525.Az

Onun qara gözləri


 

Onun qara gözləri<b style="color:red"></b>

Dünəndən başlayan yağış ara vermədən elə hey yağır, axşam yavaş-yavaş öz alatoranlıq pərdəsini gündüzün pəncərəsindən asmağa çalışır, dünyanı nura qərq edən günəşin parlaq şüalarını isə şəhərin rəngarəng işıqları əvəz edirdi.

Havadan asılı olmayaraq şəhərdə həyat həmişəki kimi bu gün də öz axarıyla süzülüb gedirdi. İnsanlar bu axarda sanki qarışqalara bənzəyirdi. Onlardan kimi evə tələsir, kimi işə, kimi qonaqlığa.  Bu axşam isə kimilərsə də şəhərin ən tanınan, sevilən və hətta qonaq rəssamlarının əsərlərinin nümayiş olunduğu sərgi məkanlarından birinə tələsirdi. Buna səbəb bu rəsm qalereyasında bu axşam xaricdən gələn lakin, əslən həmyerlimiz olan bir rəssamın əsərlərinin sərgisi idi.

lll

Sərgi artıq bir neçə dəqiqəyə açıq elan ediləcəkdi. Məkan tək-tək adı çəkilən sərgi salonlarından olsa da, hələ bugünkü qədər qonaqlara öz qapılarını açmamışdı. Gələnlər arasında ölkənin tanınmış rəssamları, incəsənət xadimləri, əcnəbi qonaqlar, KİV-nin nümayəndələri və bu gözəlliklərə biganə qalmayan bir çox başqa qonaqlar vardı. Onlardan kimi səssizcə əsərlərə tamaşa edir, kimi onları ətrafındakılarla müzakirə edir, kimi səbirsizliklə açılışı gözləyirdi. Lakin hər birinin çöhrəsindən baxdıqları gözəllikdən məmnunluğu duyulurdu. Ancaq bu qədər insanın içərisində tək bircə nəfərin həyəcanı bir başqaydı. Ona elə gəlirdi ki, qəlbi artıq nəinki bu məkana, hətta sinəsinə sığmır və sanki, ürəyinin döyüntülərinin səsindən başqa bir şey eşidə bilmirdi. Odur ki, artıq bir neçə dəqiqə onu səsləyən həmkarının nə dediyinin fərqində belə deyildi. Bunu başa düşən gənc adam:

- Səni gözləyirlər; sözlərilə gənc rəssamı sanki, yelləncək çərxindən qəfil yerə endirdi. O çaşqın baxışlarıyla elə bil dostundan kömək istədi.

Dostu ona əmin baxışlarıyla baxaraq:

- Hər şey qaydasında olacaq. Bu nə həyəcan?...( azacıq gülümsünərək). Sən qəriblikdə dünyanın ən məşhur rəssamlarının önünə ürəklə çıxmısan. Bura ki, öz məmləkətindi, dogma mühitdi...

- Bilirəm, deyə rəssamın yaşına görə amiranə, eyni zamanda xoş səsi eşidildi. Bəlkə də doğma yurdum olduğu üçün çox həyəcanlıyam. Uzun illər bu insanlardan uzaq olduğum üçün...

- Təsadüfən bu həyəcan bu insanlarla yox, bir insanla bağlı deyil?... (ehyamlı və zarafatyana gülümsündü)

Gənc rəssamın qaşları çatıldı. Dostunun sualını cavabsız qoyaraq otaqdan çıxdı.

lll

Salondakı izdihamın pıçıltılarını, xoş söhbət əsnasındakı xırda gülüş səslərini fotokameraların şıqqıltılı səsləri əvəz etdi. Sərgi açıq elan edildi. Rəssam haqqında başına toplaşan dostları, həmkarları, söz sahibi insanlar öz ürək sözlərini dedi, onu nailiyyətləri ilə təbrik etdi və daha böyük uğurlar arzuladılar. O deyilənləri dinləyir, lakin yenidən özünü yelləncək çərxinin ta başında hiss edirdi. Sanki çərx durmadan fırlanır, o gah yerə yaxınlaşır, gah uzaqlaşırdı. İllərinin dostu bu anında onun çiynini qucaqlayaq köməyinə yetişməsəydi, o çox güman ki, çərxdən enən adamlar kimi yerində ləngər vuracaqdı. O dönüb dostunun gözlərinə razılıqla baxdı və üzündəki eyni ifadə onu bir xeyli sakitləşdirdi. Nümayiş bir saata yaxın idi ki, davam edirdi. Onun gözləri isə elə hey bu insan kütləsinin arasında kimi isə axtarırdı.

- Çox gözəl əsərdi. Bu sözlər onu sanki yuxudan oyatdı. Çaşqın halda bir zaman müəllimi, indi isə həmkarı olan bir insanın bir tablonun önündə dayanaraq ona mənalı baxdığını gördü. - Bu gözlər mənə sanki tanış gəlir, deyərək gülümsündü.

