525.Az

İstanbul Sammitində Ermənistana sərt xəbərdarlıq


 

"ERMƏNİSTANIN QEYRİ-KONSTRUKTİV MÖVQEYİ UCBATINDAN CƏNUBİ QAFQAZDA MÖVCUD OLAN HUMANİTAR FƏLAKƏTİN QARŞISINI ALMAQ MÜMKÜN OLMAYIB"

İstanbul Sammitində Ermənistana sərt xəbərdarlıq<b style="color:red"></b>

Məlum olduğu kimi, mayın 23-24-də İstanbulda Dünya Humanitar Sammiti keçirilib.

Türkiyə ilə BMT-nin birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammit dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırış idi.

Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla, ümumilikdə, 5 mindən çox nümayəndə iştirak edib.

Sammitin əsas hədəfi münaqişələrin həllinə və onların baş verməsinin qarşısının alınmasına, humanitar fəlakətlərə yol verilməməsi üçün güclü norma və prinsiplərin bərqərar edilməsinə, fəlakət zonalarındakı insanlara humanitar yardımlar çatdıraraq onların ehtiyaclarının ödənilməsinə, humanitar sahəyə böyük sərmayələrin yatırılmasına yönəlmişdi. Hazırda dünyada 130 milyondan çox insanın humanitar yardıma və sosial müdafiəyə ehtiyacı var. Bu isə humanitar yardım üçün xərclərin məbləğini böyük dərəcədə artırıb. BMT-nin məqsədi bu problemlərin aradan qaldırılması üçün nəzərdə tutulan vəsaitin həcmini 21 milyard dollara çatdırmaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev də mötəbər tədbirdə iştirak etmək üçün Türkiyəyə səfər etmişdi. Humanitar Sammitdə iştirak edən ölkə başçısı bir sıra dövlətlərin yüksək səviyyəli rəsmi şəsxləri ilə ikitərəfli görüşlər də keçirib.

Mötəbər tədbirdə çıxış edən Prezident İlham Əliyev Sammitin nəticələrinin bütün dünyada humanitar böhrandan əziyyət çəkən insanların həyat səviyyəsinin yaxşılaşmasına öz töhfəsini verəcəyinə inandığını bildirib.

Dövlət başçısı Sammitdə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, işğal faktının aradan qaldırılmamasından danışıb, beynəlxalq birliyin bu məsələyə yanaşmada ikili standartlar prizmasından çıxış etdiyini deyib, keçən əsrin sonlarında Ermənistana qarşı qəbul olunan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də icra olunmadığını, işğalçı ölkəyə qarşı heç bir ciddi addımın atılmadığını bildirib. Bədnam qonşularımızın işğalçı siyasəti nəticəsində bir milyondan artıq soydaşımızın öz dədə-baba torpaqlarından didərgin salındığını, qaçqın və məcburi köçkün həyatına sürükləndiyini Sammit iştirakçılarının diqqətinə çatdıran Prezident qaçqın və köçkünlərin sosial-iqtisadi problemlərinin həllinə heç bir xarici dəstək olmadan Azərbaycanın təkbaşına nail olduğunu vurğulayıb. 2016-cı ilin aprelində Ermənistanın dinc Azərbaycan vətəndaşlarına qarşı yeni hücum həyata keçirdiyini deyən Prezident qeyd edib ki, bu hücum nəticəsində bizim əsgər və zabitlərimiz, o cümlədən, 6 mülki şəxs qətlə yetirilib, 30-dan artıq mülki şəxs yaralanıb: "Bizim kəndlərimizin atəşə tutulması nəticəsində 500-dən artıq evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb və yandırılıb. Ermənistan ordusu mülki şəxslərə qarşı qadağan olunmuş kimyəvi silahdan, xüsusilə ağ fosfor bombalarından istifadə edib. Ermənistan tərəfindən törədilən bütün müharibə cinayətləri sənədlərlə sübuta yetirilib və beynəlxalq müşahidəçilərə təqdim olunub. Mülki əhalimizi qorumaq üçün Azərbaycan Ordusu uğurlu əks-hücum həyata keçirdi və yalnız bundan sonra təcavüzkar dayandırıldı".

Bu mənada, azərbaycanlıların qaçqınlığın və məcburi köçkünlüyün nə demək olduğunu çox yaxşı bildiyini deyən İlham Əliyev ona görə də, dünyada bu cür mənfi halların qarşısının alınması üçün Azərbaycanın hər zaman öz dəstəyini davam etdirəcəyini bəyan edib.


Bundan əlavə ölkə başçısı diqqəti Ermənistanda istismar müddəti bitmiş, köhnə avadanlıqlarla fəaliyyətini davam etdirən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinə çəkərək bildirib ki, bu stansiyanın fəaliyyəti ümumilikdə region üçün böyük təhlükə mənbəyidir. Prezident deyib ki, Ermənistan rəsmiləri açıq şəkildə bu stansiyadan əldə olunan reaktiv tullantılar vasitəsilə çirki bomba yaratmaqda maraqlı olduqlarını dilə gətirirlər. Ona görə də, stansiyanın fəaliyyətinin qarşısı alınmalı, Ermənistana qarşı dünya birliyi tərəfindən qətiyyətli mövqe bildirilməli, bu dövlət kimyəvi silah istehsal və istifadə etmək istiqamətində apardığı fəaliyyətdən çəkindirilməli, işğal faktı aradan qaldırılmalıdır.

