525.Az

Türkiyədə Dünya Humanitar Sammiti keçirilir


 

İLHAM ƏLİYEV: "ERMƏNİSTAN AZƏRBAYCANLILARA QARŞI ETNİK TƏMİZLƏMƏ VƏ SOYQIRIMI TÖRƏDİB. TÖRƏDİLƏN BÜTÜN MÜHARİBƏ CİNAYƏTLƏRİ SƏNƏDLƏRLƏ SÜBUTA YETİRİLİB"

Türkiyədə Dünya Humanitar Sammiti keçirilir<b style="color:red"></b>

Dünən Türkiyənin İstanbul şəhərində Dünya Humanitar Sammiti öz işinə başlayıb. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sammitdə iştirak ediblər.

"AZƏRTAC"ın məlumatına görə, tədbirin rəsmi açılış mərasimində BMT-nin baş katibi Pan Gi Mun çıxış edərək bildirib ki, dörd il əvvəl bu ideyanın yaranmasına səbəb dünyada humanitar böhranın getdikcə dərinləşməsi olub: "Bu böhran hər il dərinləşir və insanların bu sahədəki çətinlikləri daha da artır".

Dünyada münaqişələrin qarşısının alınmasının vacibliyindən danışan Pan Gi Mun humanitar böhranların səbəbinə çevrilən siyasi sabitsizliyin qarşısının alınmasının və mülki şəxslərin daha çox qorunmasının zəruriliyini qeyd edib. Qaçqın probleminin qarşısının alınmasında yeni forma və ideyaların yaradılmasının vacibliyini qeyd edən BMT-nin baş katibi böhran içərisində olan milyonlarla insanın problemlərinin həllində bütün dövlətləri və cəmiyyətləri həmrəy olmağa çağırıb: "Biz insanlara yaşamaq və şərəflə həyat sürmək imkanını verməliyik. Dünya liderləri bu prosesə güclü dəstək verəcəklər".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Sammitin dünyada ehtiyac içində yaşayan milyonlarla insanın problemlərinin həlli baxımından mühüm imkan olduğunu bildirib. Müharibələrin, təbii fəlakətlərin, iqlim dəyişikliyinin bütün bəşəriyyətin təhlükəsizliyini və gələcəyini ciddi təhdid etdiyini deyən Rəcəb Tayyib Ərdoğan Türkiyənin humanitar problemlərin həllində fəal rol oynadığını qeyd edib. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu gün dünyanın 140-dan çox ölkəsində humanitar yardım və sosial inkişaf sahəsində müxtəlif layihələr reallaşdırdığını bildirib.

Hazırda qlobal humanitar yardım sisteminin mövcud problemlərin həlli baxımından səmərəsiz olduğunu qeyd edən Rəcəb Tayyib Ərdoğan söyləyib ki, bu sistemin yükünü sadəcə bəzi ölkələr öz çiynində daşıyır: "Buna görə də bütün dünya ölkələri bu məsuliyyəti bərabər şəkildə bölüşməli, liderlər və beynəlxalq ictimaiyyətin nüfuzlu şəxsləri səylərini birləşdirməlidirlər".

Sammitin plenar iclasında Almaniya Kansleri Angela Merkel silahlı münaqişələrdə mülki şəxslərin həlak olmasının qarşısının alınması üçün səylərin artırılmasının vacibliyini bildirib. O, Almaniyanın bundan sonra da humanitar yardımların dəstəklənməsi və müvafiq vəsaitin daha da artırılması istiqamətində fəaliyyətini gücləndirəcəyini vurğulayıb. Bu sahədə mövcud fəaliyyətlərin əlaqələndirilməsinin əhəmiyyətini qeyd edən kansler bununla bağlı daha səmərəli qlobal sistemin yaradılmasının vacibliyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev isə mötəbər tədbirin plenar iclasında çıxışı zamanı qeyd edib ki,  Sammitin nəticələri bütün dünyada humanitar böhrandan əziyyət çəkən insanların həyat səviyyəsinin yaxşılaşmasına öz töhfəsini verəcək.

