525.Az

Nobel Sülh mükafatı alan Obama Hiroşima Sülh Parkını ziyarəti zamanı etiraf edəcəkmi?


 

Nobel Sülh mükafatı alan Obama Hiroşima Sülh Parkını ziyarəti zamanı etiraf edəcəkmi?<b style="color:red"></b>

Yaponiyanın İse-Şima şəhərində "Böyük Yeddilik'' ölkələrinin başçılarının Zirvə Toplantısı keçiriləcək.

Mayın 26-27-də baş tutacaq ikigünlük Toplantıdan sonra ABŞ Prezidenti Barak Obamanın Yaponiyanın Hiroşima şəhərinə səfər edəcəyi planlaşdırılır.

1945-ci ildə ABŞ tərəfindən Hiroşimaya atılan atom bombası faciəsi ilə bağlı 70 ildən artıq bir dövr ərzində susan Amerika Birləşmiş Ştatlarının bu gün dünyada özünü artıq sözdə yox, əməli işində bir sülh carçısı kimi göstərməsi üçün bəlkə də bir şansıdır.

10-11 aprel 2016-cı ildə Yaponiyanın Hiroşima şəhərində baş tutan "Böyük Yeddilik'' ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün ABŞ, Britaniya, Kanada, Almaniya, İtaliya, Fransa və Avropa İttifaqının nümayəndələri Yaponiyada səfərdə olmuşlar.

"Böyük Yeddilik'' ölkələrinin başçılarının Zirvə Toplantısına hazırlıq məqsədilə keçirilmiş bu tədbir çərçivəsində terrorizm və ekstremizimlə mübarizə, kütləvi qırğın silahlarının məhvi və yayılmasının qarşısının alınması, Suriyada davam edən vətəndaş müharibəsi, Şimali Koreya, Yaxın Şərq və Ukraynadakı münaqişə ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

ABŞ Dövlət Katibi Con Kerri səfər çərçivəsində "Böyük Yeddilik'' ölkələrinin xarici işlər nazirləri ilə birlikdə 1945-ci ildə atılmış atom bombası qurbanlarının xatirəsinə ucaldılmış Hiroşima Sülh Parkını ziyarət etmiş və əklil qoymuşdur.

Amerikanın yüksək çinli rəsmiləri tərəfindən ilk olaraq atılan bu addım tarixi hadisə kimi yaddaşlarda qaldı. Amma ABŞ tərəfindən Hiroşima Sülh parkına edilmiş ilk ziyarəti alqışlayan dünya ictimaiyyəti daha artığını gözləyirdi. Çünki dünyaya dərs və tapşırıqlar verən müəllimi xatırladan Amerikadan dünya ictimaiyyəti bəlkə də nümunəvi addım gözləyirdi. Lakin bu baş vermədi.  1945-ci ildə baş verən dəhşətli hadisəyə hansı tarixi donu geydirsə də, nəticədə Amerika Birləşmiş Ştatları yüz minlərlə insanın ölümünə səbəb olmuşdur.

26-27 mayda "Böyük Yeddilik'' ölkələrinin ikigünlük sammitindən sonra ABŞ Prezidenti Barak Obamanın Hiroşimaya edəcəyi səfərlə bağlı keçən həftə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernestə jurnalist tərəfindən verilən sual da məhz bu məramı ortaya qoymuşdur.

Jurnalistin: "Səfərin elan olunması ilə bir anda Ağ Ev sanki Hiroşimanın bombalanması ilə bağlı heç bir halda üzrxahlıq etməyəcəyini də vurğulamaq məqsədini güdür. Daha da təfərrüatlı bilmək istərdim ki, nədən insanların anlaması üçün səfərin bu məramının olmaması bu dərəcədə qabardılır? Faciənin böyüklüyünü və acı nəticələrini nəzərə alsaq üzrxahlıq etməyin nə ziyanı ola bilərdi?” sualına cavabında Coş Ernest ABŞ-la Yaponiya arasında son zamanlar inkişaf edən və genişlənən mövcud ikitərəfli əlaqələrdən söz acmış və bildirmişdir ki: "Bu tarixçilərin nəzərdən keçirdikləri bir məsələdir və tədqiqat üçün olduqca əsaslı mövzudur. Bu səfər vasitəsilə Prezident dünyada nüvə silahlarının mövcud olmaması məqsədinin həyata keçməsi naminə daha da uzaq perspektivli mesaj nümayiş etdirmək istəyir. Eyni zamanda, səfər Yaponiya və ABŞ arasındakı münasibətlərin əhəmiyyətli transformasiyasının vurğulanması üçün də fürsət yaradacaqdır''.

Dünya ictimaiyyətinə məlumdur ki, ABŞ-Yaponiya tərəfdaşlıq münasibətləri haqqında danışmaq üçün ABŞ Prezidentinin Hiroşimaya səfər etməsinə ehtiyac yoxdur. Hətta bir çox dairələrdə də hesab edilir ki, hər hansı bir yenilik elan edilməyəcəyi təqdirdə Prezidentin ora səfəri öz mənasını itirir və səfər olmamalıdır.

1945-ci il avqustun 6-da Hiroşimaya atom bombasının atılması nəticəsində  140 min nəfər insan, 3 gün sonra Naqasaki şəhərinə atılan atomun nəticəsində isə 70 min nəfər insan həlak olmuş və daha 70 min nəfərdən artıq insan isə radiasiyanın müxtəlif dərəcəli, ölümcül təsirlərinə məruz qalmışlar.

70 ildən artıqdır ki, bütün dünya Yaponiya xalqı ilə birlikdə bu dəhşətli faciənin xatirələri ilə yaşayır. Amerika bilməlidir ki, dünyada nüvə silahından istifadə edən və nüvə silahına nəzarəti əlində saxlayan yeganə ölkə olaraq Amerika Birləşmiş Ştatlarının böyük məsuliyyəti var. Prezident Obamanın Hiroşimaya səfərinin simvolik xarakterdə həyata keçirməsi nə Yaponiya xalqına nə də dünyaya gərəkdir. Həm də unutmaq olmaz ki, 2009-cu ildə Obamaya verilən Nobel Sülh Mükafatı da elə onun dünyada nüvə silahının yayılmamasının təşviqi sahəsindəki fəaliyyətinə görə verilmişdir.

Newtimes.az

 





27.05.2016    çap et  çap et