525.Az

"Metsamor" AES region üçün aşkar təhlükə mənbəyidir


 

"Metsamor" AES region üçün aşkar təhlükə mənbəyidir<b style="color:red"></b>

Ermənistandakı köhnə və zəruri təhlükəsizlik tələblərinə cavab verməyən Metsamor Atom Elektrik Stansiyasının (AES) ciddi regional fəlakət mənbəyi olması məlumdur.

Ermənistan dünya ictimaiyyətinin AES-in fəaliyyətini dayandırmaq tələblərini qulaqardına vuraraq onun istifadəsi müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul edib. Bu da regionun daha 10 il ciddi təhlükə altında yaşayacağını göstərir.

Məlumat üçün qeyd edək ki, Metsamor Atom Elektrik Stansiyasının tikintisi barədə qərar SSRİ rəhbərliyi tərəfindən 1967-ci ildə qəbul olunub. AES-in tikintisinə 1973-cü ildə Yerevandan 40 km aralıda yerləşən Metsamor şəhərində başlanılıb. AES-in birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istifadəyə verilib. 1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlansa da, 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzadan sonra bu proses dayandırılıb. 1988-ci ildə Metsamordan 75 km aralıda yerləşən Spitakda baş vermiş zəlzələdən sonra 1989-cu il yanvarın 15-də AES-in fəaliyyəti dondurulub. Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edib və 1995-ci ildə 2-ci enerji bloku işə salınıb. Bu stansiya regionda birinci nəsil VVGR-440 tipli Rusiya istehsalı olan reaktorla təchiz edilib. Hazırda AES-in ikinci enerji bloku fəaliyyətdədir.

Reallıq isə budur ki, Ermənistan bütün alternativ imkanlardan imtina edərək təhlükəli "Metsamor'' stansiyasının istismarını uzun illər davam etdirmək niyyətindədir. Bu stansiyada hər hansı ciddi qəzanın baş verəcəyi təqdirdə region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadi həyatının böyük zərər görməsi qaçılmaz ola bilər. Bu səbəbdən də həm region dövlətləri, həm qlobal güc mərkəzləri, həm də beynəlxalq təşkilatlar "Metsamor'' AES-in bağlanması ilə bağlı Ermənistandan öhdəliyinə əməl etməsini tələb etməli, bu məqsədlə siyasi təzyiq göstərməli, lazımi hüquqi addımlar atmalıdır.

"Metsamor'' AES ciddi regional fəlakətlərə səbəb ola bilər

Bütövlükdə, bu AES ciddi regional fəlakət mənbəyi olaraq qalır. Qeyd etdiyimiz kimi, Metsamor AES köhnə, istifadə müddəti bitmiş avadanlıqla təchiz edilib. Reaktorlarda qəzanın baş verməsi və ciddi dağıntılara səbəb olması ehtimalı çox böyükdür. Digər tərəfdən, "Metsamor'' AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında 5 tektonik qırılma mövcuddur ki, onlardan da biri stansiyadan cəmi 500 metr aralıda yerləşir. 1988-ci ildə Spitakda baş vermiş zəlzələ bu stansiyanın fəaliyyətinin region üçün böyük təhlükə yaratdığını əyani şəkildə təsdiq edir.

Ekspertlər hesab edirlər ki, AES-də təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir. 1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra ciddi səylər göstərildikdən sonra söndürülüb. Bundan sonrakı dövrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, AES-in müasir təhlükəsizlik avadanlıqları ilə təchiz edilməsi istiqamətində heç bir addım atılmayıb.

Bunlarla yanaşı, "Metsamor” AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Qəza nəticəsində radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz hövzəsi ölkələrinin əhalisi üçün böyük təhlükə yaradacağı şübhəsizdir.

Nüvə və radioaktiv materialların, nüvə yanacağı tullantılarının qaçaqmalçılığında Ermənistan xüsusi rol oynayır

Sadalananlarla yanaşı, digər bir məqama da diqqət yetirmək gərəkdir. Belə ki, Metsamor AES-in Ermənistanda yerləşməsi nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar dəstələrin regiona diqqətini artırır. Artıq ermənilərin radioaktiv materialları ölkədən çıxararaq müxtəlif cinayətkar qruplara satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur. Belə materialların Əl-Qaidə və İŞİD kimi beynəlxalq terror qruplarının əlinə düşəcəyi təqdirdə "çirkli bomba”ların hazırlanması və istifadəsi riski kifayət qədər ciddiləşir.

