525.Az

Astanada "Böyük Çöl" Birinci Sosial Elmlər Forumu


 

Astanada "Böyük Çöl" Birinci Sosial Elmlər Forumu<b style="color:red"></b>

Türkdilli ölkələrin müstəqillliyinin bərpa olunmasın 25 illiyinə və Türk yazısı gününə həsr olunmuş "Böyük Çöl" Birinci Sosial Elmlər Forumu öz işinə başlayıb.

Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Qazaxıstanın Astana şəhərində keçirilən forumda Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalikova, Türkiyə Elmlər Akademiyasının prezidenti Ahmed Cavad Acar, Türkiyənin UNESKO üzrə Milli Komissiyasının sədri Ocal Oğuz, o cümlədən, dünyanın 20 ölkəsindən dəvət olunmuş türkoloqlar, iqtisadçılar, alimlər və ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbirdə Azərbaycanı Milli Məclisin deputatları AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və fəlsəfə doktoru Cavanşir Feyziyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, AEMA-nın müxbir üzvü Möhsün Nağısoy, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov təmsil edir.

Qonaqlara əvvəlcə Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi kitab sərgisi təqdim olunub. Akademiyanın çap etdiyi 50-dən çox kitablardan millət vəkili Cavanşir Feyziyevin qazax dilində nəşr olunmuş “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabı forum iştirakçılarının böyük marağına səbəb olub.

Türk dünyasına töfhələr vermiş, xalqlar arasında humanitar əlaqələrin möhkəmləndirilməsində önəmli rol oynayan görkəmli qazax yazıçısı Oljas Süleymenova, Özbəkistan Elmlər Akademiyasının akademiki Əhmədalı Əsgərova, Türk Şurasının Ağsaqqallar Şurasının sədri Adil Axmetova, Moskva Dövlət Universitetinin Afrika və Asiya ölkələri İnstitutunun professoru Dmitriy Mixayloviç Vasiliyevə TWESCO-nun qızıl medalı təqdim olunub.

Azərbaycan səfiri Rəşad Məmmədov Oljas Süleymenovun 80 illik yubileyi münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı təbrik məktubunu və Fəxri Diplomu yazıçıya təqdim edib.

Türk dövlətlərinin müstəqilliyinin 25 illiyi, I Bakı Türkoloji Qurultayının keçirilməsinin 90 illiyi və eləcə də türk dünyasının əfsanəvi sufi alimi Xoca Əhməd Yəsəvinin vəfatının 850 illiyi və Əhməd Balasaqunun 1000 illiyinə həsr olunmuş panel müzakirələrində Amerika, Almaniya, Yaponiya, Çin, Cənubi Koreya, Türkiyə, MDB ölkələri və Böyük Britaniyadan gəlmiş 200-dən çox alim, eləcə də türk dünyasının tədqiqatçıları iştirak ediblər. İlk panel iclasında çıxış edən C.Feyziyev müasir dünyamızda gedən qloballaşma proseslərində türkdilli ölkələr qarşısında dayanan əsas problem və vəzifələrdən danışıb.

Millət vəkili müasir dövrün çağırışlarına adekvat cavab verə bilmək üçün türkdilli ölkələr arasında inteqrasiya proseslərinin gücləndirilməsi zərurətini önə çəkib və yeni şəraitdə türkdilli ölkələr qarşısında dayanan problemlərin həlli üçün çıxış yolu ola biləcək tezislərini də forum iştirakçılarının diqqətinə çatdırıb.

Ə.Muradov məruzəsində Türk Dövlətləri Birliyi modelində türkdilli ölkələrin iqtisadi potensialının öyrənilməsi və bu ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

İ.Həbibbəylinin moderatorluq etdiyi panel müzakirələrində tanınmış türkoloqların həyat və fəaliyyəti, onların dilçilk sistemində yaratdıqları məktəb və əsərlər haqqında verdiyi məlumatlar forum iştirakçılarının marağına səbəb olub.
 
M.Nağısoy ortaq türk dili problemlərinə həsr olunmuş məruzə ilə çıxış edib.

Fasilələr zamanı Azərbaycandan olan millət vəkilləri və türkoloq alimlər dünyanın bir çox ölkələrindən gəlmiş elm adamları ilə ikitərəfli görüşlər keçiriblər.

Forum işini davam etdirir.

 





24.05.2016    çap et  çap et