525.Az

"Şikayətçinin şikayətinə şikayət etdiyi insanın baxması nə deməkdir?"


 

"Şikayətçinin şikayətinə şikayət etdiyi insanın baxması nə deməkdir?"<b style="color:red"></b>

Bir sıra qanunlar "Vətəndaşların müraciətləri" haqqında 2015-ci ilin payızında qəbul olumuş qanuna uyğunlaşdırılır.

Bu qanunlar arasında "Ətraf mühitə dair informasiya almaq haqqında", "İnformasiya əldə etmək haqqında" və "İctimai iştirakçılıq haqqında" qanunlar daxildir. Bu haqda mayın 25-də parlamentin İnsan hüquqları komitəsinin iclasında məlumat verilib.
 
Adıçəkilən komitənin sədri Bahar Muradova bu yöndə müvafiq qanun layihəsinin ölkə Prezidenti tərəfindən parlamentə göndərildiyini bildirib.
 
Onun sözlərinə görə, belə ki "Vətəndaşların müraciətləri haqqında" qanuna uyğun olaraq sözügedən qanunlardakı "vətəndaşların müraciətlərinə baxılması qaydası" sözləri "vətəndaşların müraciətləri" sözləri ilə əvəzlənir.

Müzakirələr zamanı daha çox "Vətəndaşların müraciətləri haqqında" qanunvericiliyə əsasən anonim müraciətlərə baxılmasının qadağan olunmasına münasibət bildirilb. Komitə üzvləri bunun bəzi hallarda ciddi problemlər yaradacağını dilə gətiriblər. Millət vəkilləri ümumiyyətlə, vətəndaşların müraciətlərinə, şikayətlərinə baxılmasında problemlərin yaranmasına öz etitazlarını ifadə ediblər.

Komitə üzvü Flora Qasımova bildirib ki, əksər hallarda şikayət, müraciət edən vətəndaşların müraciətləri onların narazı qaldıqları şəxslərin, subyektlərin üzərinə göndərilir və bu da insanlarda növbəti narazılıq yaradır: "Çünki şikayət etdiklər şəxs, subyekt yenə də öz bildiyi kimi məsələni həll edir. Heç çox zaman həmin müraciətləri qəbul etmək, onları yaxın buraxmaq belə istəmirlər.  Bu isə insanları narazı salır".

Millət vəkili Elman Nəsirov da həmkarının fikirlərini dəstəkləyib və bunu "səndən yar, sənə yar şikayətim var" kimi qiymətləndirib: "Şikayətçinin şikayətinə, müraciətinə şikayət etdiyi insanın baxmasının nə demək olduğunu da anlatmağa xüsusi ehtiyac yoxdur".

Millət vəkili eyni zamanda, müraciətlərə baxılmamasına görə müəyyənləşdirilən maliyyə cəriməsinin azlığına etiraz edib.  "Bəlkə  də indiki reallıqda 100-200 manat maliyyə sanksiyası normaldır, amma hesab edirəm ki, bunun bir qədər də artırılmasına, maliyyə sanksiyalarının sərtləşdirilməsinə ehtiyac var"-deyə, millət vəkili qeyd edib.

Millət vəkili Tahir Kərimli isə "Vətəndaşların müraciətləri haqında" qanunda anonim müraciətlərə baxılmasının qadağan olunmasını nəzərdə müddəaya yenidən baxılmasını təklif edib. O bildirib ki, burada mütləq istisnaedici məqam nəzərdə tutulmalıdır: "Yəni, ictimai təhlükəli əməl məsələsi haqqında məlumatın verilməsi burada öz əksini tapmalıdır.

Çünki görürük ki, tez-tez terror aksiyaları ilə bağlı vətəndaşlar tərəfindən daxili işlər və təhlükəsizlik orqanlarına məlumatlar daxil olur.  Ona görə də həmin müddəada məhz bu cür məlumatların verilməsinə şərait yaradan məqam nəzərdə tutulmalıdır".

B.Muradova da öz növbəsində səsləndirilən təkliflərin hər birinin dəyərli olduğunu bildirib və eyni zamanda deyib ki, məsələn, ictimai təhlükəli əməl barədə onsuz da hüquq-mühafizə orqanları özləri məlumat əldə edir və onu araşdıraraq hüquqi tədbirlər seçirlər:
 
"Ona görə də adıçəkilən qanunvericilikdə məsələnin məhz bu formada əksini tapması məqbul sayılıb".

Kamil HƏMZƏOĞLU

 





26.05.2016    çap et  çap et