525.Az

Strateji müttəfiqlik münasibətləri keyfiyyətcə yeni mərhələdə


 

Strateji müttəfiqlik münasibətləri keyfiyyətcə yeni mərhələdə<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyevin Dünya Humanitar Sammitində iştirak məqsədilə mayın 22-də Türkiyəyə gerçəkləşən işgüzar səfəri iki dost və qardaş dövlətin əsrlərin sınağından çıxan strateji müttəfiqlik münasibətlərinin yüksək dinamizmlə inkişaf etdiyini və mühüm geosiyasi reallıqlarla şərtləndiyini əyani şəkildə təsdiqləyir.

BMT baş katibi Pan Gi Munla yanaşı, dünyanın bir çox nüfuzlu şəxslərinin iştirak etdiyi bu sammit, ilk növbədə, hər iki ölkənin regional və beynəlxalq məsələlərlə bağlı mövqeyinin dünyaya çatdırılması baxımından əlverişli platforma rolunu oynayır.

Son illər bir sıra beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edən Türkiyə və Azərbaycan yaranmış ilk fürsətdə bir-birinin mövqeyini dəstəkləyir, maraqlarını layiqincə müdafiə edirlər. Ötən il Azərbaycanın Türkiyədə keçirilən "G-20" sammitində iştirakı da rəsmi Ankaranın mühüm siyasi dəstəyi ilə mümkün oldu. Azərbaycan Prezidenti İlham Əliyev həmin sammitdə bir sıra yüksək səviyyəli görüşlər keçirməklə, respublikamızın regionda nüfuz və söz sahibi olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Ümumilikdə, qarşılıqlı səfər və məsləhətləşmələr fonunda Azərbaycan-Türkiyə münasibətlərinin ötən 25 ildə tarixi sınaqdan uğurla çıxdığını əminliklə demək olar. İki dost ölkə arasında strateji müttəfiqlik münasibətləri ötən müddətdə ən yüksək pilləyə yüksəlib, əbədi və dönməz xarakter alıb. Xatırladaq ki, ikitərəfli əlaqələrin hazırkı səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub və bu danılmaz həqiqəti Türkiyə rəsmiləri də böyük ehtiramla vurğulayırlar. Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövründə Azərbaycanla Türkiyə arasındakı əlaqələrin müştərək maraqlar müstəvisində inkişafı baxımından yeni mərhələ açılıb. Heydər Əliyev Türkiyənin Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət olmasını, habelə respublikamızın iqtisadi-siyasi cəhətdən möhkəmlənməsinə verdiyi təmənnasız dəstəyi hər zaman yüksək dəyərləndirirdi.

Hər iki ölkənin strateji tərəfdaşlığı ötən illərdə Cənubi Qafqaz regionunda sülh və sabitlik, habelə iqtisadi tərəqqi üçün əsaslı zəmin rolunu oynayıb. Azərbaycanın beynəlxalq əməkdaşlığında Türkiyə daim aparıcı mövqeyə malik olub, xarici iqtisadi siyasətdə qardaş dövlətlə əlaqələrin genişləndirilməsi xətti üstün istiqamət kimi nəzərdən keçirilib. İndiyə qədər ölkələrimiz arasında münasibətləri ən müxtəlif sahələrdə tənzimləyən 300-dən çox protokol və saziş imzalanıb, genişmiqyaslı əməkdaşlıq üçün sanballı normativ-hüquqi baza yaradılıb.

İki ölkənin strateji əməkdaşlığında enerji amili də daim prioritet məsələlərdən biri olub. Türkiyə ərazisi Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün optimal ixrac marşrutları sisteminə daxildir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin istismara verilməsi təkcə respublikamızın deyil, həm də Türkiyə və Gürcüstanın regiondakı əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin 2006-cı ilin iyulunda istifadəyə verilməsi Azərbaycan və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin güclənməsində, eləcə də ölkələrimizin dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni səhifə açıb.

