525.Az

Sual işarəli rübailərim...


 

Sual işarəli rübailərim...<b style="color:red"></b>

Oqtay RZA,
Əməkdar müəllim

1

Bülbül - təranəli, çiçəklər rəng-rəng,
Durna qaqqıltısı göyümə gərək.
Qumundan, gilindən razıyam, Vətən!
Qürbətin mərməri nəyimə gərək?!

Bu durna görəsən niyə tək uçur?
Yayıb harayını göyə, tək uçur;
Bəlkə didərginlər, qaçqınlar kimi
Tənhalıq əzabı çəkərək uçur?

Qadın var-dul qalıb, saxlayır külfət,
Qadın var - kişili, övlada həsrət.
Haqsız, ədalətsiz bölgülərin, de,
Kimdir günahkarı, kimdir, təbiət?

Türkün imicinə zərər vurursan,
Səmti dəyişdirib hara varırsan?
Bir yaşlı körpəni, söylə nə üçün
Əvvəl yad sözlərlə danışdırırsan?

2

Məhəbbət səslənir eşqin tarında,
Həzin sədasıdır nakamların da.
Deyirlər bir dəfə vurulur adam,
Niyə "ilk məhəbbət" sözü var onda?

Şirin yuxusuna öd qatır insan,
Süni ürəyi də yaradır insan.
Deyə bilərsənmi övladı hər an
Görməyə nə üçün can atır insan?

Niyə yarpaqların rəngi sarıdır?
Çünki yol payızdan qışa sarıdır.
Baharı geriyə qaytaran günəş
"Kiminsə eşqinin yadigarıdır".

Ah-naləm, fəryadım ucalır göyə,
Tez-tez rast gəlirəm nakam taleyə;
Yaradan məhəbbət aşılayıbsa,
Sonra sevənləri ayırır niyə?

Oxu tuşlayıbsan düz ürəyimə,
Oxu, nəğmələrdən düz ürəyimə!
Oxu gözəlini necə unudum?
Oxçayı göndərin köz ürəyimə!

Sanki səs eşidib hay-küyə gəldin,
Çocuq! Gör haraya, gör nəyə gəldin?
Heç nədən yaranıb - cahan əhlinin
Min cür sifətini görməyə gəldin.

Nehrəni axtarıb tapasan gərək,
Bəlkə cavanlara biz salam verək?
Vətən, taleyimiz necə olacaq?
Layla da azalır ana südütək.

Çətin yol gedirik Yeni dünyaya,
Min dərd - sər yayılıb eyni dünyaya.
Ay ata, ay ana! Ay əzizlərim,
Niyə gətirdiniz məni dünyaya?!

3

Çoxdur qayğıları bəşərin, Allah!
Yoxdur nəhayəti dərd-sərin, Allah!
İnsana möhtəşəm əsərim desək,
Niyə nöqsanlıdır əsərin, Allah?

Sorğuya tuturam mən bu dünyanı:
Yaraşıq verməkdə insafın hanı?
Adam var - yekəpər, qlobus kimi,
Adam var - burnundan tut çıxsın canı.

İlahi, qulaq as, imkanın varsa,
Az qalıb əlimdə gəzdirəm əsa.
Niyə yaradıbsan gözəllikləri?
Niyə yaşamağı edibsən qısa?

Möhtərəm filosof! De, nədir həyat?
Bəlkə tamaşadır, sərgidir həyat?
Çatsın nəzərinə şöhrətpərəstin:
Sıfırdan-sıfıra yol gedir həyat...

Hələ ayırırlar ağanı quldan,
De, nəyi əskikdir qızın oğuldan?
Kainat bəxş edib su, hava, sərvət...
Cəzası-zəlzələ, qasırğa, vulkan.

Alnımda qırış var, sahəmdə şırım,
Bu tərəf- düzənli, o yan-sıldırım.
Geniş dünyamızda axı nə üçün
Ya ağac, ya adam vurur ildırım?!

Pillədən-pilləyə yüksəldikcə O,
Evi də yeridi mərkəzə doğru.
Ay dost, mexanika fənnində buna
Mürəkkəb hərəkət deyərlər, ya yox?

Kimsəsiz adaya köçüb bir nəfər,
Ömrünü tək-tənha keçirsə əgər,
Bəbir öldürsə də, şir öldürsə də,
Kim ona qəhrəman, cəngavər deyər?

