525.Az

Prezidentdən İstanbul Sammitində dünyaya vacib mesajlar


 

ƏGƏR DÜNYA BİRLİYİ BAŞ VERƏN MƏNFİ PROSESLƏRİN QARŞISINI ALMAQ İSTƏYİRSƏ, O ZAMAN İKİLİ STANDARTLARA SON VERMƏLİDİR

Prezidentdən İstanbul Sammitində dünyaya vacib mesajlar<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, mayın 23-də Türkiyənin İstanbul şəhərində Dünya Humanitar Sammiti öz işinə başlayıb.

Qardaş ölkə ilə BMT-nin birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammit dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışdır. Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla, ümumilikdə, 5 mindən çox nümayəndə iştirak edib.

Sammitin əsas hədəfi münaqişələrin həllinə və onların baş verməsinin qarşısının alınmasına, humanitar fəlakətlərə yol verilməməsi üçün güclü norma və prinsiplərin bərqərar edilməsinə, fəlakət zonalarındakı insanlara humanitar yardımlar çatdıraraq onların ehtiyaclarının ödənilməsinə, humanitar sahəyə böyük sərmayələrin yatırılmasına yönəlib. Hazırda dünyada 130 milyondan çox insanın humanitar yardıma və sosial müdafiəyə ehtiyacı var. Bu isə humanitar yardım üçün xərclərin məbləğini böyük dərəcədə artırıb. BMT-nin məqsədi bu problemlərin aradan qaldırılması üçün nəzərdə tutulan vəsaitin həcmini 21 milyard dollara çatdırmaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev də mötəbər tədbirdə iştirak etmək üçün Türkiyəyə səfər edib. Humanitar Sammitdə iştirak edən ölkə başçısı Türkiyə, Ukrayna və digər dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər də keçirib.

Mötəbər tədbirdə çıxış edən Prezident İlham Əliyev Sammitin nəticələrinin bütün dünyada humanitar böhrandan əziyyət çəkən insanların həyat səviyyəsinin yaxşılaşmasına öz töhfəsini verəcəyinə inandığını bildirib.

Dövlət başçısı Sammitdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, işğal faktının aradan qaldırılmamasından danışıb, beynəlxalq birliyin bu məsələyə yanaşmada ikili standartlar prizmasından çıxış etdiyini deyib, keçən əsrin sonlarında Ermənistana qarşı qəbul olunan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də icra olunmadığını, işğalçı ölkəyə qarşı heç bir ciddi addımın atılmadığını bildirib. Bədnam qonşularımızın işğalçı siyasəti nəticəsində bir milyondan artıq soydaşımızın öz dədə-baba torpaqlarından didərgin salındığını, qaçqın və məcburi köçkün həyatına sürükləndiyini Sammit iştirakçılarının diqqətinə çatdıran Prezident qaçqın və köçkünlərin sosial-iqtisadi problemlərinin həllinə heç bir xarici dəstək olmadan Azərbaycanın təkbaşına nail olduğunu vurğulayıb. 2016-cı ilin aprelində Ermənistanın dinc Azərbaycan vətəndaşlarına qarşı yeni hücum həyata keçirdiyini deyən prezident qeyd edib ki, bu hücum nəticəsində bizim əsgər və zabitlərimiz, o cümlədən, 6 mülki şəxs qətlə yetirilib, 30-dan artıq mülki şəxs yaralanıb: "Bizim kəndlərimizin atəşə tutulması nəticəsində 500-dən artıq evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb və yandırılıb. Ermənistan ordusu mülki şəxslərə qarşı qadağan olunmuş kimyəvi silahdan, xüsusilə ağ fosfor bombalarından istifadə edib. Ermənistan tərəfindən törədilən bütün müharibə cinayətləri sənədlərlə sübuta yetirilib və beynəlxalq müşahidəçilərə təqdim olunub. Mülki əhalimizi qorumaq üçün Azərbaycan Ordusu uğurlu əks-hücum həyata keçirdi və yalnız bundan sonra təcavüzkar dayandırıldı".

Bu mənada, azərbaycanlıların qaçqınlığın və məcburi köçkünlüyün nə demək olduğunu çox yaxşı bildiyini deyən İlham Əliyev ona görə də, dünyada bu cür mənfi halların qarşısının alınması üçün Azərbaycanın hər zaman öz dəstəyini davam etdirəcəyinə bildirib.

