525.Az

Moskva səfərindən...


 

Moskva səfərindən...<b style="color:red"></b>

... Rəhbərlik tərəfindən bildirildi ki, universitet nümayəndələri Moskva şəhərinə ezam olunub. Və siyahıda mənim də adım var.

Bu xəbər məni sevindirməklə yanaşı, bir qədər uzaqlara apardı, axı Moskva mənim sevdiyim və həyatımın müəyyən mərhələsində mənə doğma olan şəhərlərdəndir. Hava limanında keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Düz 10 ildən sonra bir zamanlar mənə öz evim kimi doğma olan şəhərə yola düşürdük.
Moskvaya yenidən getmək, bu şəhərdə yenidən olmaq mənim üçün çox insanın Paris, London, Roma kimi şəhərlərə olan sevgisindən daha üstündür. Həyatımın on ilini keçirdiyim doğma şəhərdir axı...

Biz çatanda orada soyuq idi, hava həmişəki kimi, əsl Moskva havası idi. Axı bu şəhər hamını soyuq qarşılayır, içindəki istiliyi gizlədərək, onu üzə vurmadan soyuq və laqeyd. Bu şəhəri qəlbi sevgi ilə, alovlu eşqlə dolu, lakin üzdən laqeyd, soyuq və təmkinli qadına bənzətmişəm həmişə...

Beləliklə, 11-13 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribovanın başçılıq etdiyi nümayəndə heyəti ilə Rusiyanın Moskva şəhərində yerləşən "Prezident hoteli"ndə təşkil edilən beşinci illik "Beynəlxalq Təhsilin İnkişafı ilə bağlı Avrasiya Konfransı"nda (IUNC Eurasia 2016) iştirak etdik. 

"Prezident hoteli" 

Moskva çayının cənub sahilində yerləşən, Tretyakov Qalereyasına və Qorki parkına yaxın olan beşulduzlu "Prezident hotel"i şəhərin ən dəbdəbəli hotellərindən biridir. Bir neçə gözəl tərtibata malik qədim kilsələrdən ibarət olan hotel Kremldən 1 km məsafə aralıda yerləşir. Kremlin ətrafı, Qızıl meydan məni 10 il əvvələ, vaxtilə Vətəndən uzaq qalan zaman  keçirdiyim günlərə qaytardı. Çeşidli hisslərim içərisində daha çox sevinc hiss etdirdi buralar mənə. Buralar mənim üçün tam bir nostalji havasını yaşadan məkandır. 

M.V. Lomonosov adına Moskva Dövlət Universiteti - "MQU" 

Konfransın ilk günündə digər iştirakçılarla birgə ADU-nun nümayəndə heyəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetində olduq. Bu qədim təhsil müəssisəsi ilə tanışlıq zamanı Moskva Dövlət Universitetində şifahi formada keçirilən imtahan prosesini izləmək imkanımız da oldu. Eyni zamanda, auditoriyalarda dərs prosesində iştirak etdik, 1000 nəfərin yerləşə biləcəyi Akt zalında, həmçinin Lomonosov adına kitabxanada da olduq. Onu da qeyd edim ki, Sovetler dövrünü xatırladan akt zalında demək olar ki, bütün avadanlıqların qorunub saxlanılması tarixin itməməsinə səbəb olub.

Universitetin yaranması və tarixi haqqında bizə geniş məlumat verildi. Belə ki, 1755-ci ildə əsası qoyulan Moskva Dövlət Universiteti Rusiyada ən qədim universitet hesab olunur. Mixail Vasilyeviç Lomonosovun səyi və İvan İvanoviç Şuvalovun, həmçinin imperator I Elizabetin dəstəyi ilə yaranan universitet əsası qoyulduğu gündən etibarən 44 rektor tərəfindən idarə olunub, onlardan 32 rektor universitetin tələbəsi olub. Universitetdə 42 fakültə, müxtəlif təhsil bölmələri, tədqiqat institutları və mərkəzləri, muzeyləri, filial kampusları, sosial xidmətləri fəaliyyət göstərir. Moskva Dövlət Universitetinin 40000-dən çox məzunu, 70000-dən çox tələbəsi və 5000 nəfər tədqiqatçısı olduğu, həmçinin 5000-dən çox mütəxəssisin ixtisasartırma kursları keçdiyi bildirildi. Son dərəcə kompleks sistemə malik olan universitetin kampusu, eyni zamanda zəngin kitabxanası ilə Rusiyada ən geniş kitabxanalardan biri hesab olunur.  

"Beynəlxalq Təhsilin İnkişafı ilə bağlı Avrasiya Konfransı"nda 

"Beynəlxalq Təhsilin İnkişafı ilə bağlı Avrasiya Konfransı" tələbə mübadilə proqramlarının inkişafı və üçüncü ölkədən müqavilələr əsasında tələbələrin qəbulu məqsədi ilə xarici ali təhsil müəssisələri və rekrutinq (işəgötürmə) agentlikləri vasitəsi ilə Rusiya və MDB ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulmasına yönələn konfrans, eyni zamanda universitet əməkdaşlarının ixtisasartırmalarını inkişaf etdirmək və onlara universitetlərin beynəlxalq fəaliyyətindəki məqsədlərinə nail olmaq imkanları yaradırdı. Qeyd edim ki, "workshop" sistemi vasitəsi ilə xarici universitetlər və orqanlarla görüşlər üçün əsas alət kimi istifadə edən ali təhsil sahəsində yeganə və maraqlı olan hər bir potensial tərəfdaş ilə fərdi görüşlər keçirmək imkanı verdi. Bununla bərabər, konfrans iştirakçılara müvafiq şəxsləri tapmağa, eyni zamanda onlarla səmərəli görüşlər keçirməyə kömək edən ən müasir onlayn platformanı təmin etdi.

