525.Az

Dillər Universitetində dəyirmi masa


 

Dillər Universitetində dəyirmi masa <b style="color:red"></b>

Mayın 25-də Azərbaycan Dillər Universitetində (ADU) General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında prezidentin 29 sentyabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq universitetin İctimaiyyətlə əlaqələr Departamentinin təşkilatçılığı ilə "Səməd bəy Mehmandarov - mərdlik və şücaət nümunəsi" adlı dəyirmi masa keçirilib.

Universitetdən verilən məlumata görə, dəyirmi masanın əhəmiyyətindən danışan ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev hərb sahəsində ad qoymuş bir çox qəhrəmanlarımızın olduğunu bildirərək, ölkə prezidenti İlham Əliyevin görkəmli şəxsiyyətlərimizin xatirəsinə xüsusi qayğı ilə yanaşaraq onların yubileylərinin qeyd edilməsi məqsədi ilə sərəncamlar imzaladığını diqqətə çatdırıb.

O, tədbirin unikal şəxsiyyət olan general Səməd bəy Mehmandarovun qəhrəmanlıqlarına həsr edildiyini söyləyib. Səməd bəy Mehmandarovun həyat və fəaliyyətinin yaxından öyrənilməsinin, onu tanımağın, xalq, millət, vətən qarşısındakı xidmətlərinə görə generalı uca tutmağın vacibliyindən danışan prorektor iştirakçılara belə qəhrəman həmvətənlərimizi daim xatırlamağı tövsiyə edib.

Azərbaycan hərb tarixini tədqiq edən alim Şəmistan Nəzərli general Səməd bəy Mehmandarovun döyüş qabiliyyətini, şücaətini, hərb sahəsindəki uğurlu siyasətini yüksək qiymətləndirib, vətən qarşısında əvəzolunmaz xidmətlərini sadalayaraq onu unutmağın mümkünsüzlüyündən bəhs edib. O, 53 il hərbi xidmətdə olan və 4 müharibədə iştirak edən generalın harada döyüşməsindən asılı olmayaraq düşmənə aman verməyərək qalib gəldiyini nəzərə çatdırıb. Ş. Nəzərli hərb tarixi ilə bağlı araşdırmalar apararkən rastlaşdığı, eyni zamanda heç yerdə səslənməyən maraqlı və önəmli xatirələrini də iştirakçılarla bölüşüb.

Daha sonra generalın hərbi fəaliyyəti dövründə göstərdiyi şücaət və mərdliklərin nümayiş olunduğu sənədli film izlənilib.

Vəfa MƏMMƏDLİ

 





26.05.2016    çap et  çap et