Görəsən heç qohum-qardaşı yoxdur,
Qəbrini isladan göz yaşı yoxdur?
Daşlar aləmindən kitab yazanın
Hələ indiyədək başdaşı yoxdur!

Qanımda-qatılıq, canında-ağrı,
Xəstəlik tez tapır təki, fağrı.
Ömrümün əvvəli-ötən əsrdə...
Kimin bu dünyada yoxdur axırı?

Ustad Ağacəfər heç "mən, mən" deyir ?
Öz lirik şeirini az, hərdən deyir.
Fəqət Füzulinin nəğmələrini
Düz iki-üç saat əzbərdən deyir.

Həsən bəy, çay içib nədən bəhs edək?
Arzular çoxalıb, ömürsə gödək.
Ön cəbhə xəttini pozub bəlkə biz
Ağdamın Güllücə kəndinə gedək?

Yaxşı söz dilin də qənd-noğuludur,
Yaxşı söz göz yaşı kimi saf sudur.
Tez-tez əhvalımı soruşan kimdir?
Mühəndis İsrafil Qaraoğludur!

Müzahim İsmayıl! Dəyərli insan!
Halal qismətindir mükafat, ad-san.
Qayıtdın Sibirdən - Qırmızıyardan,
De, görüm necədir qohumum Hicran?

Uğurlu, uğursuz günlər görmüşəm,
Gah acı, gah şirin meyvə dərmişəm.
Məni ahıllıqda yandıran nədir?
Bir də tapılmayan vaxt itirmişəm!

Dilimdə-düzlük, haqq, əlimdə qabar,
Doğru söz deyəni ağrı tez tapar.
Niyə istəmirsən qalxım kürsüyə?
...Şeir oxuyaram, bərk alqış qopar.

4

Bayquşun nə imiş əsas günahı?
Uluya-uluya açır sabahı;
Gecə xilqətitək yaranmaq azmış,
Səsi, avazı da xoş gəlmir axı?

Qəşəng qaratoyuq sübh tezdən niyə
Cik-ciki saxlayıb keçib şərqiyə?
Axı beş həftəlik vaxt var Novruza,
Qar, boran qayıdar birdən geriyə...

Doğru söz söyləyən "axmaqdır" niyə,
Bumeranq qayıdan toxmaqdır niyə?
Pələngə ən yaxın qohum olsa da,
Pişiklər bu qədər qorxaqdır niyə?

Quzu mələməsi fəryad, həzin səs,
Maral balasına ahu deyilməz!
Beçə böyüyərək xoruzlaşırsa,
Körpə uzunqulaq nə adlanır bəs?

Bir zaman toxunub, dəyib xətrinə,
Görəsən bu adı kim verib sənə?
...Ərzin xəbisləri yığışsa, yəqin
Baxarsan dəryanın dərinliyinə.

5

Deyirlər çox şeyi alma eyninə,
Adamı yandırır bilirsiniz nə?
Avropa Şurası razılıq verib-
Kişinin kişiylə evlənməyinə!

BeEmTe! Sülh yolu salmalısan sən,
Bir yerdə nə qədər qalmalısan sən?
Ancaq öz xeyrini güdən dövlətin
Yenə "səs maşını" olmalısan sən?

Haylar Fransaya tez hay verdilər,
Siyasət "bağından çiçək dərdilər";
Görəsən nə üçün Şirak çölündən
Cənab Jak Şiraka gül göndərdilər?

Bir ölkə çox kasıb, bir ölkə toxdur,
Bəd xəbər bağrıma sancılan oxdur;
Qoçuluq eyləyən dövlətlərdə var -
Niyə Türkiyənin atomu yoxdur?

Bəşərin birliyi bütöv, tam deyil,
Minnətli yaxşılıq ehtiram deyil!
Nə üçün ən güclü üç-dörd ölkənin
Başında duranlar düz adam deyil?!

Bir yanda ah-nalə, bir yanda cəh-cəh,
Dayanıb üzbəüz kədərlə fərəh.
Təbii bəla da bürüyüb Ərzi,
Zəlzələ, sunami, sel nəyə gərək?!

Qan! Xoşun gəlirmi kim desə "qan-qan"?
Al-qızıl rəngindən yəqin razısan?
Bəlkə insanları qorxutmaq üçün
Bu qədər dəhşətli, qıp-qırmızısan?

 





24.05.2016    çap et  çap et