Prezident diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə çəkib Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması nəticəsində yaranan və dövlətimizin təkbaşına qarşısını aldığı humanitar fəlakətdən danışaraq qeyd edib ki, biz azərbaycanlılar qaçqınlığın və məcburi köçkünlüyün nə demək olduğunu çox yaxşı bilirik: "Artıq 20 ildən çoxdur ki, bir milyondan artıq azərbaycanlı Ermənistanın hərbi təcavüzü və işğalından əziyyət çəkir. Bu təcavüz nəticəsində bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib".

Ölkə rəhbəri qeyd edib ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı törədib: "1992-ci ildə Ermənistanın törətdiyi Xocalı soyqırımı ondan artıq ölkə tərəfindən soyqırımı kimi tanınıb. Xocalı soyqırımı nəticəsində 613 mülki şəxs qəddarcasına qətlə yetirilib. Onların arasında 106 qadın, 63 uşaq, 70 yaşlı insan olub. Mindən artıq adam itkin düşüb. Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirir".

2016-cı ilin aprelində Ermənistanın dinc Azərbaycan vətəndaşlarına qarşı yeni hücum həyata keçirdiyini bildirən İlham Əliyev deyib ki, bu hücum nəticəsində bizim əsgər və zabitlərimiz, o cümlədən, 6 mülki şəxs qətlə yetirilib, 30-dan artıq mülki şəxs yaralanıb: "Bizim kəndlərimizin atəşə tutulması nəticəsində 500-dən artıq evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb və yandırılıb. Ermənistan ordusu mülki şəxslərə qarşı qadağan olunmuş kimyəvi silahdan, xüsusilə ağ fosfor bombalarından istifadə edib".

Prezident vurğulayıb ki, Ermənistan tərəfindən törədilən bütün müharibə cinayətləri sənədlərlə sübuta yetirilib və beynəlxalq müşahidəçilərə təqdim olunub: "Mülki əhalimizi qorumaq üçün Azərbaycan Ordusu uğurlu əks-hücum həyata keçirdi və yalnız bundan sonra təcavüzkar dayandırıldı. Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə məhəl qoymur".

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayonu işğal olunduğunu xatırladan ölkə rəhbəri deyib ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə onlar 20 ildən çoxdur kağız üzərində qalır. Bu, Azərbaycana qarşı ikili standartlar siyasətidir. Ermənistan bu qətnamələrə əməl etməli və ya bu ölkəyə qarşı sanksiya tətbiq olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir".

Ölkə rəhbəri qeyd edib ki, bütün region üçün başqa bir təhlükə mənbəyi Ermənistandakı istismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyasıdır: "Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadə etməsinə dair məlumatlar var. Sabiq baş nazir, parlament üzvü və digər Ermənistan rəsmiləri bu ilin aprelində Ermənistanın "çirkli bomba" adlandırılan nüvə silahına malik olduğunu bəyan ediblər. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır. Azərbaycan səbəbkarı Ermənistan olan humanitar fəlakətin fəsadlarının öhdəsindən gəlmək üçün əlindən gələni edir".

Dövlət başçısı əlavə edib ki, bizim qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 6 milyard dollardan artıq vəsait sərf olunub: "Qaçqın və məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 75 faizdən 12 faizə endirilib. Ümumilikdə, son 12 ildə Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə enib. Azərbaycan oxşar problemlərdən əziyyət çəkən ölkələrə yardım edir və edəcək. Biz BMT-nin Ebola virusu ilə mübarizə və bərpa tədbirlərinə maddi yardım ayırmışıq. Biz əhalinin qabaqcadan xəbərdarlıq sistemi və fəlakət riski ilə bağlı informasiyaya çıxışını təmin etmək üçün müvafiq təsisatlar və maraqlı tərəflər arasında əməkdaşlığın təbliğinə sadiqiq".

Prezident Azərbaycanın oxşar problemlərlə üzləşən ölkələrə hər zaman yardım etdiyini vurğulayıb.

