525.Az

Mina Rəşidin şeirləri


 

Mina Rəşidin <b style="color:red">şeirləri</b>

ON İLDİ GÖZÜMDƏN QAÇQINDI GÜLÜŞ

On ildi həsrətəm bir şirin sözə,
On ildi gözümdən qaçqındı gülüş.
Başına dolanım, ay elim-obam,
Qoynunda nə qədər bəxtəvərəmmiş.

Üz tutub qaçmışam yataqxanaya,
Qaçqın gülüşümün düşüb dalınca.
Burda mənim kimi didərginlər çox
Ağlaram-gülərəm birgə doyunca...

Daşların içindən sıyrılıb çıxdım
Arxada buraxdım bəd olanları.
Min dərdin içində bu nurlu, bu saf
Bağrıma basmışam gül adamları.

İSTƏYİRƏM BİR GÜL AÇSIN PƏNCƏRƏMDƏ

...On ildi evimin divarları saralıb
istəyirəm ağarsın
ağarmır...
İstəyirəm bir gül açsın pəncərəmdə,
bir quş oxusun...
Nə çiçək açır,
nə də quş oxuyur
Axırda özüm dönüb çiçək,
quş olmaq istəyirəm
amma sındırırlar qanadlarımı
belə işıqsız komada uçmaq olmur!

DÜNYA DUYMAYANLARIN

Qovğalarda özümü
Yorduğum əbəsimiş.
Axır bunu anladım
Bələkdə kəfənimiş.

Kim ki, ona bənzədi
Dünya onun qardaşı.
Dünya duymayanların,
Dünya qaradaşların.

Olum-ölüm birdisə
Dünyadan əli üzdüm.
Yaşamaq yasaq ikən
Ölümü əzizlədim.

BİR GÖZƏL TÜRKÜ ARADIM

Bir gözəl türkü aradım
Bayaqdan, bula bilmədim.
O türkünün naləsində
Saçımı yola bilmədim...

Dedim, məni məndən alar
Dünyayla saxlar aramı.
Könlüm yenə qan eylədi
Bir türkü bağlar yaramı.

O türkünün qanadında
Min acı mənə neyləyər?
Haqq gəzərəm boz çöllərdə
Bir türkü haqqı söyləyər.

TAPAR, BULAR FƏLƏK MƏNİ

Ruhumu çəkib aparar
Qaralayar fələk məni.
Bir yaramı sarımamış
Yaralayar fələk məni.

Mən ki haqq aşiqi oldum,
Yolum tutqun sevda yolu.
Gözümdə yaş dolu-dolu
Əsir alar fələk məni.

Başımda tufan havası,
Nədir könlümün qovğası?
Dağılsa da, yurd-yuvası
Tapar, bular fələk məni.

HƏYAT ADLI QADIN

...Rəngi-ruhu solğun,
o kədərli qadının
Hər gün Həyat adlı
bir qadın gəlib-keçər
yanından gülə-gülə...

BİR KƏLMƏ ÇAY

...Hərdən hər şey sözə dönür
dilində
Bir də gördün çaşıb deyir:
 "Ay uşaqlar, icazə verin,
Bir kəlmə çay süzüm özümə..." 

YASƏMƏN AÇANDA

Yasəmən açanda doğulub
bəlkə ona görə
gözləri bah alı maşınlara, villalara yox,
xırdaca çöl çiçəklərinə ilişib qalır,
başını qaldıranda da
göy üzü gözlərini çəkib aparır...

ƏN BÖYÜK ACI

Sənin üçün yaşamaq,
Sənin üçün dözmək hər əzaba,
hər müsibətə
Sənsizlik ən böyük acı
Sən olmadan günəş doğmaz ki...

Mina RƏŞİD

 





26.05.2016    çap et  çap et