525.Az

“Qarabağ probleminin həllinə parlament dəstəyi artırılmalıdır”


 

“Qarabağ probleminin həllinə parlament dəstəyi artırılmalıdır”<b style="color:red"></b> Ermənistana səfərini başa vuran ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə parlament dəstəyini artırmağa çağırıb.
 
APA-nın xəbərinə görə, K. Vigenin İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan, parlamentin vitse-prezidenti Eduard Şarmazanov və digər şəxslərlə görüşüb.
 
“Vyanada Ermənistan və Azərbaycan prezidentlərinin vacib görüşünün ardınca bu cəhdlərin parlament səviyyəsində də davam etdirilməsi çox vacibdir. İnsidentlərin araşdırılması mexanizmi və münaqişə zonasında ATƏT-in mövcudluğunun genişləndirilməsi ilə bağlı prezidentlər arasında əldə olunan razılaşmalar zorakılıq risklərini azaltmaq istiqamətində mühüm addımlardır”, - deyə o vurğulayıb.
 
K. Vigenin parlamentlər səviyyəsində dialoqun sülh üçün əlverişli mühit yaradacağına inandığını deyib: “Parlament səviyyəsində iş tərəflərin Minsk qrupu çərçivəsində hərtərəfli həll üzrə danışıqlar üçün ciddi səylər istiqamətində siyasi iradəsini gücləndirə bilər. Buradakı danışıqlarım və həftəsonu Bakıda aparacağım danışıqlar əsasında dialoq və parlament səviyyəsində əməkdaşlıq üçün bəzi konkret ideyalar təklif edəcəyəm. Bu məsələləri iyulun əvvəlində Tiflisdə keçiriləcək ATƏT PA-nın illik sesiyasında müzakirə edəcəyik”. 
 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
 





24.05.2016    çap et  çap et