Humanitar Sammitlə bağlı fikirlərini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq "525"ə bildirib ki, mötəbər tədbirin Türkiyədə keçirilməsi mühüm hadisədir. Onun sözlərinə görə, qardaş ölkənin dünya siyasi arenasında, beynəlxalq platformalarda önəmli yer tutması, eləcə də bu proseslərdə Azərbaycanın da aktiv şəkildə iştirak etməsi qürurvericidir.

E.Mirzəbəyli ölkə başçısı İlham Əliyevin sammitdəki çıxışından danışaraq qeyd edib ki, Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və işğal nəticəsində ölkəmizin humanitar fəlakətlə üz-üzə qaldığını bildirib.

Eyni zamanda, Prezidentin sammit iştirakçılarının diqqətinə Ermənistanda yerləşən köhnə, istismar müddəti bitmiş avadanlıqlarla fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyanın bölgə üçün böyük təhlükə mənbəyi olmasını, Ermənistan rəsmilərinin bu stansiya vasitəsilə "çirkli bomba" hazırlanması ilə bağlı qeyd olunan fikirlərini çatdırdığını deyən politoloq söyləyib ki, İlham Əliyev Ermənistanın bu təhdidlərinin qarşısının alınmasının vacib olduğunu bildirib.

E.Mirzəbəyli hesab edir ki, İstanbulda keçirilən Dünya Humanitar Sammiti Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, qlobal mühitdə baş verən proseslərlə bağlı Azərbaycanın öz mövqeyini ifadə etməsi baxımından önəmli bir platforma idi: "Xüsusilə də Türkiyədə BMT-nin yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi tədbirdə bu fikirlərin səslənməsi mühüm hadisədir. Qənaətimə görə humanitar fəlakətlərin, bəşəriyyətin üz-üzə qaldığı ayrı-ayrı təhdidlərin qarşısının alınmasında bu platformanın əhəmiyyətli rolu olacaq".

Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, Türkiyədə keçirilən BMT-nin Dünya Humanitar Sammitinə Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın dəvət edilmələri beynəlxalq humanitar məsələlərin həllində dövlətimizin oynadığı rol və topladığı təcrübə ilə bağlıdır". O "SİA"ya bildirib ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində yaranmış 1 milyondan çox qaçqın və məcburi köçkünün yerləşdirilməsi və onların başqa problemlərini uğurla həll edən Azərbaycan dövləti dünyaya nümunədir: "Sammitin məqsədi dünyada yığılıb qalmış humanitar problemlərdən, xüsusilə də qaçqınlar məsələsindən çıxış yolları axtarılması və bu istiqamətdə müvafiq fikir mübadiləsi aparılmasıdır. Tədbir çərçivəsində dövlət başçımızın nitqi və keçirdiyi ikitərəfli görüşlər çox faydalı olacaq. Prezidentin Türkiyəyə səfəri dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirəcək və nüfuzunu daha da artıracaq".

Qeyd edək ki, Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammit dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışdır. Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla, ümumilikdə 5 mindən çox nümayəndə iştirak edib.

Hazırda dünyada 130 milyondan çox insanın humanitar yardıma və sosial müdafiəyə ehtiyacı var. Bu isə humanitar yardım üçün xərclərin məbləğini böyük dərəcədə artırıb. BMT-nin məqsədi bu problemlərin aradan qaldırılması üçün nəzərdə tutulan vəsaitin həcmini 21 milyard dollara çatdırmaqdır. Sammitin əsas hədəfi isə münaqişələrin həllinə və onların baş verməsinin qarşısının alınmasına, humanitar fəlakətlərə yol verilməməsi üçün güclü norma və prinsiplərin bərqərar edilməsinə, fəlakət zonalarındakı insanlara humanitar yardımlar çatdıraraq onların ehtiyaclarının ödənilməsinə, humanitar sahəyə böyük sərmayələrin yatırılmasına yönəlib.

Ceyhun ABASOV

 





24.05.2016    çap et  çap et