525.Az

AzTV-də "ulduzlar" sayrışacaq


 

AzTV-də "ulduzlar" sayrışacaq<b style="color:red"></b>

Bu yazı niyə yazıldı? Gəlin əvvəldən başlayaq. Bugünkü qəzet, jurnal, elektron media, tv, radio, internet tv bolluğunda yaşı 30-a çatan mətbuat orqanı nəylə seçilir, bilirsiniz?

Bizim həm də rəylərini bildirən, köhnə dədə-baba qaydasıyla məktub yazıb redaksiyaya göndərən bəlli və sevimli oxucu auditoriyamız var. Oxucu var hər bayramda sevimli müəlliflərini təbrik edir, oxucu var arası kəslimədən şeirlər, hekayələr göndərir (biz də bacardıqca çap edirik), oxucu da var – redaksiyamızın ailə üzvü kimidi, təkliflər verir, öz qəzetində nəyi oxumaq istədiyini söyləyir, arzularını dilə gətirir. Bu o oxucudu ki, israrla qəzet köşkünə gedir, hər sabah isti çörək ətri kimi qəzet ətrini də ciyərinə çəkməsə rahat olmur. Bugün mətbuat elə həmin peşəkar oxucuların çiyni üzərində yaşayır və həm də elə həmin oxucular üçün yaşayır.

Gəncədə yaşayan mühəndis Niyazi Seyidov pensiyaçıdı, uzun illəri bizimlə birgə keçib, indi həm də sosial şəbəkə istifadəçisidi, insanların nə düşündüklərindən xəbərdardı, fəal vətəndaş mövqeyi var və yenə də “525-ci qəzet”ə sədaqətlidi, həmişəki kimi hələ də maraqlı fikirlərini bizimlə bölüşür. Bu dəfə isə diqqətimizi AzTV-yə yönəldir: “Sosial şəbəkədə hamı özəl tv-lərdəki biabırçı şoulardan narazı qaldığını yazır. Biz görürük ki, özəl kanallarda milli mentalitetimizə ziyan vuran toyxana verilişlər gedir. Dövlət televiziyası yeganə kanaldı ki, ailəliklə, böyüklü-kiçikli ekran qarşısında oturub onu izləyirik. Niyə o verilişlərin təbliğatı aparılmır? Götürək elə hər bazar gedən “Sevilənlər” verilişini. Bir ildi bu verilişin daimi tamaşaçısıyıq. Hər bazar Nərgiz xanımın qonaqlarına baxıb həm öyrənirik, həm əylənirik, həm düşünürük, uzun sözün qısası – zənginləşirik. Amma bu yaxşı proqram barədə heç danışan da yoxdu. Bax belə verilişlərdən yazılar yazsaz minnətdarlığımızı bildirərik”.

Daimi oxucumuz Niyazi Seyidovun məsləhəti bu dəfə də karımıza gəldi. Oxucu haqlı idi. Pis nümunəni tənqid etməklə yanaşı mətbuat həm də yaxşı olanı təbliğ etməli, müsbət faktlar barədə nümunələr göstərməlidir.

Azərbaycan Televiziyasının mədəniyyətimizin təbliği, milli-mənəvi dəyərlərin aşılanması sahəsində gördüyü işlər həqiqətən də təqdirəlayiqdir. Oxucumuzun bəyəndiyi “Sevilənlər” proqramı bir ildən çoxdur ki, dövlət televiziyasının efirindədir və keçirdiyimiz kiçik sorğudan da bəlli oldu ki, proqramın geniş çevrəsi var - ziyalı tamaşaçı təbəqəsinin tam ürəyincədir. Uzun illər televiziya ekranlarından sevə-sevə izlədiyimiz məşhur aparıcı Nərgiz Cəlilovanın təqdimatı həmişəki kimidir – səmimi və səviyyəli. “Sevilənlər” – proqramın redaktoru tanınmış jurnalist Afaq Vasifqızı ilə Nərgiz Cəlilovanın ilk iş birliyi deyil. Bu tandemin əsası “Space”də qoyulub. O zaman üçün çox populyar olan “Gecə kanalı” ilə başlayan əməkdaşlıq bu gün uğurla davam etdirilir. İşin mahiyyəti barədə təsəvvür yaratmaq üçün proqramın yaradıcı heyətilə əlaqə saxladıq. “Sevilənlər”lə bağlı fikirlərilə maraqlanınca – “işimiz göz qabağındadı”,- söylədilər. Yəni nə danışaq, buyurun, baxın.