Enerji əməkdaşlığı istiqamətində həlledici addımlardan biri də 2010-cu ilin iyun ayında Azərbaycanla Türkiyə arasında təbii qazın satışı və nəqli üzrə sazişin imzalanması olub. 2011-ci il oktyabrın 25-də İzmir şəhərində keçirilən tədbir çərçivəsində imzalanmış "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair" saziş strateji müttəfiq ölkələrin enerji-iqtisadi əlaqələrində yeni səhifə açıb.

Strateji enerji proqramının davamı olaraq Prezident İlham Əliyev 2012-ci ildə "Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair" qanunu təsdiq edib. Beləliklə, Azərbaycan və Türkiyə hökumətlərinin qətiyyəti və siyasi iradəsi nəticəsində regionun geosiyasi-iqtisadi xəritəsini dəyişən, enerji tarixinə qızıl hərflərlə yazılan mühüm bir hadisə baş verib.

2012-ci il iyunun 26-da isə Türkiyənin İstanbul şəhərində Azərbaycan və Türkiyə arasında Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) layihəsi üzrə saziş imzalanıb. Bu tarixi qərar qısa müddət ərzində transkontinental layihənin sürətlə irəliləməsinə dərin zəmin yaradıb. Cəmi 5 ay ərzində hər iki ölkənin parlamentlərində sazişi ratifikasiya olunması, dövlət başçıları tərəfindən müvafiq qanunun imzalanması TANAP-ın necə mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyib.

Hər iki strateji müttəfiq eyni zamanda bir sıra regional kommunikasiya layihələrinin həyata keçirilməsi sahəsində səmərəli əməkdaşlıq edir. Xüsusən də qarşıdakı ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmiryolu xətti Azərbaycan və Türkiyənin regional mövqeyini və tranzit əhəmiyyətini nəzərəçarpacaq səviyyədə artıracaq.

Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi münasibətlər, heç də sırf enerji-kommunikasiya layihələri ilə məhdudlaşmır. Bu gün türk iş adamlarının Azərbaycanda bizneslə məşğul olmalarına, qeyri-neft sektorunda mühüm layihələr həyata keçirməsinə bütün zəruri imkanlar yaradılıb. İkitərəfli mədəni-humanitar və elmi-texniki əlaqədər də yüksələn xətlə inkişaf edir. Elm və təhsil sahəsində əməkdaşlıq, tələbə mübadilələri, incəsənət xadimlərinin qarşılıqlı səfərləri, birgə mədəni tədbirlər ardıcıl olaraq həyata keçirilir. Mədəniyyət sahəsində əməkdaşlıq həm də TÜRKSOY çərçivəsində inkişaf etdirilir.

Müstəqil dövlət quruculuğu yolunda Azərbaycana hərtərəfli dəstək verən Türkiyə müstəqil dövlətçiliyin əsas atributlarından olan ordu quruculuğu sahəsində də öz potensialından bəhrələnməyə imkan yaradıb. İki strateji müttəfiq arasında hərbi əməkdaşlıq ildən-ilə genişlənərək Azərbaycan ordusu üçün zabit kadrların hazırlanmasında, hərbi təlimlərin keçirilməsində, maddi-texniki bazanın möhkəmləndirilməsində, bir sözlə, ordumuzun NATO standartları səviyyəsində qurulmasında mühüm rol oynayır. Bir müddət əvvəl Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin Qəbələdə - Konqress mərkəzində keçirilən görüşü üçtərəfli strateji-hərbi əməkdaşlığın fəal mərhələyə qədəm qoyduğunu göstərir.