Ümumiyyətlə, nüvə və radioaktiv materialların, nüvə yanacağı tullantılarının qaçaqmalçılığında Ermənistan xüsusi rol oynayır. Qonşu dövlətlərin ərazisində Ermənistan vətəndaşlarının iştirakı ilə dəfələrlə radioaktiv materialların qaçaqmalçılığı ilə məşğul olan qruplar ifşa olunub. 1999-ci il mayın 22-də Ukraynanın Bereqovo şəhərində iki erməni 20 kq U-235 az zənginləşdirilmiş uran filizi satmağa cəhd göstəriblər və bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Ermənilər uranın 1 kq üçün 35 000 dollar tələb ediblər. Bundan başqa, 2001-ci il dekabrın 19-da Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində kəşfiyyat əməliyyatı zamanı 300 qram az zənginləşdirilmiş uran ələ keçirilib. Araşdırma nəticəsində həmin materialın Ermənistandan gətirildiyi müəyyən olunub. 2003-cü il iyunun 26-da isə Ermənistan vətəndaşları qaçaqmalçılıq yolu ilə 170 qram yüksək zənginləşdirilmiş uran U-235-i Ermənistan-Gürcüstan sərhədindən (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) keçirməyə çalışıblar.
Saxlanılan Ermənistan vətəndaşı Qarik Dadadyanın üzərində 170 qram uran aşkarlanaraq götürülüb.

Dadadyan Ermənistana təhvil verilib, ona qarşı cinayət işi açılıb və həmin şəxs cəmi 2.5 il müddətinə azadlıqdan məhrum olunub. Bu fakt radioaktiv qaçaqmalçılıqla məşğul olan ermənilərin hakimiyyət dairələri tərəfindən müdafiə olunduğuna işarədir. Məhz sonrakı dövrlərdə də bu cür hallar qeydə alınıb.

Son olaraq isə qeydə alınan iki fakt ermənilərin nüvə qaçaqmalçılığında aktiv iştiraklarını bir daha aşkar edib. Belə ki, 2016-cı ilin yanvarında Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni sərhəddən keçirməyə cəhd göstərən üç erməni həbs edilib. Cari ilin aprelində isə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən üç Ermənistan vətəndaşı və üç Gürcüstan vətəndaşı 200 qram Uran-238-i satmaq cəhdinə görə həbs edilib. Müəyyən olunub ki, Ermənistandan olan üç nəfər əvvəllər Metsamor AES-də işləyiblər. Bu qrup radioaktiv materialı Yaxın Şərq ölkələrinə satmağı planlaşdırırmış.

Bütövlükdə, aşkarlanan materiallardan partlamaqla radioaktivlik yayan "çirkli bombalar”ın hazırlanmasında istifadə edilməsinin mümkünlüyü regionun nüvə təhlükəsizliyinə Ermənistan və Metsamor AES-dən irəli gələ biləcək riskləri bir daha xatırlatmağa imkan verir. Ermənistanın müdafiə naziri Seyran Ohanyanın, Ermənistanın sabiq baş naziri və Ermənistan Milli Konqres partiyasının deputatı Hrant Baqratyanın Ermənistanın xüsusi təyinatlı gizli silaha və ya "nüvə silahına” malik olmaları barədə açıqlamaları ciddi suallar doğurur.

Bütövlükdə, Ermənistan respublikasının bu əməlləri Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı təminatların tətbiq edilməsi barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə Ermənistan arasında imzalanmış Saziş, Nüvə Materiallarının Fiziki Mühafizəsi haqqında Konvensiya və ona Düzəliş, Nüvə Təhlükəsizliyi haqqında Konvensiya, Nüvə Terrorizmi fəaliyyətinə qarşı Beynəlxalq Konvensiya, AEBA-nın "Radioaktiv Mənbələrin Təhlükəsizliyi üzrə Davranış Məcəlləsi” və "Radioaktiv Mənbələrin İxracı və İdxalı Qaydaları”, habelə BMT Təhlükəsizlik Şurasının nüvə, kimyəvi və bioloji silahlar və onların çatdırılma vasitələrinın yayılmasının qarşısının alınması barədə 1373 və 1540 saylı qətnamələri çərçivəsində Ermənistanın öhdəlikləri ilə ziddiyyət təşkil edir. 1540 saylı BMT TŞ-nin qətnaməsində dövlətlərin nüvə materiallarının fiziki təhlükəsizliyi, onların qeyri-qanuni yayılması və ticarətinin qarşısının alınmasına dair öhdəlikləri vardır. Ermənistan ərazisindən sərbəst şəkildə radioaktiv materiallar daşınır, Ermənistanın hüquq-mühafizə, sərhəd və gömrük orqanları buna xüsusi şərait yaradır.

Ermənistan silahlı qüvvələri mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə edir

Bunlarla yanaşı, Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməsi də reallıqdır. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı törədilən təxribatlar zamanı beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilmiş hərbi sursatlardan istifadə olunur. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən mayın 10-da Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində aşkar olunmuş partlamamış mərmi beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilən hərbi sursat növünə aid olan, daxilində 3,6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) olan kimyəvi tərkibli D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir. Erməni silahlı bölmələri bu tip mərmilərdən təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutduqları zaman deyil, həmçinin yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı da istifadə edirlər.

Newtimes.az
Nurlan Qələndərli

 





26.05.2016    çap et  çap et