525.Az

“Deputatlar Palatasının qətnaməsi hökumətin mövqeyini əks etdirmir”


 

“Deputatlar Palatasının qətnaməsi hökumətin mövqeyini əks etdirmir” <b style="color:red"></b> Azərbaycanın Argentinadakı səfirliyinin müvəqqəti işlər vəkili Rəşad Aslanovun müsahibəsi
 
- Dünyanın müxtəlif ölkələrində erməni diasporu son vaxtlar Azərbaycana qarşı fəaliyyətini daha da gücləndirib. Latın Amerikasında, xüsusən də onların daha çox məskunlaşdıqları ölkələrdə erməni diasporunun fəaliyyəti hansı səviyyədədir və bu fəaliyyət Azərbaycanla həmin ölkələr arasındakı münasibətlərə necə təsir göstərir?
 
- Bu gün xarici dövlətlərdə kifayət qədər rahat yaşayan erməni icması Azərbaycan Respublikasının ərazisinin 20%-ni işğal edən, əsrlər boyu orada yaşamış azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım törədən, mədəni abidələrimizi məhv edən, tariximizi saxtalaşdırmağa cəhd edən bir dövlətin bütün bu cinayətlərini ört-basdır etməyə çalışır.

Digər tərəfdən, ölkəmizin nüfuzuna, o cümlədən region dövlətləri ilə münasibətlərinə xələl gətirmək üçün davamlı olaraq təxribat xarakterli fəaliyyət göstərirlər. Latın Amerikasında erməni diasporunun ən çox məskunlaşdığı ölkələr Argentina və Uruqvaydır. Eyni zamanda, bu diasporun regionun digər ölkələrində güclü nüfuz dairələri də var. Lakin əminliklə deyə bilərik ki, ulu öndərimizin bizə miras qoyduğu dövlətimizin bugünkü qüdrəti, etibarlılığı, yürütdüyü cəsarətli xarici siyasət xətti bütün bu cəhdlərin qarşısını uğurla alır.
Bildiyiniz kimi, Azərbaycan prezidenti İlham Əliyev Xarici İşlər Nazirliyinə Latın Amerikası ölkələri ilə əməkdaşlığın gücləndirilməsi tapşırığını verib. O zamandan etibarən ölkəmizin Latın Amerikasında təmsilçilikləri fəaliyyətə başlayıb və region ölkələri ilə münasibətlər artan xətt üzrə inkişaf edir.
 
Hazırda istər Argentina, istərsə də səfirliyimizin akkreditə olunduğu Uruqvay, Paraqvay, Çili və Boliviya ilə ölkəmizin ikitərəfli siyasi münasibətləri yüksək səviyyədədir və digər sahələrdə də əlaqələr inkişaf etməkdədir. Bu ölkələrlə hökumət və parlament üzvləri, habelə iş adamları səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. Ölkəmizin dünyada artan nüfuzu, iqtisadi və siyasi uğurları, sosial sahədəki nailiyyətləri, təbii ki, Latın Amerikası ölkələrinin də diqqətini cəlb edir. Bu səbəbdən, region ölkələri də Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Onlar bu maraqlarını dəfələrlə müxtəlif formatlarda nümayiş etdirirlər.
 
- Bir neçə gün öncə Çili parlamentinin Deputatlar Palatasında “Azərbaycanın “DQR”ə hərbi hücumunun qınanılması” adlı qətnamə qəbul edilib. Bu məsələ barədə daha ətraflı məlumat almaq istərdik.
 
- Təəssüf ki, Çili parlamentinin Deputatlar Palatasında erməni diasporunun və ermənipərəst qüvvələrin təsiri altında olan bir neçə deputatın “işgüzarlığı” nəticəsində Çili parlamentarlarının özlərinin də etiraf etdikləri kimi, belə bir “qəza” baş verib. Çili tərəfi bu halın baş verməsinə görə öz təəssüfünü bildirib, həmçinin bunun Çili hökumətinin mövqeyi olmadığını rəsmi şəkildə bəyan edib. Çili Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı səfirliyimizə təqdim etdiyi notada Çili hökuməti tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tanındığı, “DQR” adlı qurumun tanınmadığı, habelə bu münaqişənin BMT-nin müvafiq qətnamələrinə əsasən həll edilməsinin dəstəkləndiyi vurğulanır. Eyni mövqe Çili parlamentarları tərəfindən də nümayiş etdirilib.

Çili tərəfi tam əminliklə bəyan edib ki, bu sənəd nə bütövlükdə Çili parlamentinin, nə də Çili hökumətinin mövqeyini əks etdirir. Göründüyü kimi, erməni diasporunun belə təxribat xarakterli fəaliyyətləri hər dəfə ifşa olunaraq heç bir səmərə vermir, çünki bu, onların vətəndaşları olduqları və ya yaşadıqları dövlətlərin maraqlarına ziddir. İstər Çili, istərsə də digər region ölkələri Azərbaycanla dostluq münasibətlərinin qurulmasında və əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

APA
 





25.05.2016    çap et  çap et