525.Az

Seulda 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul


 

Seulda 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul <b style="color:red"></b> Seulda 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
 
Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirliyin “Millenium Hilton” mehmanxanasında təşkil etdiyi tədbirdə Koreya hökuməti adından fəxri qonaq kimi, Koreya xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Kim Honq-jin iştirak edib.
 
Rəsmi qəbulda həmçinin, Koreyanın hökumət və dövlət rəsmiləri, deputatlar, aparıcı Koreya şirkətlərinin nümayəndələri, universitet və beyin mərkəzlərinin təmsilçiləri, Koreyada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, nüfuzlu ictimai-siyasi xadimlər, jurnalistlər, Koreyada təhsil alan azərbaycanlı tələbələr və diaspora nümayəndələri iştirak ediblər.
 
Tədbirdə çıxış edən ölkəmizin Koreyadakı səfiri Rəmzi Teymurov 28 May-Respublika Gününün önəm və əhəmiyyəti barədə danışaraq, tədbir iştirakçılarını Azərbaycan Demokratik Respublikasının tarixi və həmin dövrdə əldə olunmuş nailiyyətlər barədə məlumatlandırıb.
 
Tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi, habelə bu il aprel ayında Ermənistan tərəfindən törədilmiş silahlı təxribat barədə məlumat verilib.
 
Kim Hyonq-jin isə Azərbaycan xalqını  Koreya hökuməti adından Respublika Günü münasibətilə təbrik edib. O, Azərbaycanı Asiya ilə Avropa ölkələri arasında körpü və Xəzər regionunun logistik mərkəzi, qısa müddət ərzində əldə edilən iqtisadi inkişafı isə “Bakı möcüzəsi” adlandırıb.
 
Koreya-Azərbaycan münasibətlərindən danışan nazir müavini iqtisadi, mədəni, təhsil, tikinti və digər sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri üçün potensialın olduğunu bildirib, Azərbaycanın zəngin enerji resursları ilə Koreyanın insan resursları və qabaqcıl texnologiyasının birlikdə ikitərəfli münasibətlərin inkişafına təkan verə biləcəyini vurğulayıb. Gələn ay iqtisadi əməkdaşlıq üzrə Koreya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının keçiriləcəyini deyən Kim Hyonq-jin görüşün ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyini ifadə edib, Koreyanın Azərbaycan üçün optimal tərəfdaş olacağına əminliyini bildirib.
 
Tədbirdə Koreya Milli Assambleyasının üzvü, xanım Park In-sook Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
 
Tədbir qonaqların şərəfinə verilmiş rəsmi ziyafətlə başa çatıb.
 





25.05.2016    çap et  çap et