525.Az

Divarları qapılara çevirək


 

Divarları qapılara çevirək<b style="color:red"></b>

Yeni yazım öz məcrasını "Şəhidlər Xiyabanından aldı. Qəlbimdə kövrək duyğular yaşayırdım. Burda "Vətən" kəlməsi daha müqəddəs səslənir.

Şəhidlər Xiyabanının sükutu da, yanan məşəli də tarixlə nəfəs alır. Yəhudi müdrikləri deyib: "Sükut da danışmağı bacarır". Bu sükut isə danışan tarixdir.

8 may - Şuşanın işğal günüdür. Döyüşdə  qəhrəmanlığı, qeyrəti ilə seçilən Albert Aqarunovun  şəhid olduğu gündür. Dövlətimiz tərəfindən Azərbaycan torpağı uğrunda göstərdiyi fədakarlığa, igidliyə görə  ona Milli Qəhrəman adı verilib. Albert əslən yəhudidir, xain ermənilərdən fərqli olaraq o, doğulduğu, yaşadığı torpağın müdafiəsində canından keçib.

8 may Şəhidlər Xiyabanına  Bakı Dağ Yəhudiləri Dini  İcmasının rəhbəri Milix Yevdayev, şair Simax Şeyda Yuşbayev, politoloq-publisist Reyhan Mirzəzadə, Albert Aqarunovun oxuduğu 154 saylı məktəbin direktoru, şagirdlər, qohumları, "Səbayıl"  tank taborunun komandiri Hacı Əzimov və döyüş yoldaşları ilə birgə yığışmışdıq. Vaxtı ikən  komandiri Albertlə tanış olarkən ona ilk sualı bu olmuşdu: "Qarabaq uğrunda döyüşməyə səni nə vadar edir?" Albert cavab vermişdi: "Mən bu torpağın övladıyam, burada doğulmuşam. Atam, anam və babam bu torpaqda yaşayır. Azərbaycan bizim vətənimizdir". Təsadüfi deyil ki, 2015-ci ildə "Dədə Qorqud" Milli Fondu, Ağsaqqallar Şurasının qərarı və "Azərbaycan dünyası" beynəlxalq jurnalının təşəbbüsü ilə Milli Qəhrəman Albert Aqarunov "Vətən övladı" qızıl ordeninə layiq görülüb. Orden İsraildə qardaşında saxlanılır.

7 aprel 2011-ci il  tarixində  Bakıda keçirilən "Ümumdünya  mədəniyyətlərarası  Dialoq Forumu"nda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından: "...necə edək ki, xalqlar bir-birinə  daha da yaxın olsunlar. Necə edək ki, dünyada dini zəmində qarşıdurma olmasın, xalqlar, sivilizasiyalararası məsələlər  müsbət istiqamətdə inkişaf etsin... Başqa dinin tarixi və dini abidələrinə hörmət ilk növbədə öz dininə olan  hörmətin əlamətidir. Bizim gücümüz milli və dini müxtəlifliyimizdir. Biz Azərbaycanda bunu  belə başa düşürük..."

Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildə Bakı şəhərində Dağ yəhudiləri üçün yeni sinaqoq istifadəyə verilib. O vaxtdan Milix Yevdayev sinaqoqa sədrlik edir. 2011-ci ilin "Roş-a-Şana" bayramından başlayaraq və bu günədək "Sukkot, Simxat-Tora, Xanuka, Purim, Reysax, Şavuot kimi bayramlarda sinaqoqda tədbir iştirakçıları üçün süfrələr açılır.

8 may  Şəhidlər Xiyabanından qayıtdıqdan sonra Milix Yevdayevin qonağıyıq.  Bu neçə saat ərzində Milix müəllimin geniş dünyagörüşü, müdrik fikirləri, hər cümlədən bir Azərbaycan dilində səsləndirdiyi şeirlər bizi heyran etdi.

Heydər Əliyev Fondunun "Azərbaycan Parisin qəlbində" adlı layihəsi çərçivəsində "Dini tolerantlıq: Azərbaycanda birgəyaşayış mədəniyyəti" adlı  Paris konfransında Milix Yevdayev öz çıxışında qeyd edir: "Biz, dağ yəhudiləri özümüzü Azərbaycansız təsəvvür edə bilmirik. Düzdür, bir çox azərbaycanlı yəhudilər başqa ölkələrə köçüblər. Buna baxmayaraq, hər hansı bir yəhudidən soruşsan ki, milliyyətin nədir, öz yaşına baxmayaraq onların hər biri cavab verər ki, azərbaycanlıyam. Azərbaycan bizim vətənimizdir".

Fərəhli haldır ki,  Milix Yevdayev  Azərbaycanda dini tolerantlığın  layiqincə təşkilinə  və dünyada təbliğinə  görə  "Vətən övladı" ordeninə layiq görülüb.

