525.Az

"Tarixin canlı səhifələri" Gəncədə vərəqləndi


 

4-CÜ GƏNCLƏR FESTİVALI AVROPA GƏNCLƏRİNİN PAYTAXTINDA KEÇİRİLDİ

"Tarixin canlı səhifələri" Gəncədə vərəqləndi<b style="color:red"></b>

"Gəncə-2016 Avropa Gənclər Paytaxtı" layihəsi çərçivəsində ölkəmizin ikinci şəhərində rəngarəng tədbirlər davam etdirilir.

Vətənpərvərlik ruhlu "Tarixin canlı səhifələri" adlı 4-cü Gənclər Festivalı öz kütləviliyi ilə yadda qalıb.

Bədii-tarixi və teatrlaşdırılmış səhnələrlə zəngin olan Festival Gənclər və İdman Nazirliyi, Dövlət Sərhəd Xidməti və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Qədim "İpək Yolu"nun üstündə  yerləşən xətdə,  Daşkəsənlə Gəncə arasındakı "Yeni Qızılca" ərazisində baş tutan tədbirə yüzlərlə gənc, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar qatılıb.

Burada ustalıqla hazırlanmış "Qədim dövrlər bazarı", eləcə də  dünya şöhrətli Azərbaycan şairi və mütəfəkiri Nizami Gəncəvinin "Xəmsə"sinin motivləri əsasında hazırlanmış meydan tamaşaları festival iştirakçıları tərəfindən maraqla izlənib.

400 nəfərə yaxın aktyor, tələbə və idmançının iştirak etdiyi festivalda "Babək", "Cavad xan", "Qara Yusif",  "Cahan Pəhləvan" və digər  tarixi şəxslərin obrazları canlandırılaraq onların keçdiyi qəhrəmanlıq yolu və şücaətləri nümayiş etdirilib. Ümumilikdə iki saata yaxın davam edən festivalda xüsusi hazırlanmış dekorasiya və bir-birini məharətlə əvəz edən teatrallaşdırılmış səhnələr tədbir iştirakçılarını tariximizin dərinliklərinə, qəhrəmanlar dünyasına səyahətə aparıb.

"Bu il üçün Gəncənin Avropa gənclərinin paytaxtı seçilməsi ilə bağlı həyata keçirilən tədbirlər  çərçivəsində baş tutan festivalın məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə əyani çatdırmaqdır. "Avropa Gənclər Paytaxtı"  layihəsi çərçivəsində Gəncə şəhərində ilin sonuna kimi ümumən 250-ə yaxın tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Gənclər festivalının ərsəyə gəlməsində peşəkar rejissorların, ssenaristlərin, həmçinin tarixçi- tədqiqatçıların əməyindən istifadə olubub" deyə, gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.

"Tarixin canlı səhifələri" adlı IV Gənclər festivalı atəşfəşanlıqla yekunlaşıb.

Zakir MURADOV
Gəncə

 





24.05.2016    çap et  çap et