Bir neçə gün əvvəl başa çatan mötəbər tədbirlə bağlı fikirlərini bildirən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli qeyd edib ki, Dünya Humanitar Sammiti son zamanlar bu sahədə keçirilən tədbirlərdən ən böyüyüdür: "Bu, mötəbər tədbirdə BMT-nin baş katibi Pan Gi Munla yanaşı, çoxsaylı dövlət və hökumət başçıları iştirak edib. Burada müzakirə edilən məsələlərin siyahısı olduqca genişdir. Sammitin gündəliyində Qərblə Şərq sivilizasiyaları arasında yaranan gərgin münasibətlərin müzakirə edilməsi, çıxış yollarının tapılması, xüsusilə üçüncü dünya ölkələrində aclıq, içməli su çatışmazlığı və digər bu kimi problemlərin həll olunması istiqamətində məsələlər dayanıb".

Q.Hüseynli hesab edir ki, İstanbul Humanitar Sammiti əhatə etdiyi məsələlərə görə tarixdə özünə önəmli yer tutacaq: "Sammitin işinin yekunu olaraq humanitar fəlakətlərin aradan qaldırılması istiqamətində çox ciddi qərarların qəbul olunması gözlənilir. Güman edirəm ki, səlahiyyətli hökumət və dövlət nümayəndələrinin burada iştirak etməsi də əldə olunan nəticələrdə öz rolunu oynayacaq".

Mötəbər tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakından danışan politoloq qeyd edib ki, ölkəmizin bu istiqamətdə malik olduğu mühüm təcrübələr Sammitin işinə böyük töhfə verib: "Məlumdur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyondan artıq soydaşımız öz torpaqlarından qovularaq qaçqın və məcburi köçkün həyatına sürüklənib. Həmin dövrdə yenicə müstəqilliyini bərpa edən Azərbaycan dövləti həm hərbi, həm siyasi, həm də iqtisadi problemlərə baxmayaraq qaçqın və köçkünlərin sosial qayğılarının həll edilməsinə nail olub. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından Cənubi Qafqazda mövcud olan bu, humanitar fəlakətin qarşısını 25 ildir almaq mümkün olmayıb. Cənubi Qafqazda münaqişənin aktiv hərbi müstəvidən danışıqlar masasına keçdiyi 1994-cü ildən, Ermənistanla Azərbaycan arasında atəşkəsə dair Bişkek protokolu imzalandıqdan sonra sülh yolu ilə torpaqlarını işğaldan azad etmək istiqamətində danışıqları davam etdirən Azərbaycan, həm də öz iqtisadi, siyasi və hərbi gücünü artıraraq bütün bu problemlərin öhdəsindən gəlib. Ona görə də, bu gün Ermənistandan fərqli olaraq Azərbaycan cəbhədə düşmənə öz gücünü göstərməklə yanaşı, sivil dünya quruculuğu istiqamətində müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən, humanitar sahədə forum, konfrans və sammitlərin mərkəzinə çevrilib, bu istiqamətdə mövcud olan təcrübə ilə bütün dünya dövlətlərini tanış edib".

İstanbul Sammitinin xüsusilə indiki dövrdə keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini deyən politoloq bildirib ki, müsəlman və xristian aləmi arasında münasibətlərin gərginləşdiyi, humanitar əlaqələrin xeyli səngidiyi zamanda belə bir tədbirin keçirilməsi bu istiqamətdə illərdir yığılıb qalan problemlərin həllinə işıq sala bilər.

Sammitdə Prezident İlham Əliyevin qaldırdığı məsələlərə toxunan Q.Hüseynli hesab edir ki, bu tədbir vasitəsilə biz Cənubi Qafqazın ən böyük problemlərindən biri olan Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından dünya birliyi tərəfindən Ermənistana qarşı müəyyən addımların atılacağını ehtimal edə bilərik.

Milli Məclisin deputatı Çingiz Qənizadə isə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yaranmış şəraitdən istifadə edərək Dağlıq Qarabağ həqiqətlərini, Ermənistanın riyakar və işğalçı siyasətini, onların dünya birliyini və beynəlxalq təşkilatları aldatması, əslində qadağan olunmuş silahlardan, eləcə də mülki əhaliyə qarşı zor tətbiq etməsi kimi cinayətlərinin İstanbulda keçirilən Sammit iştirakçılarına çatdırması qürurvericidir. O "SİA"ya bildirib ki, Azərbaycan Prezidenti iştirak etdiyi bütün tədbirlərdə Azərbaycanın milli maraqlarına uyğun çıxış edərək, hər kəsin ürəyindən keçən məqamları qabartmaqla ölkəmizin mövqeyini geniş şəkildə ifadə edir: "İstanbulda səslənən sərt ifadələr də, Ermənistana, eləcə də onun havadarlarına xəbərdarlıq məqsədi daşıyırdı".

Deputatın sözlərinə görə, aprelin əvvəllərində Azərbaycan ordusu tərəfindən 2000 hektardan çox ərazinin işğaldan azad edilməsi onu göstərir ki, Azərbaycan istədiyi halda daha çox öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır: "Amma biz hələlik müharibə deyil, sülh yoluna önəm veririk. Lazım gəldikdə də sübut edirik ki, bizim gücümüz var və bundan istifadə etməklə, əsgərlərimizin həyatı bahasına da olsa, torpaqlarımızı düşməndən geri almağa qadirik. Prezident İlham Əliyevin İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı bir daha imkan və vaxt verir ki, düşmən tərəfi düşünüb beynəlxalq hüquq normalarına hörmət edərək, işğal etdiyi ərazilərdən geri çəkilsin. Bundan başqa, Ermənistanın havadarlarına bir daha xəbərdarlıq olunur ki, gələn dəfə hərbi əməliyyatı 3 gün deyil, lazım gəlsə 13, hətta 23 gün davam etməklə torpaqlarımızı işğaldan azad edə bilərik".

Ceyhun ABASOV

 





26.05.2016    çap et  çap et