525.Az

“DəmirBank” əmanətçiləri niyə aldadır?


 

“DəmirBank” əmanətçiləri niyə aldadır?<b style="color:red"></b>

Son dövrlər ayrı-ayrı kütləvi informasiya vasitələrində ölkədə fəaliyyət göstərən müxtəlif bankların vətəndaşlarla kobud davranması, onların hüquqlarını pozmaları barədə müxtəlif səpkili materiallara daha çox rast gəlinir.

İstər banklardan xarici valyuta ilə kredit götürən vətəndaşlar, istərsə də bankların borclandığı əmanətçilər onlara banklar tərəfindən ciddi problemlər yaradıldığını dilə gətirir, əlaqədar dövlət qurumlarının bu barədə sərt tədbirlər görməsini istəyirlər.

Son günlər redaksiyamıza daxil olan şikayətlərin birində isə “DəmirBank”la bağlı ilginc iddialar irəli sürülür. Bildirilir ki, “DəmirBank” qeyri-qanuni üsullarla vətəndaşların əmanət qoyduğu vəsaitləri mənimsəməklə məşğuldur. Hətta iş o yerə çatıb ki, Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin, Milli Qəhrəmanlarımızın, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən Xalq şairinin ailə üzvlərinin qəpik-qəpik yığdıqları pullar da mənimsənilir. Bu aldadılmış insanların əllərində rəsmi müqavilələr, pulların mədaxil orderləri, baş ofis tərəfindən xüsusi nəzarətlə verilən əmanət kitabçaları, həmin məbləğin veriləcəyi haqqında möhürlü rəsmi zəmanət məktubu və digər tutarlı dəlillər var.

“DəmirBank” rəhbərləri və onların havadarları on nəfərdən çox vətəndaşın külli miqdarda pullarını mənimsəyiblər, indi həmin pulları geri istəyəndə isə öz yaxalarını kənara çəkməyə çalışırlar. Bank rəhbərliyi çox yaxşı bildiyi və qanunda da açıq yazılmış bir həqiqəti

unutmağa çalışır ki, bu müqavilələrin hansı filialda və onların səlahiyyət verdikləri hansı şəxs tərəfindən bağlanmasından, kimlər tərəfindən mənimsənilməsindən asılı olmayaraq qanun qarşısında baş idarə, onlara bu səlahiyyətləri verənlər məsuliyyət daşıyır və bu pulları geri ödəməlidirlər. Ancaq rəhbərlik vəsaitləri geri qaytarmaq istəmir və əslində isə dolayısı ilə bu pulların mənimsənilməsində əlləri olduğunu təsdiqləyirlər.

Məlumata görə, 5-6 ay əvvəl də belə faktlar olub. Əmanətçinin bağladığı əmanət müqaviləsində göstərilən məbləğ əmanətçinin bank hesabında olmayıb, yəni, mənimsənilib. Daha sonra maliyyə cinayətini ört-basdır etmək üçün “DəmirBank”ın baş ofisinin, bank rəhbərliyinin tapşırığı ilə həmin pullar əmanətçiyə qaytarılıb. Bir sözlə, dələduzluq əməli hüquq-mühafizə orqanlarından və ictimaiyyətdən gizlədilib.

Zərərçəkənlər ümid edirlər ki, hər bir ölkə vətəndaşının hüquqlarını daim müdafiə edən, şəhid və Milli Qəhrəmanların xatirəsini həmişə əziz tutan dövlətimizin rəhbərliyi bu özbaşınalıqlara da biganə qalmayacaq, sərt tədbirlər görəcək.

Sonda zərərçəkənlər, “DəmirBank” rəhbərliyinin problemi tezliklə həll etməyəcəyi təqdirdə, yaxın zamanlarda bu qanunsuz əməllərlə bağlı ictimaiyyətə ciddi açıqlamalar verəcəklərini vurğulayıblar.

AZAD

 





24.05.2016    çap et  çap et