Konfransın ikinci günü müvafiq olaraq "Universitetin əməkdaşlıq və interaktiv media vasitələri ilə dəyişməsi", "Tibbi universitetlər: əməkdaşlıq və partnyorluq", "Misirdə ali təhsilin beynəlmiləlləşməsi və əməkdaşlıq imkanları", "Norveç tələbələrini təmsil etdiyiniz universitetə necə cəlb etmək olar?" adlanan paralel sessiyalarda iştirak etdik. Konfransda "Avrasiya-Beynəlxalq təhsilin yeni üfüqləri", "Bazar iqtisadiyyatı üzrə əcnəbi tələbələrin qəbul olunmasının effektiv vasitələri", "Müvəffəqiyyətli universitetlərarası əməkdaşlığın təhlil formaları və vasitələri, ən yaxşı təcrübələrin mənimsənilməsi" və digər mövzular üzrə məruzələri də dinlədik.

Konfransın üçüncü günü də çoxsaylı görüşlərimiz davam etdi. Müxtəlif universitetlərin nümayəndələri Azərbaycanın tarixi, coğrafiyası haqqında məlumatlı olduqlarını da bildirdilər. Sudanı təmsil edən nümayəndə 1986-cı ildə Moskvada təhsil aldığı zaman dostluq etdiyi tələbə yoldaşları arasında azərbaycanlının da olduğunu xatırladı. Hətta Azərbaycanda yetişdirilən pomidorun ləzzətli dadı elə o vaxtdan onun yadında qaldığını və çox fərqləndiyini söylədi. 

İştirakçıların dilində Azərbaycan... 

Avrasiya Universitetləri Birliyinin icraedici direktoru Bogdan Voronovskiylə söhbət zamanı o, Azərbaycana səfər etdiyini, ölkəmizi tanıdığını, Azərbaycanın tarixi abidələri ilə tanış olduğunu və xoş təəssüratlarla qayıtdığını bildirdi. Böyük Britaniyadan olan nümayəndə də Azərbaycan haqqında məlumatının olduğunu və bu ilin iyun ayında ölkəmizə səfər etmək istədiyini dedi. Bundan əlavə, italiyalı nümayəndə ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etdiyini və bunun möhtəşəm şəkildə təşkil olunduğunu vurğuladı. Təbii ki, 2012-ci ildə “Avroviziya” Mahnı Müsabiqəsi və 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin tanınmasında mühüm əhəmiyyət kəsb edən hadisələrdən olub.

Sessiyalardan sonra müvafiq nömrələnmiş stollarda hər bir iştirakçı öz ölkəsini və universitetini təmsil edirdi. Burada Azərbaycan ali təhsil müəssisələri içərisindən yalnız ADU iştirak edirdi. Bu da əlbəttə ki, çox qürurverici idi. Bizim 90-na yaxın universitet və agentliklərin nümayəndələri ilə görüşmək imkanımız oldu. MDB ölkələrinin universitetləri tələbə mübadiləsində və yay məktəblərinin təşkil olunmasında maraqlı olduqlarını bildirirdilər. Bundan əlavə, müxtəlif təkliflər ətrafında müzakirələrimiz oldu, ikitərəfli əməkdaşlıq haqqında söhbətlər apardıq. Bu zaman dünyanın müxtəlif ölkələrindən olan nümayəndələrə həm də Vətənimiz haqqında məlumat vermək, Azərbaycanı təmsil etmək imkanımız oldu. Bu hisləri hər birinizə yaşamağı arzu edirəm. Üç gün ərzində ölkəmizin tarixi, yerləşdiyi ərazi, gerbimiz və bayrağımız, Bakı, həmçinin gəzməli-görməli yerləri özündə əks etdirən fotoları, o cümlədən, ölkəmizin mədəniyyət nümunələrinin fotosunu, ədəbiyyatımız, mədəniyyətimiz, mətbəximizlə bağlı məlumatları və fotoları, həmçinin ADU tərəfindən verilən hədiyyələri təqdim etmək və bütün bunlara marağın şahidi olmaq sözlə ifadə olunmayacaq qədər əvəzsiz hisslər yaşamaq çox gözəl idi. 

Bu da son...

Konfransın son günü ADU-nun nümayəndə heyəti beşinci illik "Beynəlxalq Təhsilin İnkişafı ilə bağlı Avrasiya Konfransı"nda (IUNC Eurasia 2016) müvəffəqiyyətli iştiraka görə sertifikatlarla təltif olundular.

Konfransdan sonra bütün nümayəndələrin iştirak etdiyi gəmi gəzintisi təşkil olundu. Qonaqlar bu imkandan istifadə edərək Moskvanın gözəl mənzərəsini seyr etmək fürsəti əldə etdilər. Moskva şəhərinin ecazkar, rəngbərəng işıqlarında duyduğum doğmalıqla hiss etdiyim gözəl düşüncələrin fonunda həm də qəlbimdə Vətənimiz üçün azca da olsa xeyirli və faydalı işimizdən məmnunluq vardı.

Şəfaqət KAZIMOVA
ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri
Bakı-Moskva-Bakı

 





24.05.2016    çap et  çap et