525.Az

Yadigar sətirlər


 

Yadigar sətirlər<b style="color:red"></b>

Sağlığında, görkəmli alim-filosof Asif Əfəndiyevin əsərlərini mətbuat, demək olar ki, ya çap etmirdi, ya da nadir hallarda çap edirdi.

Mən onun əsərlərini "Ulduz" dərgisində müntəzəm çap edirdim. Onun mənə minnətdarlıq məktubunu oxuculara təqdim edirəm.

Abbas Abdulla

Hörmətli Abbas.

Salam.

Essenin nəfis şəkildə çap olunması üçün çox sağ ol.

Yadıma düşdü iki on il bundan əvvəlki çağlar, sənin redaktənlə çıxan ilk yazılarım, doğrusu, kövrəldim.

İnsandan təkcə əsər qalmır, məqam da qalır əsərlərə dəyən.

Yadıma düşdü "Azərbaycan kommunisti" jurnalının müzakirəsi.

Yığılmışdı akademiklər, doktorlar. Mən çıxış eləyəndən sonra sən dedin ki, "Bir vəziyyətə bax, rütbəlilər, nişanlılar, imkanlılar həqiqəti demirlər, ancaq bu rütbəsiz, nişansız, imkansız Asif müəllim deyir!"

Neçə il keçib həmin vaxtdan, ancaq bu söz yadımdan çıxmayıb.

Yaşlandıqca keçmiş də durulanır, ona verilən qiymət də.

Yaman sözlər yaxşı sözləri qiymətə çatdırır. Yamanın xeyri burdadır.

Jurnalınız üçün iki yazı göndərirəm. Biri böyükdür həcmcə. Bəyənsən ya tam, yaxud ixtisarla verərsən.

İkinci, ədəbi düşüncələrdir. Qısa həcmli.

Onu müsahibə kimi də vermək olar, elə düşüncələr kimi də.

Bir şərtlə ki, səni təmin eləsinlər. Jurnalımızla bağlı, ədəbiyyatımızla bağlı, yurdumuzla, ənənəmizlə mənnən nə istəsəniz, əlimdən gələni eləyərəm.

Hörmətlə: Asif Əfəndiyev

22.02.1983-cü il

 





25.05.2016    çap et  çap et