Son illərin geosiyasi reallıqları təsdiqləyir ki, Türkiyə Avropada, Yaxın Şərqdə və dünyanın digər regionlarında əsasən qərbyönlü, NATO ölkələri ilə uyğunlaşdırılmış siyasət yeritməsinə rəğmən, bir sıra milli məsələlərdə maraqları çərçivəsində çıxış edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yürütdüyü qətiyyətli siyasət Türkiyəni müsəlman və türk dünyasında aparıcı söz sahiblərindən birinə çevirib. Fəqət, belə görünür ki, Türkiyənin islam aləminə mənsubluğu, əhali resurslarının genişliyi, sürətli demoqrafik artım və digər məsələlər bir sıra Avropa dövlətlərinin qısqanc və qərəzli münasibəti ilə qarşılanır. Qardaş ölkənin Yaxın və Orta Şərq dövlətləri, müsəlman dünyası, Cənubi Qafqaz və digər region dövlətləri ilə münasibətlərində Qərbin, NATO-nun və beynəlxalq hüquq normalarının tələbləri həm də dini, etnik və regional faktorlar nəzərə alınmaqla həyata keçirilir ki, bu da bəzən onu Qərbdəki müttəfiqləri ilə üz-üzə qoyur. Şimali Kipr probleminin həllini tapmaması, eləcə də qardaş ölkənin Avropa Birliyinə gedən yolunda müxtəlif süni maneələrin ortaya atılması Türkiyənin regionda artan roluna və potensialına Avropadakı ehtiyatlı münasibətin təzahürüdür. Bütün bu reallıqlar fonunda rəsmi Ankara regionda güvənməli həqiqi müttəfiqinin məhz Azərbaycan olduğunun ciddiliklə fərqindədir.

Bunu son ayların reallıqları bir daha təsdiqləyib. Azərbaycan Prezidenti  İlham Əliyevin bu il martın 15-də Türkiyəyə gerçəkləşən səfəri iki ölkə arasında münasibətlərin real səviyyəsini bir daha bütün dünyaya nümayiş etdirib. Xatırladaq ki, bu ilin fevral və mart aylarında Türkiyədə ardıcıl terror aktları törədildiyindən, Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak məqsədilə Bakıya gəlişi 2 dəfə təxirə salınmışdı. Belə bir zamanda Azərbaycan Prezidenti İlham Əliyevin böyük siyasi jest olaraq Türkiyəyə səfər etməsi qardaş ölkədə böyük coşqu və rəğbətlə qarşılanmışdı.

Aprelin ilk günlərində Ermənistanın törətdiyi təxribatlara adekvat cavab verən və status-kvonu dəyişərək strateji hərbi-siyasi üstünlük əldə edən Azərbaycan gərgin günlərdə ən ciddi və açıq dəstəyi məhz Türkiyədən, dost ölkənin rəhbərliyindən və ictimaiyyətindən aldı.

Sonrakı mərhələdə Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak məqsədilə aprelin 13-də Türkiyəyə gerçəkləşən səfəri, Türkiyə Prezidenti R.T.Ərdoğanın isə BMT Sivilizasiyalar Alyansının aprelin son günlərində Bakıda keçirilmiş VII Qlobal Forumunda iştirakı ikitərəfli münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələ açdı.

Azərbaycan Prezidentinin Türkiyəyə bu günlərdə gerçəkləşən növbəti səfəri işgüzar xarakterli olsa da, mühüm bir mərhələyə təsadüf edir. Türkiyədə yeni baş nazirin müəyyən edilməsindən sonra keçiriləcək müxtəlif səviyyəli görüşlər hökumətlərarası münasibətlərin gələcək inkişaf konturlarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Ümumiyyətlə, qarşılıqlı səfər və müzakirələr göstərir ki, iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün ciddi potensial mövcuddur. İndi həm Türkiyə, həm də Azərbaycan yeni dünya nizamının reallıqlarına nəzərən ikitərəfli əlaqələrin mövcud səviyyəsi ilə qane olmaq istəmir, mövcud potensialdan tam səmərəli istifadəni təşkil etmək məqsədilə yeni imkanlar arayırlar.

 





24.05.2016    çap et  çap et