Şəhidlər Xiyabanında, Milix müəllimin otağında tanınmış şair Simax Şeyda ilə görüşümüzün ayrı bir sevinci var idi. Əslində onun haqqında   məqalə deyil, kitablar yazmaq olar. İki xalqımız arasında dostluğa xidmət edən ziyalımızı oxucularımızla daha yaxından tanış etmək lazımdır. O, əsl  Azrəbaycan şairidir. İkinci Dünya müharibəsinə həsr etdiyi "Topçu Həsən" poemasını müharibədə Stalinqrad döyüşlərində qəhrəmanlıqla vuruşan atası Barux Yaqub oğlu Yuşvayevə ithaf edib. Azərbaycan və yəhudi xalqlarının vətənpərvər şairi 80 yaşında da yazıb-yaratmaq həvəsi ilə yaşayır. Onun kimi mehriban, səmimi ziyalılara həmişə mənəvi ehtiyacımız var. Simax müəllim kimi insanlar canlı kitabdır, gənc nəslin  tərbiyəsində canlı nümunədir, bu  şəxsi keyfiyyətlər isə vacib şərtlərdən biridir.

Yazım "Divarları qapılara çevirək" adlanır. Bu təsadüfi deyil. Bu müdrik fikirlər qollarından və ayaqlarından anadangəlmə məhrum olan  Nik Vuçiçə məxsusdur. O, nə siyasətçi, nə də dini liderdir, əli olsaydı belə, silahdan atəş açıb insanların həyatına son qoymazdı. Nik insanlara məhəbbət aşılayır, onunla görüşə milyonlarla insan can atır. Onu köksünə sığmaq istəyənlər çoxdur. Xüsusilə, dünyada müharibələrin tüğyan etdiyi bir zamanda Nik Vuçiç həyatda  üzərinə düşən müqəddəs missiyanı dərk edir. İnsanları sülhə, mərhəmətə və saflığa doğru dəvət edir. Vay o günə ki, qəddar, məkrli əllər insanların ümid qapılarını ermənilər kimi divarlara  çevirə. Azərbaycanın sərhədlərində ermənilər tərəfindən güllə yağmuru səngimək bilmir. Düşmən öz müdafiəsi üçün söz tapmayanda  həmişə silaha  daha çox üstünlük verir. Silah dili isə insanları birləşdirən, həmrəy edən  ünsiyyət vasitəsi deyil. Nəhayət, düşmənin "hördüyü divarları" yarıb ümid qapılarını açmaq, Qarabağı özümüzə, qədim tariximizə qaytarmaq  vaxtı çatıb.

Bir haşiyəyə çıxım. Dünyanın ən məşhur caz ustası Lui Armstronq ömrünün sonuna qədər boynunda Davudun ulduzunu gəzdirib. Bu, onu öz doğması kimi böyüdüb ərsəyə gətirən  yəhudi valideynlərinə göstərdiyi məhəbbət və hörmətdən irəli gəlmişdi. Bu haqda oxuyanda Lui Armstronq təkcə istedadlı müğənni kimi deyil,  ləyaqətli, nəcib şəxsiyyət kimi də nəzərimdə  ucaldı. Onun ən məşhur mahnılarından biri  Musa peyğəmbər haqqındadır.

Şair Simax Şeyda da bəşər övladı kimi düşünür. Şeirlərində günəş doğur, sevinc, həyat eşqi bulaq kimi çağlayır. O, insanları milliyyətindən asılı olmayaraq sevməyi, dəyərləndirməyi bacarır. Doğulub böyüdüyü Azərbaycana olan məhəbbəti isə bitib-tükənmək bilmir. Məhz bu cəhətdən o, ikinci doğma Azərbaycan dilində yazıb yaradır. Vətənimizin  qəhrəmanları  ona doğma və əzizdir. Azərbaycanın bütövlüyünü görmək arzusu yəhudi dostumuzun, azərbaycanlı şairimizin insan kimi bütöv şəxsiyyət olduğunu bir daha sübut edir. 

Təəssüf ki,  siyasət meydanında "dost" düşmənlər və düşmən "dostlar" az görmədik.  Əslində "dost" sözü heç vaxt dırnaqda yazılmır. Bu aforizmi unutmayaq: "Hətta tarixi saatların da öz saatsazları  var". Erməni kimi düşmənimiz olsa da, qəlbi Azərbaycan xalqının qəlbi ilə bir döyünən yəhudi xalqı, yəhudi dostlarımız var. Düşmənlərimiz dostluğa qarşı xəbis niyyətlə qurduğu divarlar arxasında həmişəlik qalacaq. Qədirbilən dostlarımızın isə üzünə məhəbbət qapılarımız həmişə açıqdır. Sokratın sözüdür: "Özünü yox, həqiqəti müdafiə et".

 





26.05.2016    çap et  çap et