclərlə sıx ünsiyyətdəyəm, mütaliənin tələbələrimin dünyagörüşünə təsirini müşahidə etmişəm. Bugünkü gənclik çox şanslıdır, çünki onların oxuması, inkişaf etməsi üçün hər cür şərait yaradılıb. Şəhərinizdə keçirilən kitab günləri də siz gənclər üçün bir fürsətdir, bundan yararlanmağınız lazımdır".

Sonra yazıçılar tələbələrin müxtəlif suallarını cavablandırıblar, öz imzalı kitablarını, Azərbaycan yazıçı və şairlərinin tükcəyə çevrilmiş əsərlərini, Musa Yaqubun, Günel Anarqızının kitablarını gənclərə hədiyyə ediblər.

Qeyd edək ki, növbəti gün Xalq yazıçısı Anarın, Rəşad Məcidin və Pərvinin "Azərbaycanda ədəbi nəsillər arasında əlaqə" mövzusunda məruzələri, oxucularla bu mövzu ətrafında müzakirələri nəzərdə tutulub.

NƏZRİN

 





24.05.2016    çap et  çap et