Rəssamın çaşqınlığı daha da artdı. Dili topuq vuraraq:

- Bu çoxdankı işimdi. İki il öncə Romada olarkən çəkmişdim bu əsəri?... Bunun haqqında nə düşündüyünüz mənim üçün çox önəmlidi.  Deyərək o cəld müəlliminin qoluna girib onun fikrini digər tabloya yönləndirmək istədi. Dünyagörmüş bu insan gəncin dəniz rəngli gözlərindəki sirli dünyanı, gah qalxışan fırtınanı, gah sakit, həzin ləpələri duyaraq, sanki heç nə anlamamış kimi onun digər əsərini müzakirə etməyə başladı.

Qulaqları müəllimini dinləyir, ürəyi isə arabir oğrun-oğrun baxdığı o qara gözlərlə xəyalən söhbət edirdi. " Gərək geri dönməyəydim". "Səni ordan niyə gətirdim". "Gəlmədin?...". "Bəlkə gəldiyimdən xəbərsizdi". "Allahım bu sərgi nə zaman qurtaracaq"...

Tablodakı "gözlər". Bir cüt qara gözlər. O qədər canlı çəkilmişdi ki, sanki dən-dən çəkilmiş kiprikləri indi yaydan çıxan oxlar kimi bir-birilə toqquşacaqdı. Sanki onu yaradan əllərin sahibi ilə o da için-için söhbət edirdi. Gənc rəssam hər nə qədər hər kəsin fikrini bu yarımçıq çəkdiyi, lakin eyni zamanda çox mükəmməl çəkdiyi bu əsrarəngiz əsərindən yayındırmaq istəsə də, bura gələn insanların demək olar ki, heç biri onun yanından biganə keçə bilməmişdi. O bunların heç birini nə görür, nə də duyurdu. O hətta, şəkli özü ilə nə üçün gətirdiyini belə bilmirdi...Əslində yox...Bilirdi...O illərdir bu şəkildən ayrılmır, sanki hər gün onu tamamlayacağına söz verir və yenidən bir kənara çevirib qoyurdu. Tamamlanmamış dediyi bu əsər əslində çoxdan tamamlanmışdı. Tamamlanmayan sadəcə o gözlərdə donub qalan sirli bir dünya, xəyallar, arzular idi...

- İmzanızı ala bilərəm? Bu səs elə bil yayın həzin mehli havasında qəfil çaxan şimşəktəki onu yuxudan oyatdı. Geri çevrildiyində qarşısında uşaqlığının ən gözəl xatirələrini, gəncliyinin ən saf məhəbbətini, qəlbinin ən şirin arzularını, təxəyyülünün ən əsrarəngiz xəyallarını, illərcə əsiri olduğu o qara gözləri gördü...

"Gəldin, nə zaman gəldin? Gələcəyini bilirdim". Gənc rəssam bayaqkı susqunluğundan sonra, çaşdığından dil boğaza qoymayan həyəcanlı halından özü də tədirgin oldu. Verdiyi suallardan utandı, qulaqları öz səsindən guyuldadı. Amma onun bu sözlərini, suallarını qəlbinin dili hayqırırdı.

Onu belə vəziyyətdə görən dostu əlini uzatdı, xanımın əlindəki gül dəstəsini və bukleti götürərək:

- Xoş gəldin, - dedi.

-Təşəkkür edirəm.Xoş gördük. - Qara gözlərin sahibinin həyəcanlı, cingiltili səsi cavab verdi.

lll

Yağış damcıları aram-aram maşının pəncərələrini şıltaq uşaqlartəki taqqıldadır, gecənin qaranlığında qəribə bir ahəng yaradırdı.

- Sabah son günümüzdü. Hələ gec deyil. Son bir gün...Dostunun bu sözləri gecənin həzin sükutunu pozdu. Yalnız indi hər şeyi dərk edirmiş kimi o maşının pəncərəsindən Bakının rəngarəng işıqlarla bəzənmiş bir-birindən gözəl küçələrinə tamaşa edərək...

- Gecdi. Artıq çox gecdi... O artıq ailəlidi. Mən sadəcə son dəfə onun qara gözlərinin içinə baxmaq, onları son dəfə oxumaq, onların içində qərq olmaq istədim...Onlar necə də gözəldir... Dostunun üzündə donub qalan çaşqın ifadəsindən xəbərdar halda  dönüb qəmli, sevgidən dəniz firtınası kimi coşub-daşan gözlərilə sadəcə gülümsünərək üzünü yenidən pəncərəyə çevirdi və elə bil aynada əks olunan gəncliyinin xoş xatirələrinin seyrinə davam etdi.

Narın-narın yağan yağışsa sanki bu gəncin xatirələri üçün həzin bir nəğmə çalırdı...

Fidan MALİKQIZI

 





26.05.2016    çap et  çap et