Elə də etdik. Bazar günləri Azərbaycan televiziyasında efirə gedən, həftə içi Mədəniyyət kanalında təkrarlanan “Sevilənlər”i bizim efirdə tez-tez rast gəlinən təkbətək müsahibə janrından fərqləndirən bir cəhət də var. Proqram AzTV-nin çox zəngin xəzinəsindən – arxivdə toplanan nadir və dəyərli kadrlardan geninə-boluna istifadə edir. Rejissor Teymur Quliyevin dediyinə görə, bir verilişin ərsəyə gəlməsi, videomateriallarla zənginləşməsi üçün bəzən hər biri saat yarım olan 30-40 videokasetə baxılır, ən yaxşı kadrla seçilir, söhbətin kontekstinə uyğun olaraq təsniflənib lazımi yerə qoyulur. Bu isə zəngin və dəyərli arxiv materiallarına ikinci həyat vermək deməkdir. Tək bu proqram vasitəsilə bugünkü tamaşaçı 60-70-ci illərdən üzü bəri bütün televiziya salnaməsini vərəqləyir, vaxtilə lentə alınan və uzun müddət səslənməyən mahnıları dinləyir, tamaşalardan fraqmentlərlə, nadir işçi kadrları ilə də tanış olur.

“Sevilənlər” - janr etibarilə portret-müsahibədir. Və hər müsahibə yalnız hansısa mövzu ətrafında qurulmur, burada respondentin həyat və yaradıcılığı tam əhatə olunur, bir insanın real portreti cızılır – pafossuz, yalançı tərifsiz, konkret faktlara və əyani vəsaitə söykənməklə. Yaradıcı qrupdan bunu da öyrənirik ki, indiyədək “Sevilənlər”in 50-dək buraxılışı efirə gedib. Və dəvət olunan qonaqlar böyük məmnuniyyətlə çəkilişdə iştirak ediblər. Səbəb isə aydındır. Burada müasir televiziyanın bütün standartları qorunur, etik çərçivələr gözlənilir, səmimiyyət heç vəchlə əndazəni aşmır. “Sizcə, ən uğurlu proqramınız hansı olub?” sualını isə hər üç əməkdaş – Afaq Vasifqızı, Nərgiz Cəlilova və Teymur Quliyev bir-birinə macal vermədən cavablayır, qəhrəmanları sadalayırlar – Fərhad Bədəlbəyli, Anar, Ramiz Mirişli, Rafiq Hüseynli, Ramiz Həsənoğlu, Azər Paşa Nemət, Siyavuş Kərimi, Əlibaba Məmmədov, Ruhəngiz Qasımova, Vasim Məmmədəliyev, Xoşbəxt Yusifzadə, Cahangir Novruzov, Faiq Sücəddinov, Mübariz Tağıyev, Aygün Səmədzadə. Qəhrəmanları sayıb verilişləri xatırladıqca üçünün də üzünə işıq gəlir, gözləri parıldayır. Bəli, yaradıcı insanlar görülən işdən məmnun qaldıqda, zövq aldıqda məhz belə olur.

“Sevilənlər” növbəti mövsümü tamamlamaq üzrədir. Qarşıda – istirahət müddəti bitincə yenə sevilən aparıcı efirdə görünəcək, yenə sevilən qəhrəmanları tamaşaçılara təqdim edəcək. Onların qəhrəmanlarısa bizim ulduzlardı – söz, sənət, musiqi dünyasının sayrışan ulduzları.

Vəfa MƏMMƏDLİ

 





26.05.2016    çap et  çap et