525.Az

Doktorluq təhsili üzrə yeni model hazırlanacaq


 

Doktorluq təhsili üzrə yeni model hazırlanacaq<b style="color:red"></b>

"Beynəlxalq elmi əlaqələrin dinamik inkişafı və dünya elmi nailiyyətlərinin öyrənilməsi Azərbaycan Milli Elmlər Akademiyasının həyata keçirdiyi elm siyasətinin əsas istiqamətlərindəndir”.
 
APA-nın xəbərinə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib ki, ölkədə təhsil sahəsində aparılan islahatlar bakalavr və magistratura pillələrində əhəmiyyətli nəticələr verir.

Onun sözlərinə görə, beynəlxalq elm aləminə tam inteqrasiya üçün elmi dərəcələr üzrə də islahatlara ehtiyac yaranıb.
 
O qeyd ki, bu istiqamətdə 2015-ci ilin dekabr ayından etibarən Avropa Komissiyasının Erasmus+ Proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” layihəsi fəaliyyətə başlayıb:
 
"Layihənin baş koordinatoru Fransa Respublikasının Monpelye Universitetidir. Layihə çərçivəsində AMEA-da və respublikanın ali təhsil müəssisələrində doktorluq təhsili sisteminin dünya standartlarına uyğunlaşdırılması üçün yeni modelin hazırlanması nəzərdə tutulub. Bu da öz növbəsində AMEA qarşısında doktorantura təhsilində islahatlar istiqamətində öhdəliklər yaradır".
 
İclasda AMEA-nın elmi qurumlarına Azərbaycanda doktorantura təhsilinə dair təkliflərin hazırlanması tapşırılıb.
 
Həmçinin layihə çərçivəsində cari işlərin həyata keçirilməsi, təkliflərin toplanması və sistemləşdirilməsi üçün AMEA-da işçi qrupun yaradılması qərara alınıb.
 
Bundan başqa, Rəyasət Heyəti aparatının müvafiq idarələrinə layihə çərçivəsində beynəlxalq öhdəlik və əsas vəzifələrin həyata keçirilməsi, eləcə də layihə ilə bağlı ictimaiyyətin məlumatlandırılması və onun populyarlaşdırılmasının təmin edilməsinə dair tapşırıqlar verilib.

 





25.05.2016    çap et  çap et