Bundan əlavə ölkə başçısı diqqəti Ermənistanda istismar müddəti bitmiş, köhnə avadanlıqlarla fəaliyyətini davam etdirən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinə çəkərək bildirib ki, bu stansiyanın fəaliyyəti ümumilikdə region üçün böyük təhlükə mənbəyidir. Prezident deyib ki, Ermənistan rəsmiləri açıq şəkildə bu stansiyadan əldə olunan reaktiv tullantılar vasitəsilə çirkli bomba yaratmaqda maraqlı olduqlarını dilə gətirirlər. Ona görə də, stansiyanın fəaliyyətinin qarşısı alınmalı, Ermənistana qarşı dünya birliyi tərəfindən qətiyyətli mövqe bildirilməli, bu dövlət kimyəvi silah istehsal və istifadə etmək istiqamətində apardığı fəaliyyətdən çəkindirilməli, işğal faktı aradan qaldırılmalıdır.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Zahid Oruc qeyd edib ki, hazırkı dünyanın etnik milli cəhətdən problemləri, ölkələrarası vəziyyət, ayrı-ayrı məkanlar üçün müxtəlif siyasi mərkəzlərdən verilən qərarlar sonda humanitar fəlakətlərlə nəticələnir: "Təəssüflər olsun ki, 21-ci sərin əvvəllərində dünya qlobal çağırışlarla üz-üzədir. İndi də sadəcə irqinə görə deyil, həm də milli mənsubiyyətinə, dövləti durumuna, beynəlxalq məkanda siyasi vəziyyətinə görə müxtəlif xarakterli müharibələrə məruz qalan xalqlar mövcuddur".

Z.Oruc təəssüflə qeyd edib ki, İstanbulda keçirilən sammitdə əsas məsələlər ayrı-ayrı ərazilərdə mövcud olan 60 milyondan artıq qaçqın və məcburi köçkünün vəziyyəti haqdadır: "Ona görə  təəssüf ki, hər bir halda ən yüksək texnologiya, infrastruktur quruculuğu, mədəni sivilləşmə, müxtəlif xarakterli dinlər arasında dialoqlar da hazırkı vəziyyəti aradan qaldıra bilməyib".

Deputat hesab edir ki, humanitar fəlakətlərin baş verməsinin əsas səbəbi işğal, konflikt, müxtəlif quruluşlar arasındakı qarşıdurmalardır.

Hazırda qaçqınların böyük bir qisminin Suriya və Azərbaycandan olduğunu deyən deputat bildirib ki, dövlət başçısı İlham Əliyev Sammitin tribunasından dünyaya səslənərkən bu regionun problemlərini növbəti humanitar müstəvidə bir daha təqdim etməyə çalışıb: "Əgər biz müasir dövrdə ayrı-ayrı ölkələrin nüvə təhdidləri, kimyəvi silahlarla qarşı-qarşıyayıqsa, bu halda söyləməliyik ki, insanlığın faciəsini yalnız bir ölkə aradan qaldıra bilməyəcək. Biz təhlil etsək görəcəyik ki, həmin qaçqın və köçkün kütləsinin dini və etnik milli xəritəsi nə qədər müsəlman ölkələrinə bağlı və yaxud da birbaşa əlaqəlidir".

Z.Oruc hesab edir ki, Prezident İlham Əliyev mötəbər tədbirdə çıxış edərək bir neçə istiqamətdə məsələləri fəal  şəkildə qaldırıb: "Bu ondan ibarətdir ki, Ermənistan Vyana danışıqlarından sonra özünü "Dördgünlük müharibə" ilə qurban kimi göstərməklə, Azərbaycana qarşı həyata keçirilmiş aqressiyanı unutdurmaq, onu arxa plana keçirmək, aprel döyüşləri məsələsilə vəziyyəti tamam başqa məcraya çəkərək reallığı inkar etməyə çalışır. Ermənilər belə mənzərə yaratmaq istəyirlər ki, guya biz Ağdərədən qaçqın düşən bir neçə yüz erməniyə görə günahkarıq. Halbuki Azərbaycan dövləti bu bölgədə bütün etnik zümrələrin, xalqların təhlükəsizliyinə zəmanət verməyə qadirdir. Bu dəqiqliyi ilə belədir. Çünki bu regionda onlar yaşaya bilirlər. O cümlədən, ermənilərin də təhlükəsizliyinə Azərbaycan dövlətinin ən yüksək rəhbərliyi səviyyəsində zəmanət vermiş oluruq. Lakin təəssüflər olsun ki, bu, humanizm ermənilərin humanitar fəlakət yaratmaq iddiaları, əməlləri ilə üz-üzə qalır. Buna görə də, hesab edirəm ki, Türkiyədən Sammit vasitəsilə edilən çağırışlar hər bir ölkəni, onun rəhbərliyi mühüm bir məsələ qarşısında qoyacaq: Əgər siz milyonlarla köçkünü qəbul etmək istəmirsizsə, həmin insanların yaşadığı məkanlardakı vəziyyət üçün məsuliyyətinizi anlayın".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il başlayandan faktiki hər ay bu və ya digər səbəblə Türkiyədə səfərdə olub: "Türkiyə və Azərbaycan prezidentlərinin dostluğu getdikcə güclənir. Təsadüfi deyil ki, mayın 23-də İstanbulda keçirilən Dünya Humanitar Sammitinə qatılan onlarla lider şəkil çəkdirərkən Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın bir tərəfində BMT baş katibi Pan Gi Mun, digər tərəfində İlham Əliyev dayanmışdı. Bu Ərdoğanın Əliyevlə və Azərbaycanla münasibətlərə verdiyi önəmdən irəli gəlir".

İlham Əliyevin sammit çərçivəsində ikitərəfli görüşlər keçirdiyini xatırladan E.Şahinoğlu bildirib ki, ölkə başçısının Ərdoğanla görüşündə əsas müzakirə mövzusu Dağlıq Qarabağ olub: "Böyük ehtimalla bu müzakirəyə daha çox Ərdoğanın ehtiyacı olub. Çünki Ərdoğan ABŞ, Fransa və Rusiyanın xarici işlər nazirlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirdikləri görüşün detalları haqqında məlumat almaq istəyə bilərdi".

Politoloq bildirib ki, İlham Əliyev İstanbulda Ukrayna prezidenti Pyotr Poroşenko ilə də görüşüb: "Azərbaycan və Ukrayna prezidentləri müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bir neçə dəfə görüşüblər. Budəfəki görüşün əsas məqsədi Ukrayna prezidentinin Azərbaycana səfərini müzakirə etmək idi. Böyük ehtimalla Poroşenko 2016-cı ilin sonuna qədər Azərbaycana rəsmi səfər edəcək".

Mərkəz sədrinin sözlərinə görə, İlham Əliyevin Dünya Humanitar Sammitindəki çıxışını 3 hissəyə bölmək olar: "İlham Əliyev çıxışının birinci hissəsini Dağlıq Qarabağ münaqişəsinə həsr edib. Azərbaycan prezidenti tədbirdə BMT baş katibinin iştirakından istifadə edərək (Bakıdakı Qlobal Foruma gəlməkdən son anda vaz keçmişdi) öz iradını çatdırdı. İrad bundan ibarət idi ki, BMT-nin bəzi hallarda qətnamələri bir neçə həftəyə icra edilir, ancaq Azərbaycanın işğal altındakı torpaqlarıyla bağlı 4 qətnaməsi 22 ildir yerinə yetirilmir.

İlham Əliyev çıxışının ikinci hissəsində diqqəti Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasına yönəldib. Ümumiyyətlə son həftələr rəsmi Bakı bu mövzunu beynəlxalq aləmdə aktuallaşdırmağa çalışır. Bunun iki səbəbi var. Birinci səbəbi odur ki, avadanlıqları köhnəlmiş "Metsamor" Atom Elektrik Stansiyası bölgə üçün təhlükə mənbəyidir, ikinci Çernobıl hadisəsinin təkrarlanması ehtimalı az deyil. İkinci səbəb isə odur ki, Ermənistan hakimiyyəti Atom Elektrik Stansiyasının tullantılarından "çirkli bomba" hazırlaya bilər və bu haqda siqnalların sayı getdikcə çoxalır. İlham Əliyevin çıxışının üçüncü hissəsi isə Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlı qaçqınlarla bağlı idi. Yəni, dövlət başçısı dünyaya bu mesajı verib ki, beynəlxalq aləm işğal nəticəsində azərbaycanlı qaçqınların varlığını da unutmamalıdır".

E.Şahinoğlu hesab edir ki, İlham Əliyevin İstanbuldakı bu çıxışı bölgədə vəziyyətin yenidən gərginləşə biləcəyindən öncə beynəlxalq aləmə son xəbərdarlıq mesajı kimi də qiymətləndirilə bilər: "Çünki Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayının sonundakı görüşündən də nəticə çıxmazsa, bölgədə toqquşmaların baş verməsi ehtimalı yenidən artacaq".

Ceyhun ABASOV

 





25.05.2016    çap et  çap et